Media nümayəndələri, ictimaiyyət üzvləri, ziyalılar da ciddi müzakirələrə qoşulub
“Öncəgörmə”, “yükləmə”, “YEKDİLLİK” qazanmadı...
Terminologiya Komissiyasının təsdiqlədiyi yeni sözləri lağa qoydular
Media nümayəndələri, ictimaiyyət üzvləri, ziyalılar da ciddi müzakirələrə qoşulub
Media nümayəndələri, ictimaiyyət üzvləri, ziyalılar da ciddi müzakirələrə qoşulub
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib: "”Zaryadka” - "yükləmə”, "adapter” - "yükləyici”, "embarqo” - "qadağa”, "evakuasiya” - "köçürülmə”, "proqnoz” - "öncəgörmə”, "konsensus” - "yekdillik”, "kserokopiya” - "üzçıxarma”, "like” - "bəyənmə”, "mesaj” - "ismarıc”la əvəz olunub. Eyni zamanda, bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyi vurğulanıb. Kompyuter "mouse”-nin qarşılığı kimi isə "bələdçi” sözündən istifadə olunması təklif edilib. Komissiyanın bu qərarı isə cəmiyyətdə əməlli-başlı etiraz doğurdu. Sosial şəbəkə istifadəçilərinin yeni sözləri lağa qoyması bir yana, media nümayəndələri, ictimaiyyət üzvləri, ziyalılar da ciddi şəkildə öz mövqelərini bildiriblər.
APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı sözügedən dəyişikliklərlə bağlı fikirlərini bu cür ifadə edib:
"Dildə konkret leksik mənası olan sözü yenə də konkret leksik mənası olan başqa bir sözlə eyni leksik mənaya "dürtmək” dilçilik tarixində "inqilab” olmalıdır. Yəni, Azərbaycan dilində "proqnoz” sözünün bir, "öncəgörmə” sözünün başqa leksik mənası var. Bu sözlərin ikisini eyni leksik mənada necə birləşdirmək olar? Hələ mən beynəlxalq dillərə aid olan, çoxsaylı dillərdə işlədilən və başa düşülən "konsensus” sözünün fars dilinə məxsus "yekdillik” ifadəsi ilə əvəzlənməsini demirəm. Bu, artıq başqa "xidmətdi”...”.
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə şəxsi feysbuk səhifəsində belə yazıb: "Hörmətli dilçilərimizin "zaryadka” sözünü əvəzləmək üçün təklif etdikləri "yüklənmə” kəlməsi əvvəlcə mənə normal görünmüşdü. Ta ki onu cümlədə işlədənə qədər: "Telefonumun zaryadkası azalır” cümləsini necə deyəcəyik? Yüklənməsi azalır? Yüklənmə - tamam ayrı məna verən sözdür axı. Elektrik yükü azalır? "Elektrik yükü” də tamam ayrı məna verir”.
V.Məmmədovun fikrincə, "proqnoz” və "öncəgörmə” sözləri isə eyni anlayışları ifadə etmir. "Proqnoz” - ortada olan hansısa əlamətlərə, faktlara, keçmişin təhlilinə əsasən proseslərin gələcək inkişafını müəyyənləşdirmək cəhdidir. "Proqnoz”un metodları olur. "Öncəgörmə” isə heç bir metoda, rasional məntiqə əsaslanmır, uzağı, intuisiyaya dayana bilər. Siz zər atanda hansı rəqəmlərin düşəcəyini proqnoz edə bilməzsiniz, amma öncəgörməyə cəhd göstərə bilərsiniz. Öncəgörmə - rus dilindəki "proroçestvo” sözünə uyğundur. İqtisadçı proqnoz verməklə, falçı isə öncəgörmə ilə məşğuldur. Bu iki anlayışı qarışdırmaq hörmətli dilçilərimizin çox ciddi səhvidir, ümid edirəm, səhvlərini düzəldərlər”.
Şair Aqşin Yenisey isə fərqli düşünür:
- "Proqnoz” sözünün "öncəgörmə” ilə əvəzlənməsinə gülənlərin dil bilgisinə əlavə edim ki, dildə sinonim sözlər cümlədə eyni mənanın ən sərrastını seçmək üçündür. Əgər sən "hava proqnozu” yerinə "hava öncəgörməsi”, "falçı öncəgörməsi” yerinə "falçı proqnozu” yazacaqsansa, dildə günah yoxdur. Yazıçılar və tərcüməçilər bilir ki, bizim dil tək sözlərdən ibarətdir, yəni sözlərimizin köməkçisi, əvəzedicisi yoxdur. Öncəgörmə, öngörü kimi sözlər proqnoz sözünün köməkçiləri kimi qəbul edilməlidir. Dili bərk materiya kimi anlamaq, ondan mütləq mənalar tələb etmək ibtidai yanaşmadır. Təfəkkürün elastikliyini dil yaradır. Məsələn, faşistlər alman xalqını vəhşiləşdirməkdən ötrü qaba, bərk bir alman dili yaratmışdılar. Radikal islamın dili ilə poetik islamın dilində yerlə göy qədər fərq var.
