“Dolanmaq çətindir, çətin” - “Şərq”in əməkdaşı “qul bazarı”ndan yazır - FOTOLAR






- Aha, mənlikdir, çəkilin!
- Əldən vermə!
- Uşaqsanmı?!

Bu, paytaxtda "3-ün kruqu” kimi tanınan 3-cü mikrorayon dairəsində hər gün avtomobil körpüsünün altına yığışaraq öz "xozeyn”lərini gözləyən iki ustanın onlara tərəf yaxınlaşdığımı görcək başlatdığı kiçik, xəlvəti bir dialoqdur.

Dünən çiskinli bir payız səhərində "qul bazarı” adlanan həmin məkana üz tutdum. Açığı, xeyli müddət idi ki, ora yollanıb həmin sənətkarlardan bir reportaj hazırlamaq istəyirdim. Amma bir gün havanın həddən çox isti olması, bir gün kəskin soyuması, bir gün..., bir gün ... istəyimin qarşısına sanki bir sədd çəkirdi. Və ötən gün nəhayət, "şeytanın qıçını sındırıb” bu səddi aşa bildim.























Hə, qayıdaq dialoqa...

- Müəllim, buyurun, sizə nə ustası lazımdır, nə desəniz bacarıram? - Həmin ustalardan biri (gənc oğlan idi təxminən 25-30 yaş vermək olardı) yaxınlaşıb soruşdu.

- Qardaş, mən "xozeyn” deyiləm, jurnalistəm, reportaj hazırlamağa gəlmişəm, sizin aqibətinizlə bağlı - deyə cavab verdim.

- Əşşi, indiyə qədər buradan bəlkə 100 jurnalist yazı yazıb, guya hansımıza iş veriblər ki? Gəlin, bura başını buraxın... - Mənim cavabımı eşidən orta yaşlı, şalvarının dizləri çirkdən kir bağlayan və papağını gözünün üstünə qədər çəkən orta yaşlı sənətkarlardan biri aralıdan durub replika atır...

- Onun dediklərini qulaqardına vurub, müşahidəmi davam etdirirəm. Cavab versəydim, reportajım alınmazdı bəlkə də... Bu mənada bütün sənətkarları başıma toplayıb, hər birinin dərdini dinləməyə gəldiyimi söylədim. Razılaşdılar. Amma şərt də qoydular ki, burada evli- nişanlı gənclər var. Həm adları şərti verilsin, həm də fotoda üzləri görünməsin. Mən də razılaşdım və başladıq dərdləşməyə...
Mənə ilk yaxınlaşan gənc söhbətə çox meyilli idi. Neyləsin, dərdi, qayğısı o qədər çox idi ki...

- Rayonların birindən gəlmisiz, yoxsa paytaxt sakinisiz?

- Neftçalanın Qoltuq kəndindənəm. Nişanlıyam, 27 yaşım var. Nişanlıma demişəm ki, Bakıda işləməyə gedirəm. Nə bilsin ki, mən "qul bazarı”ndayam. Ona görə adımın çəkilməsini istəmirəm. Neynim, toyum olasıdı, rayonda da heç bir iş yoxdur. Əvvəllər rayonda "çasnı” işlər tapıb, işləyirdik. O da qara gəlsin, çox vaxt pulumuzu ala bilmirdik. Alanda da kəsirdilər, onunla da dolanmaq olmur. Bax, o aparatı görürsənmi? (Soyuqdan qızarmış sağ əlini uzadıb "Preparator” adlanan aparatı göstərir) Onu da götürüb gəlmişəm. O torbanın içərisində də hörgü hörmək üçün "şğul”, suvaq vurmaq üçün "mala”lar və bir də "direl” var. Gəlmişəm, iş gördürmək istəyənlər olanda gedib, işləyirik. Başqa çarəmiz, əlacımız yoxdur. Aldığımız pulun bir hissəsini kirayəyə, bir hissəsi yeməyə, çox az hissəsi qalır ki, onu da rayona - evə göndərirəm, toyuma hazırlaşsınlar. Çox vaxt naharı elə buradaca 2 "peroşki” ilə yola veririk. Bax, oradan (yenə əlini cibindən çıxarıb körpüyə yaxın, dayanacaqda "peroşki” bişirilən obyektə uzadır) qaynar-qaynar "peroşki” alıb yeyirik. Günümüz belə keçir. Bir də görürsən ki, günə 50 manat qazanırıq, elə gün də olur ki, heç qazana bilmirik. Onda da qazanc mayanı basır. "Ubitka”da qalırıq.






















