Bakının bütün köhnə binaları sökülməlidir

Panel evlər insanların həyatı üçün təhlükə mənbəyidir


Hazırda Bakının qədim məhəllələrindən biri olan "Sovetski” sökülür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı, qəzalı vəziyyətdədir.


Bakıdakı söküntü bumu "Sovetski” ilə paralel olaraq hazırda "Kubinka”, "Papanin”də də həyata keçirilir. Bundan əlavə artıq Bakının regional inkişaf planına əsasən 2030-cu ilə qədər paytaxtda hansı ərazilərin söküləcəyi də məlumdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, söküntü işləri Bakının mərkəzi hissəsində olan azmərtəbəli binalardan başlanılaraq aparılacaq.

Məlumatda bildirilib ki, "Sovetski” adlanan ərazidən başlayaraq, bu işlər Elmlər Akademiyası istiqamətində davam edəcək: "Mərkəz hissəsində olan binalar, aparılan tikinti işləri həmin ərazidə əhalinin rifahını qaldırmaq üçün infrastruktur layihələrinin aparılmasına imkan vermir. Əsasən "Xutor”, "Alatava” deyilən və əvvəldə qeyd edilən ərazilər söküləcək. İkinci böyük istiqamət isə "Ağ şəhər”dən sonra Zığ tərəfə olan istiqamətdir. "Ağ şəhər” deyilən yaşayış ərazisi rekultivasiya olunan ərazilərdə həyata keçirilir. Artıq tikintilər gedir. Həmin istiqamətdə söküntü işləri davam edəcək”. Bəs memarlar necə düşünür? "Sovetsi”, "Papanin”dən sonra daha hansı ərazilər Bakının landşaftını korlayır?

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə hesab edir ki, paytaxtda panel evlər və beşmərtəbə binalar olan bütün ərazilər sökülməlidir: "Həmin məhəllələr şəhərin bütün landşaftını korlayır. Həm də ki, oradakı evlər artıq yaşanmaz haldadır. Şəhərin elə əraziləri var ki, ora baxanda bilirsən ki, ancaq şəhərin kasıb camaatı məskunlaşıb. Çünki bir az imkanı olan heç bir ailə orada qalmağı özünə rəva bilmir, köçüb gedir. Sözügedən ərazilərin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək, ona görə ki, orada bir dənə də olsun baxımlı bina qalmayıb”.

Memar hesab edir ki, sökülən məhəllələrin əvəzində paytaxtın landşaftına uyğun tikililər olmalıdır . Onun sözlərinə görə, memarlıq baxımdan qədimi binaları saxlamaq şərti ilə Bakının bütün köhnə binaları sökülməlidir. Hətta bu proses mikrorayonlarda olan panel evlərin sökülməsi ilə davam etməlidir. Panel evlərin birmənalı şəkildə insanların həyatı üçün təhlükə mənbəyi olduğunu qeyd edən Zemfira xanımın sözlərinə görə, orada yaşayan insan bir çox xəstəliklərə düçar olur: "Sovet dövründə Bakıda inşa olunan yaşayış binalarının böyük əksəriyyəti isə paneldəndir. Halbuki panel evlər insan orqanizmi üçün təhlükə yaradır. Bu cür evlərdə yaşayanların bir çoxu revmatizm, böyrək ağrıları kimi xəstəliklərdən əziyyət çəkir. Digər tərəfdən, qışda panel evlər daş binalarla müqayisədə çox soyuq olur. Həmçinin yay aylarında temperatur yüksəldikcə, istidən orada qalmaq çətinləşir. Həmin binaları söküb yerində daş binalar tikmək lazımdır. Ona görə ki, Bakının havası rütubətlidir. Şəhər dənizin kənarında yerləşdiyi üçün rütubətin səviyyəsi çoxdur, atmosfer təzyiqi yüksəkdir. Yayda elə vaxt olur ki, rütubətdən nəfəs almaq olmur. O üzdən, Bakıda yaşayanların çoxu revmatizmdən, ürək ağrısından şikayət edir. Ona görə də panel binalardan birdəfəlik əl çəkmək lazımdır”.

MMA rəhbərinin sözlərinə görə, vaxtı ilə imkanlı şəxslərin həyətlərində tikilən malikanələr bu gün memari binalar sayılır. Lakin həmin malikanələrin həyətlərində onların qulluqçuları, mehtərləri üçün salınan yardımçı tikililərdə indi ailələr yaşayır. Kimisi otağını böyüdüb, kimisi də artırma əlavə edib. İndi həmin evlərin hamısı sökülməli və urbanizasiya olunmalıdır: "Bakımız günü-gündən gözəlləşir və inkişafa doğru gedir. Yeni binalar bir-birinin dibində tikilsə də, şəhərimizə gözəllik verir. Əgər şəhər müasirləşirsə, mütləq köhnə binalar sökülməlidir. Ancaq dediyim kimi memarlıq binaları qalmaq şərti ilə. Köhnə məhəllələr

söküləndən sonra isə şəhərimiz mikrorayonlar və beşmərtəbə binalardan təmizlənməlidir. Həmin tikililərdə hamamın içindən mətbəxə, ayaqyolundan yataq otağına giriş var. Vaxtı ilə fransız layihəsi üstündə tikilən həmin binalar müasir standartlara uyğun deyil və yararsız tələbatdır”.

Şəymən