Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov "Şərq”ə açıqlamasında bu cür istedadlı uşaqların daim nəzarət altında saxlanmalı olduğunu dedi:
İstedad...
Ruslan hələ altı aylığında bütün hərfləri tanıyırdı6 yaşlı Ruslana Təhsil Nazirliyi sahib çıxmalıdır
Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov "Şərq”ə açıqlamasında bu cür istedadlı uşaqların daim nəzarət altında saxlanmalı olduğunu dedi:
Şahlar Əsgərov: "Tədqiqatlar göstərir ki, son 20 ildə yeni düşüncəyə malik insanlar dünyaya
gəlir. Hətta onlardan istedadları barədə soruşduqda göydən, fəzadan, Allahdan güc aldıqlarını deyirlər”
6 yaşlı azərbaycanlı Ruslan Səfərov Rusiya tamaşaçılarını heyrətə salıb. Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "Qəribə adamlar” ("Udivitelnıye lyudi”) verilişində səhnəyə dəvət edilən Ruslan riyazi bacarıqlarını yüzlərlə tamaşaçı önündə nümayiş etdirib. 6 yaşlı uşaq mürəkkəb riyazi tənliklərə kalkulyator vasitəsilə cavab tapmağa çalışanı şifahi hesablama ilə qabaqlayıb.
Ruslanın səhnəyə gəlişi, davranışları da 6 yaşlı deyil, yetkin insanı xatırladırdı. Ruslan bu fitri istedadı ilə Azərbaycanın da sevimlisinə çevrilib. Hazırda onun "Rossiya 1” teelkanalındakı çıxışı ən çox izlənənlər sırasındadı.
Xəzər TV-nin məlumatına görə, Ruslanın ailəsi Qusar rayonunda yaşayır.
Ailənin yeganə övladı olan Ruslan bu il şəhər 4 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyub.
Ruslan Səfərov AZƏRTAC-ın müxbirinə bildirib ki, böyüyəndə proqramçı olmaq istəyir. O, riyaziyyatla yanaşı, kompüter oyunlarına da maraq göstərir.
"Kalkulyator uşağ”ın atası Fuad Səfərov oğlunun riyaziyyatı yüksək səviyyədə qavramasında gündəlik hazırlıqların daha çox rol oynadığını bildirir. "Bir dəfə jurnalda oxudum ki, uşağın tərbiyəsi və tədrisi ilə iki aylığından məşğul olmaq lazımdır. Biz evdə bütün əşyaların üzərinə onların adlarının baş hərfini yazmışdıq. O, iməklədikcə rast gəldiyi hərfləri yadında saxlayırdı. Ruslan gəzə bilmirdi, amma altı aylığında bütün hərfləri tanıyırdı. İki yaşında ikən yazıb-oxumağı bacaran Ruslan, daha sonra çətin misalların həllinə başlayıb. Onun ən böyük üstünlüyü odur ki, hesablamanı çox sürətlə və dəqiq aparır”.
Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb.
Atası bildirir ki, Ruslanla hər gün cəmi 15-20 dəqiqə məşğul olur. Hazırda 5-6-cı sinif misallarını həll edir: "Biz ona deyirik ki, tək riyaziyyatla iş bitmir. Başqa kitabları da oxumaq lazımdır. Nağıl kitabını götürüb öz otağına gedir. Amma otağa daxil olanda görürük ki, yenə riyaziyyatla məşğuldur”.
Ruslanın qeyri-adi bacarığını videoya çəkərək "YouTube” kanalına yüklədikdən sonra Rusiya telekanalından "Udivitelnıe lyudi” proqramında çıxış etmək üçün təklif gəlib. Proqramda uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.
Valideynləri Ruslanın riyaziyyat təmayüllü məktəbdə təhsil almasını istəyirlər. Amma Qusar şəhərində belə bir təhsil ocağı yoxdur. Bu səbəbdən uyğun təklif olarsa, Ruslanı Bakı şəhərinə göndərmək barədə düşünəcəklər.