- İş üçün tikinti şirkətlərinə müraciət etmisizmi?

- Allah sizi saxlasın, əminamanlıqdan dəm vurursuz. İndi şirkət var? Əksəriyyət "moşşenik”di. İşlədirlər, pul vermirlər. Ya da elə pul verir ki, əziyyətinə dəymir. Gündə 14 saat işlədib, 15 manat verir. Az qala hər saatına bir manat. O da canımız gedir. Aldığımızı da iynə-dərmana xərcləyirik. Əlbəttə, yaxşı şirkət olsa, hər kəs istəyər ki, işləsin, amma yoxdur. Şəxsən mən neçəsinə müraciət etmişəm, şərtləri qane etməyib. Həm onu da deyim ki, hazırda fəhlə işləmək üçün də "day-day” lazımdır...

- Bu əsnada kənardan böyük ölçülü qaz balonunun yanında dayanan yaşlı bir kişi dillənir:

"Day-daysız” hansısa şirkətə gedirsən, adamın heç salamını götürmürlər, nəinki işə götürmək.
- Dayının odlu-alovlu çıxışını görüb ona yaxınlaşırıq:

- Dayı, sözlü adama oxşayırsız, elə bil ürəyiniz doludur?

- Ürəyim niyə dolu olmasın, bala. Mənim 62 yaşım var. İndi işləyən deyil, evdə oturub nəvələrimi oynadıb, çaydan içib, ayağımı uzadıb dincələn vaxtımdı. Amma gəlib bu soyuqda adam gözləyirəm ki, kimsə gəlib məni aparıb, damını qırladıb 5-10 manat versin. O da versə... Hökumət də elə pensiya verir ki, verməsə yaxşıdır. Bu pensiya ilə nəinki yaxşı dolanmaq, heç sürünmək olmur. Yaşlı, təzyiqli adamam. Aldığım pensiya heç dəva-dərmanıma yetmir. Əlacsızlıqdan çıxıb, burada iş axtarırıq. Baxın, ayağımın biri tutub, dizimdə "revmotizma” var. Amma neynim, yoldaşım xəstələnmişdi, həkimə aparmaq, dava-dərman almaq üçün xeyli pul lazım idi. Kredit götürüb aldım, indi də qaytarmaq lazımdır. Oğlum sağ olsun, köməklik edir, amma ona da yazığım gəlir, 3 övladı məktəbə gedir. Pul çatdıra bilmir. Ona görə bura çıxıram ki, görüm özüm neynirəm. Yaşamaq çətindir bala. Çox çətindir ! - Dayı gözlərini yerə dikib alt protez dişləri ilə üst dodağını sıxır.



- Allah köməyiniz olsun deyib, dayını bax beləcə - naəlac buraxıb növbəti gənc müsahibimizə yaxınlaşırıq. Öncə danışmaqdan imtina edən bu gənc daha sonra adının çəkilməməsi şərti ilə razılıq verir.

- Qardaş, deyin dərdinizi, dinləməyə gəlmişik...

- Ehh dərd, birdi, ikidi, hansını deyim? O qədər dərd var ki... Saymaqla bitməz. Sizi öz dərd-qayğımla kədərləndirmək, yükləmək istəmirəm. Onlar sənə nə deyib, mən də elə onlar gündəyəm. Biləsuvardanam, ailəliyəm, 24 yaşım bu yaxınlarda tamam olacaq.

- Hansı işləri bacarırsan?

