"İmam Hüseyn həyatda olsaydı ona yas saxlayanlarla müharibə edərdi" - Məhərrəmlikdə toy olar

Əkrəm Həsənov: "Məhərrəm ayında heç bir şəriət mətnlərində toy etməyin qadağan, haram, günah olması ilə bağlı heç bir yazılı mətn yoxdur"


Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, Məhərrəm və Səfər Aylarında toy etmək günah, Allahın buyurduğu əmrlərə qarşı çıxmaqdır. Guya ki, bu aylarda kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Sanki digər aylarda izdivac bağlayan cütlüklər arasında problem yaşanmır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov İslam dinində belə bir qadağanın olmadığını deyib. Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir.

Şəriətdə halal və haram terminlərinin olduğunu xatırladan QMİ rəsmisi müstəhəb (bəyənilən əməl) və məkruh (bəyənilməyən əməl) əməllər olduğunu da yada salıb: "İmam üçün kədərlənmək, onun xatirəsini əziz tutmaq ona ehtiramdır. Onun ehtiramı naminə şadlıq mərasimlərinə bir az ara verilir. Yenə də deyirəm ki, bu, şəriətimizdə vacib hökmlərdən deyil".

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İlahiyyatçı - alim Əkrəm Həsənov isə deyib ki,
biz dinimizi, islamı mənbələr əsasında tətdiq edir, yaşayır, yayırıq. 

Şəriət mətnlərində qadağan olunanları tərk edirik, əmr olunanları isə gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. İslam dini mənbələrinə baxdıqda görürük ki, Məhərrəm ayında heç bir şəriət mətnlərində toy etməyin qadağan, haram, günah olması ilə bağlı heç bir yazılı mətn yoxdur. Nə Allah təala bunu Qurani Kərimdə qadağan edib, nə də Allahın peyğəmbəri özü bunu qadağan edib, heç bir Peyğəmbərin sünnəsi, yolu, metodu ilə gedən alimlər də kitablarında, əsərlərində bunu qadağan etməyiblər”.

Məhərrəm ayının islam dininə görə haram ay hesab edildiyini vurğulayan ilahiyyatçının sözlərinə görə, ərəb dilindən tərcümədə bu sözün mənası günahlardan qorunmaqdır. Bu ayda daha çox Allahı zikr etmək, ibadətlər etmək, namaz qılmaq, müəyyən günlərdə, Aşura günündə oruc tutmaq tövsiyə edilib: 

"Bu ay haram ayların içərisində birinci aydır. Allah təala Qurani Kərimdə belə buyurur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin” (ət-Tövbə surəsi 36-cı ayə). Böyük islam alimlərindən biri olan İbn əl-Cövzi (Allah ona rəhmət etsin) buyurur: Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır (ət-Təbsirat 2/6). Bu ay sülh, mehribançılıq, gözəl günlər yaşamaq üçün böyük aydır. Ancaq islam tarixində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn vəhşicəsinə şəhid edilib. Bundan sonra bəzi məzhəblərdə bu ayı matəm ayı kimi qeyd ediblər. Tarix boyu da xalqımız Peyğəmbərin nəvələrinə hörmət əlaməti olaraq bu ayı yanlış olaraq matəm ayı kimi yaşayıblar. Halbuki dinimizdə, şəriətimizdə 3 gündən artıq yas saxlamaq Peyğəmbər tərəfindən qadağan olunub. Çünki, inanclı insan anlayır ki, insan ölməklə yox olmur, axirət həyatına gedir. İnsan ölüb yox olmaq üçün yaradılmayıb. Axirətdə əbədi xoşbəxt olmaq üçün yaradılıb”.

Ə. Həsənov hesab edir ki, əgər İmam Hüseyn özü də həyatda olsaydı ona yas saxlayanlarla müharibə edərdi və bunu mütləq qadağan edərdi:

- Şüurlu insan Cənnət gənclərinin ağası hesab edilən və yerinin Cənnət olduğunu bildiyi bir Peyğəmbər övladı üçün hansı səbəbdən əsrlərlə yas saxlamalıdır. Bəli, biz onu böyük tarixi şəxsiyyət kimi qoruyub saxlamalıyıq, adını uca tutmalıyıq, onun və babası Peyğəmbərin yolu ilə getməliyik. Amma ona yas saxlamaq, ona görə mərsiyə demək, başını yarmaq, övladına zərər yetirmək cəhalətdən başqa bir şey deyil və ağılsızlıqdır. Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) eşidilib ki, deyib: Məhərrəm ayı Allahın ayıdır. O ayın Allahın ayına izafə olunması, yəni Allahın ayı adlandırılması onun şərəfli ay olmasına, üstün ay olmasına, hörmətli ay olmasına dəlildir. Yaratdıqları içərisində Allah təala bu Məhərrəm ayını Özünə xas edibdir, necə ki, Məhəmmədin (səlləllahu aleyhi və səlləm) nəsəbini İbrahimin, İshaqın, Yəqubun və başqa peyğəmbərlərin (əleyhissəlam) nəsəbindən üstün edibdir (Li Taifi-l məarif bi ixtisar, səh. 49)... Sadəcə bu aya hörmət əlaməti olaraq günahlardan çəkinmək lazımdır. Dinimizin qadağan etdiyi haramlardan, spirtli içkilərədn uzaq qalmaq lazımdır, söhbət də bundan gedir ki, bütün bunlardan yalnız bu ayda yox, digər aylarda da ömrün boyu uzaq qalmalısan. Bu baxımdan da müasir dövrümüzdə toylarda çox israfçılıq olur, spirtli içkilər verilir və.s. bu baxımdan xalqımız tarix boyu bu aylara hörmət əlaməti olaraq toy eləmirlər.

Dinimizdə bu ayda toy etməyin rəsmi qadağan olunmadığını bird aha xatırladan ilahiyyatçı deyib ki, şəriətdə Məhərrəm və Səfər aylarında halal dairəsi daxilində toy etməyə icazə verilir: "Bu gün insanlar dini cəhətdən maarifləndikcə anlayırlar ki, Məhərrəm ayında toy eləmək qadağan deyildir. Ancaq gəlin baxaq, biz bu ayda toy edə bilərikmi? Kimsə toy etsə hamı ona pis baxar və bu aya hörmətsizlik etdiyini düşünərlər. Halbuki bu ayda toy etmək barədə dinimizdə qadağan yoxdur. Məhərrəm ayında toy edən cütlüklərin xoşbəxt olmaması barədə deyilənlər və düşünülənlər isə yanlışdır. İslam tarixində bu aylarda böyük Allah dostları ailə qurublar, onlar xoşbxət olublar və gələcək nəsillər üçün əməli saleh insanlar qoyub gediblər”.

Şəymən