Hər kim ki xəstələnir, günah onun özündədir - Həkimə vaxtında gedin !

Şəmsiyyə Namazlı:"“Dializ xəstəliyinin xroniki hal almasında günah xəstənin özündə olur. Çünki əksərən xəstələr həkimə gec müraciət edirlər"
"Dializ xəstəliyi uzun xroniki prosesdir. Böyrək çatışmazlığı bir günün, bir ayın və ya bir ilin içərisində yaranmır”.
Bunu "Sherg.az”a son illər dializ xəstələrinin sayının artmasının səbəblərini izah edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı deyib. 
O bildirib ki, böyrəyin özündə yaranan xroniki narahatlıq və ya digər xəstəliklər böyrək çatışmazlığına gətirib çıxara bilir:
"Dializ xəstəliyinin xroniki hal almasında günah xəstənin özündə olur. Çünki əksərən xəstələr həkimə gec müraciət edirlər. Çox zaman təcrübələrimizdə müşahidə edirik ki, hansısa xəstəliyi müalicə etmək onun qarşısını almaq üçün profilaktik tədbirlər görməkdən daha çətindir. Təəssüf ki, milli psixologiyamızda stereotiplər formalaşıb, hansısa narahatlıq, simptomlar özünü büruzə versə, həkimə müraciət etmirlər. 
Yaxud müraciət etdikdə, dəyişiklik yaranıbsa, problemin tamamilə həll olunduğunu düşünürlər. Lakin böyrək çatışmazlığında ağrı o zaman olur ki, orqanın özündə xəstəlik xroniki hal alıb, böyrəyin funksiyası pozulub. Belə vəziyyətdən sonra müraciət etmək artıq öz əhəmiyyətini itirmiş olur.
Böyrək cüt orqan olduğu üçün birində problem yaranırsa, digər böyrək funksiyanı üzərinə götürür. Bu zaman vəziyyət tam neytrallaşır. Nəticədə xəstə daxili orqanında yaranan dəyişikliyi gec hiss edir.
Birmənalı olaraq, bu xəstəlikdən qorunmaq məsuliyyəti xəstələrin öz üzərinə düşür. Hətta uşaq yaşlarında dializ xəstəliyinin yarandığı insanlar var. Uşağın qidalanması, soyuq havalarda qorunması, xüsusilə yeni yeriməyə başladıqda, iməklədikdə diqqət edilməsi, infeksiyalardan qorunması çox vacibdir. Lakin anadangəlmə problemlər də ola bilər, bu, istisna deyil.
Dializin təsdiq olunmasından sonra Səhiyyə Nazirliyinə, digər təşkilatlara müraciət edilir və müvəqqəti olaraq yaxşılaşma baş verir. Bu tədbirlər sadəcə xəstənin ömrünü bir müddət uzadır”.
Qeyd edək ki, hazırda respublikanın 38 dializ mərkəzində 3356 xəstə hemodializ müalicəsinə cəlb olunub. Müalicəyə cəlb olunan ən kiçik xəstənin 9, ən yaşlı xəstənin isə 82 yaşı var.
Aysel Aslan