- Kafel, metlax ustasıyam. Hamam, tualet də montaj edirəm. Bir hamama girim, bütün işləri görüb təhvil verim. Sənətim yaxşı sənətdir, amma davamlı iş tapa bilmirəm. Əvvəllər yaxşı işləyirdik. Sonra tikinti dayandı, iş gördürmək istəyənlərin sayı azaldı. Düzdü, burada çox qalmaq istəmirəm. Mən adətən bura iş arası çıxıram. Yəni hansısa bir iş tapıram, onu işləyib başa çatdırıram, növbəti işi tapmaq üçün bəzən arada 3-4 gün boş qalıram. Onda da bura çıxıram. Hər gün evə çörək aparmaq lazımdır. Allah xalqımıza versin, çətin də olsa, dolanırıq. Şükür ki, ailəmizə çörək apara bilirik. Amma görürsünüz də, çox çətindir. Camaat bu yağışda isti evində, biz isə düzlərdə iş gördürən axtarırıq, bu küləkli, yağışlı havada. Evdə balaca bir oğlum var. İstəmirəm, övadım elə 2 yaşındaca yoxsulluğun travmasını yaşasın. Onu qorxaq, gözü qıpıq böyütmək istəmirəm. Çalışıram ki, mənim də balam hər kəsin balası kimi yaxşı qidalansın, yaxşı geyinsin. Axı, o uşaqdır, yoxu anlamır, qanmır. Görürsənmi, sən "bolonka” kurtka geymisən, mən hələ də nazik kurtkadayam (Göz vurub gülür).



Qardaş, bunu 3 il əvvəl almışam, narahat olma, mən də siz dərdliyəm. Danışsam, səni ağlamaq tutar - Replikasını zarafata salıram.

- Söhbətin bu yerində kənardan bir gənc yaxınlaşıb, müsahibimdən siqaret istəyir:

O zəhrimardan birini ver də...

- Gələ - deyib çıxarıb birini verir.

- Bu, mənim fəhləmdir. İş gördürən olanda fəhlə lazım olur. Mən ustayam, o da fəhləm. Onu da özümlə aparıram, işləyirik. O da qazanır, mən də...


























Fürsəti fövtə verməyib həmin gəncin də fikirlərini öyrənirik...

- Dolanma çıxırmı, qardaş?

- Olur da, şükür. 5-10 manat qazanırıq.

- Hansı rayondan gəlmisiz?

- Ağsudanam. İl yarımdır ki, hərbi xidməti bitirmişəm. Bakıya dostlarımla işləməyə gəlmişdik. Gəldik işlədik, sonra işimiz dayandı. Dostlarım çıxıb rayona getdilər, mən qaldım burda. Sonra bir tanış adam məni bura yönləndirdi. Mən də gəldim. Heç bir ustalıq qabiliyyətim yoxdur. Hələlik fəhləyəm, amma çalışıram ki, nəysə öyrənim. İndi az-az öyrənirəm, sənətin sirlərini (gülür). Onsuz da buradakı ustaların əksəriyyəti mənim kimi öyrənənlərdir. Mən də öyrənəcəm ustalığı. Məktəbdə müəllim oxu deyəndə, oxumadım. İndi iki əlimdi, bir də başım, amma gecdi. Ailəni dolandırmaq lazımdır. Atam əvvəllər işləyirdi. İndi səhhəti bir az yaxşı deyil. Məndən böyük qardaşım var. O, rayonda çalışır. Mən də əsgərlikdən sonra rayonda xeyli müddət iş axtardım, tapmayanda dostlarıma qoşulub Bakıya gəldim. İndi də burada gündəlik işə çıxıram. Şükür, dolanırıq ,5-10 manat qazanc olur, onu da 10 gündən bir yığıb rayona göndərirəm. Sağ olsun xalqımız, bizim xalq çörək verən xalqdır. Evində işlədir, pulumuzu, yeməyimizi, siqaretimizi verir. Bir də görürsən ki, evində oğlunun paltarları olur, onu da verir, geyinirik. Təzə paltarlardır. Dostların çoxu deyir ki, küçədə niyə durursan, cavan oğlansan. Mən də cavab verirəm ki, oğurluq etmirəm, narkotik satmıram, halal zəhmətimlə dolanıram. Atam mənə həmişə bir söz deyir: "Heç vaxt haram yemə!” Mən də heç zaman haram yeməmişəm, yeməyəcəm də... Hələlik buralardayam, alınsa, Rusiyaya işləməyə getmək istəyirəm. Orada dostlar var, danışıram, gəl deyirlər. Evdən buraxmırlar, amma getmək istəyirəm. Yəqin ki, yazda, yada gedəcəm. Buradan ancaq ki, dolanma pulu çıxır. Başqa heç bir iş görmək olmur, yastığın altına əlavə pul qoya bilmirsən də (gülür)...

























