Bahalı un gəlir





Son zamanlar "Avro-4” tətbiqi ilə bağlı "Avro premium-95” benzinin qiymətinin qalxması nəticəsində əhali arasında ərzaq məhsullarının, o cümlədən, unun qiymətinin qalxması ilə çörəyin də qiymətinin artacağı barədə fikirlər səslənir.

Çörəyin qiymətinin hələlik qalxmayacağını söyləyən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, unun qiymətinin qalxması daxili faktorlarla bağlı deyil: "Aİ-95 markalı benzinin istehsalını dayandırması un daşınmasında nəqliyyat xərclərinin artmasına səbəb olmamalıdır. Çünki burada, nəqliyyatda Aİ-92 və dizel yanacağından istifadə olunur. Hazırda un anbarlarında və çörək sexlərində əvvəllər alınmış undan istifadə olunur. Buna görə də indi unun qiymətinin qalxmasının satılan çörəklərin qiymətinə təsiri yoxdur. Lakin anbarlarda və çörək bişirmə sexlərində alınmış unlar qurtardıqdan sonra daha bahalı undan istifadə edilməklə çörək bişiriləcək. Ona görə də çörəyin qiymətində yaxın zamanlarda artımlar olacaq. Qiymətin qalxması gizli də ola bilər, yəni çörəyin çəkisi azaldılmaqla qiymət stabil saxlanılsa da, yenə də qiymət artması anlamına gəlir. Və yaxud əgər inzibati təsirlər olmayacaqsa, o zaman açıq şəkildə qiymət artımlarının olacağı proqnozlaşdırılır. Unun qiymətinin artması birmənalı olaraq çörəyin bişirilmə xərclərini artıracaq. Ona görə də çörəyin qiymətinin qalxması gözlənilir”.

İqtisadçı-ekspert çörəyin qiymətini tədqiq edərkən artımların hər bir çörək üçün 5 qəpikdən artıq olmadığını deyib: "Lakin 5 qəpiyin çox istifadə olunmadığını nəzərə alsaq, sahibkarlar bu qiymətləri yuvarlaqlaşdıraraq 30 qəpiklik çörəyi 40 qəpiyə, 40 qəpikliyi 50 qəpiyə təklif edə bilərlər. Ancaq real artan qiymət 5 qəpikdir”.

Vüqar Şahinoğlu