750 avtobusda kart sisteminə keçilib

Proses ilin sonuna kimi tam yekunlaşdırılacaq


Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqini genişləndirərək marşrut avtobuslarını əhatə etməyə başlayıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun "Şərq”ə verdiyi məlumata görə, 40-a yaxın marşrutda və 750 avtobusda kart sisteminə keçilib: "Xüsusi qurğular - verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb. Yaxın gələcəkdə isə verifikatorların sayı 1500-ə çatdırılacaq. Sərnişinlərin də kart almağa marağı artır. Bu prepaid-kartlar MasterCard bazasında "Bank of Azerbaijan” tərəfindən hazırlanıb, sərnişinlərin istifadəsinə verilir”.

N.Həsənov onu da bildirib ki, kart sistemi ilkin mərhələdə 10 və 95 saylı marşrutlarda tətbiq olunub və 400000 qədər kart buraxılıb. 1 milyon kart isə sifariş edilib. 1, 5, 6, 9, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69,79, 81, 82, 83, 86, 88, 90, 95 nömrəli avtobuslarda isə kartla gediş-gəliş sistemi bu ilin 29 yanvarından tətbiq edilməyə başlanılıb. Yaxın aylarda daha bir neçə marşrut avtobuslarına da bu sistemə keçidlə əlaqədar verifikatorlar quraşdırılacaq.

Proses davam etdirilir. Bütövlükdə proqram 2013-2014-cü illəri əhatə edir. Güman edirəm ki, 2014-cü ilin sonuna kimi kart sisteminə keçid prosesini yekunlaşdıracağıq.

N.Həsənov gələcəkdə respublika üzrə sərnişin daşıma xidmətinə kart sisteminin tətbiqinin nəzərdə tutulmadığını da söyləyib: "Hələ bu barədə müzakirələr aparılmayıb. Çünki respublika üzrə sərnişin daşımada onlayn bilet satışı həyata keçirilir. Məsələn, avtobus gündə cəmi bir neçə dəfə respublikanın digər şəhər və rayonlarına yola çıxır”.

Qeyd edək ki, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Kartın balansını köşklərdə, eləcə də xüsusi loqotip olan satış nöqtələrində artırmaq mümkündür.

Vüqar Şahinoğlu