- Allah köməyiniz olsun, arzunuza çatasınız deyib, lap kənarda ara-sıra oğrun-oğrun, gözucu bizə təzim edən, baxışları ilə sanki "gəl mənim də münasibətimi öyrən” demək istəyən hündürboylu, qarabuğdayı bir dayıya yaxınlaşıram:

- Haradan gəlmisiz, hansı sənəti bacarırsız?

- Bacıoğlu, Şamaxıdanam. 45 yaşım var. 2 övlad atasıyam. "20 Yanvar”da kirayədə qalıram, 300 manata. Otaq "remont” edirəm, döşəmə, tavan, suvaq, malyar və s. işləri bacarıram.


























- Bəs buradan kirayə, dolanma pulu çıxırmı?

- Allah xalqımıza versin, bacıoğlu, çıxardıram. Təmiz adam hər yerdən çörək çıxardır. Düzdür, bizim pul qazanmağımız daşdan qamqalaq qoparmaq kimi bir şeydir, amma neyləmək olar? İşləyirik. Bu işdə əsas olan təmizlik, dürüstlükdür. İşlədiyin yerdə gərək təmiz olasan, oğurluq etməyəsən. İnanın ki, burada eləsi var ki, getdiyi evdən oğurluq edib qaçıb. O da bizim adımıza ləkədir. Məsələn, bu Qurban bayramında "JEEP”dən bir şəxs düşüb, hamıya qurban tikəsi paylayırdı. Buradakılardan biri onun başı qarışanda maşını yarıb iki telefon oğurlamışdı. Bax, belələri də olur. Bu da bizim adımıza ləkədir və utanc gətirir. Doğrudur, əksəriyyətimiz çörəyə çıxmışıq, amma eləsi var ki, əməlli-başlı dələduzdur. Gedib işləyir, qazanır, sonra aparıb həmin pula "ağ” alıb iyləyir, nəşə alır, iynə vurur. Belələri də var. Hərənin bir cür ağlı var. Amma bütün hallarda deyim ki, burada çox yaxşı sənətkarlar var.



























- Bura "Qul bazarı” adlanır, amma bu ad mənim heç xoşuma gəlmir. Bura niyə "Sənətkarlar bazarı” deyil, "qul bazarı” deyirlər?

- Görünür, o vaxt kimsə əsəbindən bura "qul bazarı” deyib. Əslində mənim də xoşuma gəlmir. Amma neyləyək? Kimsə mənə deyəndə ki, "qul bazarı”namı çıxırsan, onun cavabını verirəm.

- Məsələn, nə cavab verirsiz?