Terminologiya Komissiyanın bu təşəbbüsünü təqdir edən akademik, millət vəkili Nizami Cəfərov hesab edir ki, təkliflər hər nə qədər mübahisə doğursa, lağa da qoyulsa belə Komissiyasının bu cəhdi çox maraqlıdır: "Proqnoz sözü bizim dilimizdə kifayət qədər oturuşduğu üçün onun ana dilimizdə qarşılığını axtarmaq elə də vacib deyil.
"Proqnoz” sözü dilimizdə yeni olmadığı üçün onu sıxışdırıb, passiv fonda keçirmək də mümkün deyil. Həm də ki "öncəgörmə” dilimizdə var, amma mənası tamam fərqlidir. "Öncəgörmə” sözü proqnozdan daha çox bəsirəti əvəzləyir. Bir daha qeyd edim ki, sözlərin mənası biri-birini tam əvəzləməsə də, təkliflər alqışlanmalıdır. Qoy, Terminologiya Komissiyası öz təkliflərini versin, cəmiyyətimiz də müzakirə eləsin. Hansı söz dilimizdə özünə yer tapsa, qalacaq. Uyğunlaşmayanları da lağ-lağı obyektinə çevirmək lazım deyil. Əsas odur ki, Terminologiya Komissiyası dilimizin inkişaf etdirilməsi istiqamətində öz töhvəsini verməyə çalışır. Əslində təqdimatların heç biri məsuliyyətsiz seçim deyil, hər birinin üzərində düşünüldüyü hiss olunur. Yəni tam uyğunlaşmasa da, müəyyən mənalarda əvəz etmək olar. Hesab edirəm ki, Komissiya bu istiqamətdəki fəaliyyətini davam etdirməli və gələn dəfə daha çox alınma sözün Azərbaycan dilindəki daha münasib qarşılığını cəmiyyətin müzakirəsinə təqdim etməlidir”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli isə deyib ki, şübhəsiz, Dilçilik İnstitutu və Terminologiya Komissiyasının müasir dil proseslərinə reaksiya verməsi, dilə gələn yeni sözlərin qarşılığını tapmaq üçün atdığı addımlar təqdirəlayiqdir. Hətta bir neçə sözün qarşılığının verilməsi yaxşı tendensiyadır:
"Bu o deməkdir ki, bizim əlimiz dildə gedən proseslərin üzərindədi. Nəbzi tutmağa çalışırıq. Bununla yanaşı, bir neçə məqam var ki, onu mütləq nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, terminoloji məsələlərlə məşğul olan qurumda müxtəlif sahələri təmsil edən mütəxəssislər olmalıdır ki, həmin sahələrdən alınan sözlərin qarşılığını tapmaqda ümumi razılaşma olsun. Biz indi "mouse” sözünü bələdçi kimi veririk. Əslində, o, bələdçi deyil, yönəldicidir. Kompüter dərsliklərində həmin terminə baxmalıyıq ki, mütəxəssislər onu hansı variantda qəbul edir. Sonra "konsensus” yekdillik mənasında verilə bilməz. "Konsensus” bir məsələnin həllində müxtəlif mövqe tutan adamların, tərəflərin ümumi razılaşmasıdır. Yəni o sözün mənası ümumi razılaşmadır. Yaxud "embarqo” sözü qadağa kimi verilib. O söz qadağa sözünü tam ehtiva etmir. Düzdür, "embarqo”da qadağa var, amma "embarqo” daha çox bir siyasətdə və ya bir addımda məhdudlaşdırıcı tədbirlər kompleksidir.
"Proqnoz” sözü Azərbaycan dilində işlənir və vətəndaşlıq hüququ qazanıb. O, öncəgörmə deyil. Öncəgörmə falçılığa, mistikaya aiddir. Ona görə burada bir az ehtiyatlı olmaq lazımdır. Biz hava öncəgörməsi demirik axı, hava proqnozudur. Burda ehtimal anlamı var. Demirlər ki, yağış yağacaq. Deyir ki, yağış gözlənilir. Yəni öncəgörmə uğurlu əvəzetmə deyil. Hesab edirəm ki, sözlərin dəqiq qarşılığı tapılsa, daha yaxşı olar. Tendensiya davamlı olmalıdır. Söz o zaman populyarlıq qazanır ki, dildə oturur, vətəndaşlıq hüququ qazanır” (teleqraf.com).
