Vasitəçiyə ehtiyac yoxdur

XİN Almaniyada yaşanan insidentə aydınlıq gətirdi



Almaniyada yaşayan ictimai fəal Akif Məmmədov Aktual.az-a bildirib ki, sənəd problemi olan Qəndəliyevlər ailəsinə kömək məqsədilə onlarla birgə konsulluğa gəlib və konsul Ziya Fətəliyev onu dəllal adlandıraraq polisə şikayət edib: "Mən Qəndəliyevlər ailəsi ilə birgə Berlindəki konsulluğa gəldim. Sənəd problemləri olduğu üçün bu xəstə ailəyə yardım etmək istədim, dəstək oldum. Konsul mənə dedi ki, sən niyə bunları bura gətirmisən?

Azərbaycanlı olaraq xəstə ailəyə insan kimi yardım etdiyimi bildirdikdə, məni dəllal adlandırdı. Dözə bilmədim, dedim, sənin qanında erməni qanı var, səni təyin ediblər ki, burada həmyerlilərimizə dəstək olasan, axı o bizim azərbaycanlımızdır, xəstədirlər. Bundan sonra polis çağırdı və bildirdi ki, Qəndəliyevlər ailəsini də, məni də məhkəməyə verəcək”.

Akif Məmmədov qeyd edib ki, həmin ailə onunla birgə Xocalı faciəsi ilə bağlı keçirdiyi təbliğat yürüşlərində iştirak edib.

Məlumat üçün bildirək ki, Akif Məmmədov ötən il müxalifətin Bakıda keçirdiyi aksiyalar zamanı gündəmə gəlmişdi, o, özünü "Prostoy vətəndaş” kimi təqdim edərək aksiyaya çıxanları ittiham etmişdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Şərq”ə məsələnin təmsil olunduğu dövlət qurumu tərəfindən araşdırıldığını deyib: "Ölkə rəhbərliyi tərəfindən qoyulan və

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin birbaşa vəzifəsi Azərbaycan vətəndaşlarına, lazımi konsulluq yardımı etməkdir. Və elə bu səpkidə Qəndəliyevlər ailəsi ölkəmizin Almaniyadakı səfirliyinə müraciət edərək sənədlərinin dəyişdirilməsini, yeni pasport əldə etmək istəyi ilə bağlı müraciət ediblər.

Təbii ki, onlarda heç bir sənəd olmadığı üçün müvafiq sənədlərin doldurulması xahiş olunub. Qəndəliyevlər ailəsi də bir vətəndaş kimi bütün lazımi sənədləri əldə etdilər və doldurdular. Sonuncu sənəd isə polisdən alınmalı idi. Çünki xaricdə yaşayan Azərbaycan vətəndaşı pasportunu itiribsə, mütləq polisdən bununla bağlı arayış almalıdır. Adıçəkilən ailədən də sənədin verilməsi üçün həmin arayış istənilib. Bu, normal prosedur qaydalarıdır. Sözügedən ailə növbəti dəfə səfirliyə gələn zaman Akif Məmmədov adlı bir şəxs müraciət edib. Akif Məmmədova "siz bu şəxsləri müşayət edirsiniz?” soruşulanda qeyd olunan şəxs təəssüflər olsun ki, konsulun otağında səfirlikdə mövcud olan digər əcnəbilərin qarşısında Azərbaycan diplomatını təhqiramiz ifadələr işlədərək, təhqir edib. Bizim də konsulumuz heç bir reaksiya vermədən polisə müraciət edib. Məsələnin hüquqi müstəvidə həllinə çalışıb”.

E.Abudllayev əlavə edərək bildirib ki, Azərbaycan konsuluna hər bir Azərbaycan vətəndaşı fərdi şəkildə müraciət edir: "Ailənin kimlərinsə tərəfindən müşayiət olunmasına və müdafiə olunmasına ehtiyac yoxdur. Hər bir şəxsin Azərbaycanın diplomatik nümayəndəliyinə müraciət etmək hüququ var. Həmin şəxs də nümayəndəliyimizə müraciət etdi və bütün məsələləri həll olundu. Biz hər bir vətəndaşa bu xidməti göstəririk”.

Vüqar Şahinoğlu