- Deyirəm ki, a kişi, mən orada gedib alnımın təri ilə pul qazanıram. Burada ayıb nə nə var ki? Ayıb odur ki, kimdənsə pul dilənəsən, gedib narkotik, silah satasan, qadın alveri ilə məşğul olub pul qazanasan. Bax, ayıb budur. Başa salıram ki, mən niyə utanmalıyam?! Əlimin zəhməti ilə halal çörəyimi qazanıram. Dostumla bir yana çıxanda, ailəmin, uşağımın yanında pərt olmuram. İşləyib halal çörəyimizi qazanırıq. Amma bəzən elə mərdimazarlar çıxır ki, 10-15 gün işlədir, sonra da pulumuzu kəsir. Bu işin ən pis tərəfi bircə budur. Amma qalan hallarda şükür ki, ailəmi də dolandıram, 5-10 manat da artırıram. Əsas odur ki, halal olasan. Çünki bir evdə işləyib, hallalıq alanda o da gedib səni qonşusuna, qohumuna tərifləyir. Əlaqə nömrəsi götürürlər və sonradan zəng edirlər ki, filan yerdə işləmisən, əl işini bəyənmişik, gəl bizim də evi işlə. Gedirəm orada da işləyirəm. Çalışan adam pul qazanır. Amma qazandığım pulun da qədrini bilirəm. Zamanında o qədər cavanlıq etmişəm ki... İndi həmin dostlardan biri də qalmayıb.


- Heç olubmu ki, kimsə üstünüzü unlu görüb sizi dəyirmançı saysın?

- Əlbəttə, olub. Elələrinə mən yazıq kimi baxıram. Belələri anlamır ki, insan maddi deyil, əxlaqi və mənəvi cəhətdən kasıb olmasın. Amma deyim ki, kimin ki evində işləmişəm, hamısı başıma and içir və mənə çox hörmət qoyublar. Bu hörməti insanın özü qazanmalıdır. Bu da təmizlikdən irəli gəlir. İnsan gərək təmiz olsun, təmiz çörək yesin. Təmiz, halal çörək yemək başqa məsələdir, bacıoğlu. Bunu hər kişi bacarmır ha. Dayı, sənə qızıl xırdalayır.
























- Bu əsnada "Vaz 21 015” markalı avtomaşın dayanır və ustalardan bir neçəsi onun tərəfə qaçır.

- Bax, onlara 100 dəfə demişəm ki, siz onların üstünə qaçıb, özünüzü alçaltmayın. Qoy, o sizin üstünüzə gəlsin. Çünki usta axtaran odur. Qoy, o, gəlib yaxınlaşsın, siz niyə qaçırsız? Deməyimin faydası yoxdur, yenə qaçırlar, amma əksər vaxt "xozeyn”lər gəlib onları seçmir. Çünki baxır ki, üz-gözlərindən həyasızlıq yağır. Kənarda sakitcə dayanıram, baxırlar ki, sakit adamam, yaxınlaşırlar danışırıq. İşlədiyim evlərin telefonda şəkilləri var, əl işimi görüb bəyənirlər, gedirik. Düzdü, əvvəlki illərlə müqayisədə indi iş bir az azdır, amma buna da şükür. Əvvəllər, saat 10-dən sonra burada bir usta da tapmaq olmurdu. İndi saat 12-dir, gözləyirik. Yəqin gələcəklər. Həyatda bircə səhvim olub, bacıoğlu.

- O nə səhvdi elə?
















































Oxumadım. Təəssüflənirəm, çox təəssüflənirəm. Halbuki indi bəlkə də hansısa vəzifədə idim.

- İndi övladınızı oxudursuzmu?

- Bəli, oğluma da, qızıma da demişəm ki, yeməyəcəm, sizə yedizdirəcəm, geyməyəcəm, sizə geyindirəcəm, bircə siz oxumağınızdan qalmayın. Onlar da oxuyurlar. Anaları da ciddi məşğul olur, müəllimləri çox razıdır.

- Bu məqamda bir "xozeyn” yaxınlaşıb, söhbətimizi yarımçıq dayandırır: Rövşən usta sizsiz?

- Bəli.

- Dayının işinə müdaxilə etməyim deyə çəkilib kənarda durdum. Qiymət danışırdılar. 1-2 dəqiqəlik sakitcə, fısıltılı səslə müzakirədən sonra dayı mənə "hələlik bacıoğlu” deyib əl yellədi və "xozeyn”in yanına düşüb yola düzəldi. Artıq dayı bu günlük işini tapdı. Biz də fotolarımızı çəkib oradan ayrıldıq.

Hazırladı: Ayyət ƏHMƏD