Bu günlərdə Rusiya televiziyasında daha bir balaca - 3 yaşlı Mixail Osipov dünya şöhrətli şahmatçı, dünya çempionu Anatoliy Karpovla şahmat lövhəsi qarşısında qabaq-qənşər - kişiyana əyləşib, vaxtilə Karpovun etdiyi gedişləri təkrarlayıb. 3 yaşlı uşağı gələcəyin "Karpov”u, "Korçnoy”u adlandırırlar.
Belə fitri istedada malik uşaqlar tarixin bütün dövrlərində olub. Dünyanın karifeyləri sırasında kiçik yaşlarından musiqiyə, incəsənətə, elmə, astronomiyaya marağı olub sonradan bu sahələr üzrə təkrarsız sənətkarlara, alimlərə çevrilənlər heç də az deyil. Məşhur "Sehirli xalat” filmində pionerin əlindən zara gələn vəzir-vəkilin "bu uşağın böyüyəndə nələr edəcəyini düşünəndə adamın tükləri biz-biz olur...” sözləri lap yerinə düşür. Zarafat bir yana, fitri istedada malik uşaqların böyük yaşlarda eyni bacarıqlara sahib olub-olmayacaqları görəsən nədən asılıdır? Məlumdur ki, gözəl səsi, avazı olan balacalara bir müddət sonra mahnı ifa etməyə icazə verilmir. Uşağın yaş mərhələlərini adlatmağı gözlənilir. Bəs, beyni riyazi hesablamalarla dolu balacalar necə yetişdirilməlidir?
Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov "Şərq”ə açıqlamasında bu cür istedadlı uşaqların daim nəzarət altında saxlanmalı olduğunu dedi:- Belə fitri istedada malik uşaqlar var və onlara "indiqo" deyilir. Belə uşaqlar daim nəzarətdə saxlanılmalı, necə inkişaf etdikləri dəqiq izlənməli, öyrənilməlidir. Fitri istedad anadangəlmə, kökdən, soydangəlmə da ola bilər. Riyazi biliklərə yiyələnmədə də həmçinin anadangəlmə, fitri faktor da rol oynaya bilər, öyrənmə, alışdırma, təlim vasitələri də. Tədqiqatlar göstərir ki, son 20 ildə yeni növ düşüncəyə malik insanlar dünyaya gəlir. Hətta onlardan istedadları barədə soruşduqda göydən, fəzadan, Allahdan güc aldıqlarını deyirlər. 6 yaşlı Ruslan da yəqin belə uşaqlardandı. Bunlar elm üçün çox maraqlı, tədqiqat aparılası sahələrdir. Məsələn, elmi araşdırmalar göstərir ki, İkinci Dünya Müharibəsindən sonrakı illərdə doğulanlar hündürboylu olub. 1980-ci illərdə isə doğulanların boyu kiçilməyə başlayıb. Bu, bəlkə də fəzada baş verən hansısa hadisələrlə bağlıdır. Bu məsələlərlə məşğul olan alimlər var.
İndi əsas məsələ bizim o uşağa sahib çıxmağımızdı. Allah Lütfi-zadəyə qəni-qəni rəhmət eləsin. Azərbaycan dövləti Lütfi-zadəyə sahib çıxdı. Baxmayaraq ki, o, bütün elmi potensialını, enerjisini ABŞ-a sərf etmişdi, yenə də Azərbaycan dövləti Lütfi-zadə kimi dünya şöhrətli alimin məhz doğma Vətənində dəfn edilməsini istədi.
Çünki Lütfi-zadə kimi dahi insanların məzarı bizim torpaqda olduqca, gənclərimiz necə möhkəm özül üzərində dayandıqlarının fərqinə varacaqlar. 6 yaşlı Ruslan balamız da nəzarətsiz qalmamalıdı. Ona Təhsil Nazirliyi sahib çıxmalıdır. Uşağın elmi tərbiyəsi düzgün istiqamətdə aparılmalıdır.
Məlahət Rzayeva