Nurçuluq və vəhhabiliyin qadağan olunması səmərə verəcəkmi?

Zahid Oruc: “İnsan xisləti elə qurulub ki, o, nə inkar edilirsə, ona doğru can atır”
Hacı Atif İsmayılov: “Dini təriqətlərə qarşı bu cür sərt münasibətin göstərilməsini önəmli və xeyirli sayıram”


Son bir neçə ildə Azərbaycanda qeyri-ənənəvi dinlərin, təriqətlərin nüfuzu xeyli güclənib. Bunların içərisində ən təhlükəli hesab olunanlar ölkəmizdə çox yayılmış və təşkilatlanmış sələfi-vəhhabilik və nurçuluq təriqətləridir. Bir sıra xarici ölkələr tərəfindən maliyyələşən həmin radikal dini cərəyanlar islam əqidəsinə zidd olmaqla yanaşı, milli dövlətçiliyimizə də ciddi təhlükə yaradır.

Bunları nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi daha sərt addım ataraq nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunmasını və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavab verməsini təklif edib. QMİ-nin mətbuat xidmətinin katibi Rəhimə Dadaşovanın sözlərinə görə, İdarənin Qazilər Şurası çoxsaylı müraciətləri nəzərə alaraq, bu qərara gəlib. Qeyd edək ki, vəhhabilik və nurçuluq dünyanın bir çox ölkələrində geniş yayılıb. Amma heç bir ölkədə bu iki dini cərəyan qanunla qadağan olunmayıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qadağa rejiminin səmərə verəcəyini düşünmür. Deputatın sözlərinə görə, insan xisləti elə qurulub ki, o, nə inkar edilirsə, ona doğru can atır: "Biz real islamı, Peyğəmbər əleyhissəlamdan gələn həqiqi dini ictimaiyyətə təqdim etməyi bacarmalıyıq. Əgər bunun əksinə islamı qara rəngdə, yas dini və sadəcə mollaların inhisarında olan ehkam kimi təqdim etsək, bunun ağır nəticəsini yaşamaqda davam edəcəyik. Dini ədəbiyyatları qadağan etmək, hansısa dindar şəxsləri cəzalandırmaq və həbsə atmaq Türkiyənin XX əsrin ortalarında yaşadığı qaranlıq səhnələrin Azərbaycanda da yaşanmasına səbəb olar. Biz indiyə kimi qeyri-inzibati yollarla Azərbaycandakı mühiti formalaşdırmağa çalışmışıq. Ancaq bunun əks nəticələrini sona qədər hesablamamışıq”.

İslamşünas-alim Hacı Atif İsmayılov isə QMİ-nin təklifinin daha məqsədəuyğun olduğunu düşünür: "Azərbaycanda hər zaman milli və mənəvi dəyərlərin və daxili nizam-intizamın qorunması önəmli şərt olub. Bu gün xaricdən gələn qüvvələr, istər nurçular olsun, istər vəhhabilər, ciddi şəkildə ölkəmizin milli-mənəvi dəyərlərinin sıradan çıxmasına şərait yaradır. Ona görə də, həmin dini təriqətlərə qarşı bu cür sərt münasibətin göstərilməsini önəmli və xeyirli sayıram. Bu kimi cərəyanların qadağan olunması indiki gənclərin və gələcək nəslin sağlam ruhda yetişməsinə səbəb olacaq”.

İsmayıl