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru politoloq Elçin Mirzəbəyli isə Terminologiya Komissiyasının bəzi söz və terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirməsinə çox müsbət yanaşdığını bildirib.
Onun sözlərinə görə, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi, politoloji terminlərə toxunmaq lazım deyil:
"Məsələn, "embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi "qadağa” sözü isə "embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir. "Embarqo” hər hansı dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir.
"Embarqo” beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır. Terminlər ona görə yaradılır ki, iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etmək mümkün olsun. Yəni "embarqo” sözü "qadağa”dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir. Kompüterdə "mouse”-nin qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində "bələdçi” funksiyası var”.
"Dildə uzun müddətdir bu proseslər gedir və artıq bir sıra alınma sözlərin qarşılığı işlədilir. Qarşılıq kimi təqdim etdiyimiz sözlər birdən-birə gündəmə gəlməyib, onların bəziləri mətbuatda işlənir”. Bu sözləri isə publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova əcnəbi sözlərə qarşılıq kimi təqdim edilən milli sözlərin cəmiyyətdə etirazla qarşılanmasına münasibət bildirərkən deyib. S.Sadıqova bildirib ki, onsuz da bu gün mesajın qarşılığı kimi ismarıc, laykın qarşılığı kimi bəyənmə işlədilir:
"Bizim təklif etdiyimiz sözlər arasında uzun müddət mətbuatda, televiziyada müzakirə edilib, işləklik qazanan ifadələr də var. Bəziləri isə tamamilə yeni təkliflərdir. Onlar sadəcə təklifdir, dilin lüğət tərkibində özünə yer tapıb-tapmayacağını zaman göstərəcək. Məsələn, proqnoz sözünün qarşılığı kimi öncəgörmənin işlədilməsi nümunəsini mətbuatdan götürmüşük. "Proqnozlaşdırma agentliyi” birləşməsində sözü öncəgörmə ilə əvəz etmək uyğun olmaz. Bəlkə, heç öncəgörmə qəbul edilməyəcək. Hadisə yerinə də olay sözünün işlədilməsini də tez-tez mətbuatda müşahidə edirik. Bu gün adapter sözü dilimizdə işlədilir.
Lakin rejissorlar tərəfindən bu sözün qarşılığı ilə bağlı bizə çox müraciətlər olur. Bir variant kimi yükləyicini təklif etdik. Qəbul olunsa, işləklik qazanacaq. "Mouse” sözünün bələdçi ilə əvəz edilməsinə etirazlarını bildirirlər. Bu sözü isə kompüter texnologiyaları üzrə mütəxəssislər təklif ediblər. Mütəxəssislər bildirir ki, onlar kompüterin hissələrinin alınması üçün ərizə ilə müraciət edəndə "1 ədəd "siçan” lazımdır” yazmaq istəmirlər. Bunun qarşılığı axtarılıb və hələ ki, bələdçi sözü ilə əvəzlənməsi uyğun görülüb. İngilis dilində mouse siçana oxşadığına görə verilib. Bizdə isə siçan qarşılığı uğurlu alınmadı. Kompüter sahəsi yenidir, bu sözün qarşılığı kimi bir neçə söz təklif edilir. Ən uğurlu variant dildə qalacaq. Dil daim inkişafdadır, yeni sözlərin təklif edilməsi normaldır”.
S.Sadıqova bildirib ki, bu sözlər tövsiyə deyil, sadəcə təklifdir:
"Dildə qarşılığı tapılan sözlərin işlədilməsi heç zaman tələb kimi irəli sürülə bilməz. Hansı sözün işləklik qazanacağı istifadəçilərdən asılıdır. Kompüter sözünün qarşılığı kimi bilgisayar qəbul edildi, lakin bu söz işləklik qazana bilmədi”. İşıqfor sözü də eyni taleyi yaşadı. Dilə daxil olan yeni sözlərin qarşılığı tapılmalıdır. Lakin bu, o demək deyil ki, onlar mütləq dildə işləklik tapacaq. Bizim məqsədimiz əcnəbi sözlərin qarşılığını verməkdir. Əlbəttə, beynəlxalq terminləri olduğu kimi saxlayırıq. Hər sözün qarşılığını verə bilmərik. Lakin dilimizə son illərdə 5 mindən artıq alınma söz daxil olub. Qarşılığını yaratmaq mümkündürsə, niyə də etməyək? Tıxac, atəşkəs, yetərsay sözləri yarananda qəbul olunmurdu. Yetərsay sözünü "saylarımız yetəcək” kimi ifadələrlə lağa qoyurdular. Bu gün isə həmin sözlər işləklik qazanıb”.
Şəymən