Qarabağ münaqişəsinə ögey münasibətə son qoyulmalıdır

Prezident nitqində Azərbaycanın mövqeyini açıq, konkret birmənalı şəkildə vurğuladı



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı bir çox məsələlərlə yanaşı, Azərbaycanın xarici siyasəti, regional və qlobal məsələlərinə də toxunaraq bir sıra önəmli açıqlamalar verib. Prezidentin açıqlamaları gündəmdə olan bir sıra beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyi, gələcək strateji planları və perspektivlərinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident çıxışı zamanı bildirdi ki, "bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir”. Azərbaycanın açıq mövqe nümayiş etdirməsinə şərait yaradan əsas amil Rusiyadan nə iqtisadi, nə də digər sahələrdə asılılığının olmaması ilə bağlıdır. Prezident bu məqama da toxunaraq qeyd edib ki, "bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir”. Prezident vurğulayıb ki, beynəlxalq aləmdə sərgilənən qətiyyətli mövqe Azərbaycana böyük rəğbət yaradır: "Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında formalaşan bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaq”. Qonşuluğumuzda olan və imperialist ambisiyalı şəxslər tərəfindən idarə olunan Rusiyanın təzyiqləri ilə üzləşəcəyini bilə-bilə Azərbaycanın belə addım atması ölkəmizin hər bir vəziyyətdə beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirməklə yanaşı, Qərb-Rusiya qarşıdurmasında Qərbin yanında olduğunu da göstərir. Belə mövqe imkan verir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda anoloji qətnamələrin qəbulunu tələb etsin. Eyni zamanda, Ermənistana qarşı daha sərt təzyiq vasitələrinin tətbiq olunmasına nail olsun. Prezidentin söylədikləri də bunu deməyə əsas yaradır: "Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Nə üçün qondarma Dağlıq Qarabağ respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Niyə onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə, biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma Dağlıq Qarabağ respublikasının "rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar”.

Millət vəkili, professor Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin çıxışı həm ölkədaxili, həm də regional və beynəlxalq məsələlərə yaxınlaşmaq baxımından prinsipial əhəmiyyət kəsb edir: "Prezident dünyada olan ikili standartları kəskin tənqid edərək Ermənistanın təcavüzkarlığına düzgün qiymət verilməsinin vacibliyini vurğuladı. İ.Əliyev Azərbaycanın mövqeyini açıq, konkret və birmənalı olaraq bildirdi. Bu mövqe beynəlxalq hüquq normalarından doğan prinsipə və ədalətə əsaslanır. Azərbaycanın xarici siyasətində riayət olunan konkret prinsiplər var. Həmin prinsiplər Azərbaycanı nüfuzlu dövlətə çevirib. Prezidentin iclasdakı nitqi bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində tamamilə müstəqil dövlətdir və yalnız öz maraqlarına, beynəlxalq hüquqa və ədalətə əsaslanır”.

Millət vəkili Aydın Mirzəzadə də qeyd edib ki, Prezidentin çıxışındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ çox ciddi əhəmiyyət daşıyır: "Bu gün Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi həm problemin həllində yeganə həll variantı və həm də stabillik faktorudur. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qonşu dövlətin ərazisinin bir hissəsini işğal edərək azad etməkdən imtina edib. Azərbaycan tərəfi ötən müddət ərzində öz daxili resursları hesabına həm iqtisadiyyatını gücləndirib, həm xarici istiqamətini düzgün istiqamətdə qurub. Eyni zamanda daimi olaraq Dağlıq Qarabağ məsələsində problemin həllinin ancaq işğalçıların Azərbaycan ərazisindən çıxması faktoru kimi dəyərləndirib. Ermənistana qarşı verilən bu bəyanatda cənab İ.Əliyev bir daha qəti şəkildə düşmən tərəfinin torpaqlarımızdan çıxması üçün Azərbaycanın bütün gücü ilə səy göstərəcəyini bildirib. Çox təəssüf ki, Ermənistana qarşı beynəlxalq aləmdə ikili standartlar yeridilir. Bir sıra hallarda müəyyən dövlətlər bu məsələlərə görə qınanır. Bu məsələdə isə Azərbaycan və Ermənistan "tərəzinin bir gözünə” qoyulur. ATƏT-in Minsk Qrupunun həmsədrləri diplomatik bəyanat verməkdən başqa yeni bir addım atmırlar. Azərbaycan da bu məsələdə özünün hüquqlarını və suverenliyini qoruduğunu bir daha bəyan edir. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı, Ermənistana çox ciddi mesajdır”.

YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da vurğulayıb ki, prezidentin çıxışında beynəlxalq vəziyyət, indiki şəraitdə Azərbaycanın yürütdüyü siyasət, xüsusilə də Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu haqlı mövqe öz əksini tapıb: "Beynəlxalq təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi və bu məsələdə ikili standartlara yol verməsi yanlışdır. İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq etmək olardı. Lakin biz görürük ki, Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımda iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvət alır, onlara viza verilir. Əgər bu gün Rusiyanın iş adamlarına sanksiyalar tətbiq olunursa, bu cür sanksiyalar Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə də tətbiq olunmalıdır. Çünki Ermənistan keçmiş SSRİ ölkələri arasında ilk işğalçı hərəkətlərə yol verən ölkədir. SSRİ məkanında işğala rəvac verən ən birinci ölkə Ermənistan olub. Onların bu mövqeyinə hələ də göz yumulduğu üçün MDB məkanında ərazi iddiaları indi də qalır. İndi Qərb diplomatları Krımla bağlı beynəlxalq təşkilatlarda müzakirələr zamanı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını yada salaraq Ukraynada baş verən hadisələrin başlanğıcının oradan gəldiyini söyləyirlər. Ona görə də, Prezidentimiz haqlı olaraq, öz çıxışında bu məsələyə geniş yer ayırdı. Bununla bağlı bizim hücum diplomatiyamızın vəzifələrini müəyyən edib”.

İsmayıl