Məscidləri bağlamaqla Suriyaya gedənləri dayandırmaq mümkün olmayacaq

Bu çıxış yolu deyil


Müşviqabad qəsəbə məscidi dini icması özünü buraxması barədə bir müddət əvvəl Dövlət Komitəsinə müraciət etmişdi. Ötən günlərdə isə sözügedən komitədən həmin müraciətə cavab olaraq icmanın ləğvi barədə qərar qəbul edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİÜDK) məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl DQİÜDK tərəfindən adıçəkilən qəsəbə məscidində yoxlamalar aparılıb. Fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanıb. Üstəgəl, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənib.

İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında bildirib ki, məscidin bağlanması barədə göstərilən səbəblər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, bu, olduqca absurd yanaşmadır: "Məscidin icmasına özünü buraxmaqla bağlı ərizə ilə müraciət etməsi üçün böyük ehtimalla təzyiqlər edilib. Bu cür təzyiqlər olmadan heç bir icma belə müraciət etməz. Onsuz da uzun müddət idi ki, Müşviqabad məscidinin bağlanılması yönündə iş gedirdi. Dəfələrlə məscidin qeydiyyata alınması üçün müraciətlər edilmişdi. Əvvəl QMİ şərt qoydu ki, məsciddə şiə icması da olmalıdır. Sonradan isə heç bununla da razılaşmadılar. Məscidin dini icmasını get-gələ saldılar. İndi də bu addımla məscidi bağlamağa qərar verdilər”.

E.Mirinin fikrincə, prosesləri bu həddə gətirib çıxarmaq düzgün deyil: "Azərbaycanda məscidləri nəinki bağlamaq, əksinə, sayını artırmaq lazımdır.

Ölkəmiz məscidlərin tikilməsinə görə, insanlara dini inanclarını yerinə yetirməsinə şərait yaradılmasına görə digər müsəlman ölkələrinə nümunə olmalıdır. Təəssüf ki, bizdə hələ Əbu-Bəkr məscidi yenidən açılmamış, Şəhidlər məscidinin fəaliyyəti bərpa olunmamış, Müşviqabad məscidini də dolayısı ilə bağlayırlar. Bu hal təəssüf doğurur”.

Həmsöhbətimiz vurğulayıb ki, Suriyaya gedənlərin ora yığışdığına görə məscidin bağlanması kökündən yanlış addımdır: "Suriyaya gedənlər heç olmasa buraya yığışırdılar. İndi görüşmələri üçün yer olmayacaq. Gedib Suriyada bir araya gələcəklər. Məscid bağlamaqla Suriyaya axını dayandırmaq mümkün hal deyil. Bu insanlar Təzə Pir məscidinə yığışsalar, oranıdamı bağlayacaqlar? Bu, çıxış yoludurmu? Problem varsa, kökü araşdırılmalıdır. Bunun aradan qaldırılma yolları müəyyənləşməlidir. Məscid bağlamaq Sovetlər dönəmindən qalan tendensiyadır. Bu ənənəyə son qoymaq lazımdır”.

Ayyət Əhməd