Bəxtiyar Hacıyev: “O aktrisa diqqətimi cəlb edəcək qədər maraqlı xanım deyil”

“Nəyə görə onun boşanmasında maraqlı olmalıyam ki?”


Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə Nərimanov Rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işinin açılması barədə məlumat yayılıb. Gənc fəalla bağlı türk iş adamı Nurettin Eres və onun Azərbaycandan olan həyat yoldaşı aktrisa Mətanət Əhmədova polis idarəsinə müraciət ediblər. Aktrisa B.Hacıyevin ünvanına şok ittihamlar irəli sürüb.

Qeyd edib ki, B.Hacıyev və onun həbsxana dostları həyat yoldaşını söhbətə çağıraraq Sumqayıt qəbiristanlığında döyüblər.Telefonlarını və sənədlərini əlindən alıblar. B.Hacıyev onu iş yoldaşlarının vasitəsilə təhdid edib. N.Eresin başını kəsəcəyini deyib. Aktrisadan ərindən boşanmağını tələb edib. M.Əhmədova onu da iddia edir ki, B.Hacıyev onun atasını da söhbətə çağırıb.

M.Əhmədovanın əsassız ittihamlarına cavab verməkdən cana yığıldığını deyən gənc fəal "Şərq”ə bildirib ki, haqqında söylənənlər böhtandan başqa bir şey deyil:

- Həmin şəxs bir azərbaycanlı aktrisa ilə evlidir. 20 ildir ki, Azərbaycanda yaşayır. O, bəzi Azərbaycan vətəndaşlarından, eləcə də bizdən müxtəlif işlər görmək adı altında pullar almışdı. Dəfələrlə borcumu istəsəm də, xeyri olmayıb. Yanvar ayında ölkədən çıxmayacağına zəmanət olsun deyə, o gətirib pasportunu mənə vermişdi. Deyirdi ki, borcunu qaytarandan sonra pasportu geri alacaq. İndi özü və həyat yoldaşı gedib polisə şikayət ediblər ki, guya mən zor tətbiq etməklə onların pasportunu almışam.

- İndi sənədini qaytarmısız?

- Onun bütün sənədləri Nərimanov Rayon Polis İdarəsinə təqdim edilib.

- Borcunuzu almaq üçün niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?

- Daxili İşlər Nazirliyinə, Səbail polisinə dəfələrlə müraciətlər etmişəm. Hər dəfə də ondan sadə bir izahat alıblar. Söz verib ki, pulu qaytaracaq, onu buraxıblar. Polisdən də mənə deyirdilər ki, qaytaracağam deyirsə, demək qaytaracaq.

- Əlaqədar orqan niyə ciddi maraqlanmırdı?

- Dedilər ki, Türkiyə vətəndaşıdır deyə, biz ona heç nə edə bilmərik.

- Həmin pulu sizdən hansı məqsədlə almışdı?

- Demişdi ki, onun işlədiyi şirkətə məktəb təmiri üçün sifariş verilib. Amma şirkət sonradan sifarişdən imtina edib. Həmin işi təkbaşına görməsi üçün ona pul lazım olub. Təklif etdim ki, bankdan götürsün. Dedi ki, dindardır, ona görə bankdan faizlə pul götürmək istəmir. Sonradan başa düşdüm ki, dindar deyil, dələduzdur. O, bizim pullarla Bakıda "Fənərbaxça” futbol klubu açıb. Bir neçə gün öncə də həmin kluba gedib, pulumu istəmişəm.

- Doğrudanmı, ona ərindən boşanmasını tələb etmisiz?

- M.Əhmədova deyirdi ki, yoldaşı ilə nikahı pozulub. Nurettinin məsələləri onu maraqlandırmır. Onun yerini bilmir. Sonra da bunu mətbuata "Bəxtiyar Hacıyev boşanmağımı tələb edir” kimi təqdim edir. Bununla da nüfuzuma ziyan vurmağa, məni gözdən salmağa çalışır. Onun ərinin əməllərində əsas rolu yoxdursa, nəyə görə əri bir dəfə mətbuat qarşısına çıxmadığı halda, bütün orqanlarda və bütün KİV-lərdə həyat yoldaşı M.Əhmədova danışır? İkincisi, o aktrisa heç bir göstəricisinə görə, heç bir tərəfinə görə mənim diqqətimi cəlb edəcək qədər maraqlı qadın deyil. Nəyə görə onun boşanmasında maraqlı olmalıyam ki?

- Polisdə olarkən sizə qarşı hər hansı təzyiq oldumu?

- Polisdə izahat yazmaqdan imtina etdim. Ora gedəndə gördüm ki, adıma artıq izahat yazılıb. Bildirdilər ki, sənin cavablarını şikayətçinin dediklərinin əsasında yazmışıq. Həmin izahatı imzalamaqdan imtina etdim. Tələb etdim ki, bu işi aparan müstəntiq dəyişdirilsin, ondan sonra izahat yazacam.

- Hazırda müstəntiq dəyişib?

- İstintaqın ilkin gedişindən narazı idim, çünki, kimlərinsə həyasızlıqlarına əsaslanaraq mənə qarşı təzyiq etmək istəyirdilər. Məsələ ictimailəşdi, müstəntiq dəyişdi və indi istintaqın gedişindən razıyam və ümid edirəm ki, qısa zamanda müsbət nəticələnəcək.

- Açılan cinayət işini sizin ictimai-siyasi fəaliyyətinizlə əlaqələndirənlər də var. Siz necə hesab edirsiniz?

- Birbaşa yox. Bu, sifariş olmayıb. Ancaq bundan sonra kimlərsə vəziyyətdən mənim əleyhimə istifadə edə bilərlər. Aydındır ki, kim nəyə görə tapşırıb.

- M.Əhmədova iddia edir ki, atasını "razborkaya” çağırmısınız. Belə hal olubmu?

- O qadın bütün limitləri keçib.

P.S. M.Əhmədovanın atasının "razborkaya” çağırıldığı barədə iddiasına cavab olaraq B.Hacıyev aktrisaya göndərdiyi məktubu "Şərq”ə təqdim edib.

Məktubu olduğu kimi təqdim edirik: "Atanız hardadırsa, gəlsin görüşək. Oturaq danışaq görək sizin bu işə aidiyyətiniz var, yoxsa yox. Yerini desin, onunla görüşək, bir də sizi narahat etməyək”. Bu məktubdan hər şey aydın görünür.

Ayyət Əhməd