Suçiçəyi xəstəliyi necə yoluxur və yoluxma zamanı nə etməli ? - Tövsiyə




"Suçiçəyi xəstəliyinin yay aylarında mövsümlə əlaqədar daha çox yayılma dövrü olur”.

Bunu Sherg.az-a suçiçəyi xəstəliyinin əlamətləri və ondan qorunma qaydalarını izah edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof Şəmsiyyə Namazlı deyib. O bildirib ki, hava-damcı yolu ilə, kontaktla keçən xəstəlikdir:

"Xəstəliyə tutulan şəxslər 21 gün ətraf mühitdən təcrid edilməli, başqaları ilə əlaqədə olmamalıdır. Bunun keçici səbəblərindən biri həmin 21 günlük müddətin klinik təzahürlərinin özünü göstərdiyi dövrdə tibbi qaydalara əməl edilməməsidir. Orta məktəblərdə, bağçalarda, əhalinin sıx olan yerlərində insanlar yoluxur. Əvvəl bədəndə müxtəlif səpkilər yaranır və qaşınma ilə müşayiət olunur. Səpkilərin sönən vaxtında artıq xəstələrə elə gəlir ki, xəstəlik keçib. Lakin bu dövrdə hələ də 21 gün davam edirsə, yoluxma imkanları yüksəkdir.

Həmin dövrdə qaydalara əməl olunmadığı üçün xəstəlik çox geniş yayılır. Hətta böyüklər arasında suçiçəyi keçirməyənlər xəstələrlə kontaktda olduqda yoluxur. Bu, fizioloji, normal xəstəlikdir, hər bir insan keçirməlidir.

Müəyyən vaxtlarda insanların işlədiyi, uşaqların məktəbə getdiyi vaxtlarda xəstəliyə yoluxmaq insanların həyatında iqtisadi və s. geriləmələrə səbəb ola bilər. Buna görə, xəstəlikdən qorunmaq, qidalanma tərzi, xəstələrin təcrid olunması, hansı vasitələrdən istifadə olunması, daxili qəbul olunan dərmanlar, dəriyə çəkilən mazlar diqqətlə yoxlanmalıdır. Həmin 21 gün müddət ərzində tibbi qaydalara əməl olunarsa, xəstəliyin artmasının qarşısını almaq olar”.

Aysel Aslan