Narkotik tərkibli həblər reseptsiz satılmamalıdır

Asılılıq yaradan bu ağrıkəsicilərin orqanizmə ciddi təsirləri mövcuddur





Bakının bir çox apteklərində qanunsuz narkotik həblərin satılması məsələsi yenidən gündəmə gəlib. Zaman-zaman mediada bu problemin qabardılmasına baxmayaraq real mənzərə heç nəyin dəyişmədiyindən xəbər verir. "Tramadol” və ya "Tramal” kimi narkotik tərkibli həbləri həkim resepti olmadan satan apteklər açıq-aşkar gəncləri zəhərləyirlər.

"Asılılıq yaradan narkotik vasitə hesab olunan "Tramadol” Ukrayna və Belarusda qadağan edilib. Buna səbəb isə onun psixotrop dərman olmasıdır. Azərbaycanda isə "Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Preparatdan ancaq güclü ağrısı olanlar istifadə edə bilərlər. Mütəxəssislərin dediyinə görə, asılılıq yaratmaqdan əlavə "Tramadol” tərkibli həblər eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. Onu da deyək ki, "Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. Həmçinin, dərman uzun müddət istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar yaradır.

Narkoloji Dispanserin həkimi Yaşar Bədəllinin sözlərinə görə, "Tramadol” psixotrop maddələr siyahısından çıxarılsa da, bu dərman hər bir halda reseptlə satılmalıdır. Həkimin sözlərinə görə, yüksək ağrıkəsici effektinə malik olan bu həbləri onlar xəstəxanalarında qeydiyyatda olan xəstələrə yazırlar: 

"Ancaq mən bu dərmanı kimin necə - reseptli və ya reseptsiz satması barədə bir söz deyə bilmərəm. Hər bir halda bütün dərmanlar reseptlə satılmalıdır” (AzNews.az).

Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, "Tramadol” preparatların açıq şəkildə satışı neqativ nəticələrə səbəb ola bilər. Çünki asılılıq yaradan bu ağrıkəsicilərin orqanizmə ciddi təsirləri mövcuddur.

Onun sözlərinə görə, xarici dövlətlərdən bir çoxunda - Almaniyada, Böyük Britaniyada ağrıkəsicilər (qeyri-esteroid ağrıkəsicilər) marketlərdə satılır: 

"Amma qalan bütün dərmanlar həkim "resept”i ilə apteklərdə satılır. Söhbət təkcə uyuşduruculardan getmir. Elə qan təzyiqini qaldıran, endirən bu tip dərmanlar da yalnız həkim resepti ilə buraxılmalıdır. Sərbəst gedib kiminsə sözü ilə alıb istifadə etmək düzgün deyil. O ki qaldı psixotrop maddələrə, narkotik maddələrə, onlar tibdə istifadə olunur. Sadəcə olaraq, onların narkomanlar tərəfindən istifadə olunması üçün uçotda, qeydiyyatda olmalıdırlar. Yəni həkim resepti qeydiyyata alınır və həmin ampula geri qaytarılır. Hazırda narkotik analgetiklərdən istifadə edən yoxdur. 

Elə narkotik vasitələr var ki, onlar unudulub gedib. Lakin həkim resepti əsasında, nəzarət altında onlardan istifadə mümkündür. O ki qaldı "Tramadol”a, həkim resepti əsasında apteklərdə o dərmanın buraxılışı mümkündür. "Contramal” da "Tramadol” kimi eyni tərkibə malikdir”.

Şəymən