Ermənistana sığınan Cavid Orucov Azərbaycana dönmək istəyir

Eldəniz Quliyev: “Uşaqlar ömürlərinin axırına qədər heç vaxt qaysaq bağlamayacaq bu yara ilə yaşamağa məhkumdurlar”
Novella Cəfəroğlu: “Yüz minlərlə həmyerlimi yerindən-yurdundan edən ermənilərə pənah aparmaq heç bir mənəviyyata sığmır”



Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov Azərbaycana qayıtmaq arzusundadır. Üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu, kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı, gözəl Bakını bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb.

Orucovlar ailəsi hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib:

"Qaçqınlar mərkəzində yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə, ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq...”

Bir məsələni də qeyd edək ki, Orucovlar ailəsinin İrəvanda gəzərkən parkda çəkilən şəkilləri yayımlanıb. Şəkildə əsas diqqəti cəlb edən atalarının atdığı səhv addım üzündən boynubükük qalan uşaqlardır. Uşaqların fotolardakı durumu insanın ürəyini ağrıdır. Balacalar çəkingən, hürkmüş vəziyyətdə analarına qısılıblar. Sanki atalarının atdığı addımın nə qədər böyük bir səhv olduğunu başa düşür və utanırlar. İndi Orucovlar ailəsinin Azərbaycana qayıtmasından çox cəmiyyəti narahat edən iki məsum körpənin gələcəyidir. Təbii ki, Vətən xaini damğası almış bir atanın övladları olmaq onlar üçün yaxşı heç nə vəd etmir. İctimaiyyət üzvləri və ziyalılarımız da bu fikirdədir ki, ata bu addımı ilə uşaqlarının gələcəyini məhv edib.

Eldəniz Quliyevin sözlərinə görə, cəmiyyət Cavid Orucovun Azərbaycana qayıtmasından daha çox, Ermənistana getməsinin üzərində dayanmalıdır: "Həmin ailənin Azərbaycana qayıtmasında pis bir şey görmürəm və bu məsələnin də bu qədər şişirdilməsinin əleyhinəyəm. Şəxsən həmin ailənin qayıdıb-qayıtmamasından çox məni maraqlandıran həmin adamın Ermənistandan sığınacaq almasıdır. Həmin adamı nə vadar edib ki, o, düşmən ölkədən sığınacaq istəyib? Deməli, ölkədə mənəvi- psixoloji bir boşluq var ki, insanlar atdığı addımın fərqində deyil. Eyni vəziyyəti işğal altında qalan torpaqlarımızı, Qarabağımızı qoyub, Suriya uğrunda ölümə gedən gənclərimizə də şamil etmək olar. Hesab edirəm ki, bütün bu problemlərlə bağlı ölkədə analitik qrup yaradılmalı və məsələnin kökləri araşdırılmalıdır. Psixoloqlar, sosioloqlar cəlb edilməlidir”.

Orucovlar ailəsinin balaca üzvlərinin taleyinə gəldikdə isə E.Quliyev hesab edir ki, atanın bu addımı uşaqlar üçün mənəvi və psixoloji baxımdan çox böyük zərbədir. Həmin uşaqlar ömürlərinin axırına qədər heç vaxt qaysaq bağlamayacaq bu yara ilə yaşamağa məhkumdurlar. Hətta zənnimcə, həmin ailə Azərbaycana qayıtsa, həmin uşaqlarla bizim psixoloqlar ciddi mənada məşğul olmalıdır. Bundan sonra onların normal vəziyyətə reabilitasiyası çox çətin olacaq. Hər nə qədər bu hadisədə dövlət və ata məsuliyyətli olsa da, uşaqların durumu doğrudan da ürək ağrıdıcıdır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Orucovlar ailəsinin Ermənistandan sığınacaq almasına daha sərt və kəskin mövqe sərgiləyib: "İnsan haqları baxımdan həmin ailənin Azərbaycana qayıtması üçün elə bir maneə yaradılmamalıdır. Amma sırf vətəndaş mövqeyi baxımından həmin adamın ölkəyə qayıtması doğru deyil. Adamdan soruşan lazımdır, nəyə getmişdin, nəyə qayıdırsan? Madam ki, Azərbaycan yaşanılacaq ölkə deyil, küsüb Ermənistana getmişdin, onda orda da qal. Mənim torpaqlarımı işğal edən, yüz minlərlə həmyerlimi yerindən-yurdundan edən ermənilərə pənah aparmaq heç bir mənəviyyata sığmır. Həm də bu adam səssiz də getməyib. Bütün aləmə car çəkdi ki, ölkəmdən imtina edib, Ermənistandan sığınacaq istəyirəm. Guya ki, Azərbaycanda ondan pis yaşayan adam yox idi. Hər nə qədər ölkədə işsizlik də olsa, gəncləri siyasi mənsubiyyətinə görə vəzifəyə çəksələr də, ac qalan yoxdur. Hər kəs bir tikə çörək pulunu qazanıb, ailəsinə aparır. Dolana bilmirsən, Rusiyadan, Türkiyədən sığınacaq istə. Hələ də başa düşə bilmirəm ki, həmin adam ölkəsini talan etmiş bir dövlətə necə sığına bilib?”.

Atdığı addımdan dolayı Cavid Orucova münasibəti birmənalı olmasa da, Novella Cəfəroğlu insan haqları baxımından və uşaqların xatirinə onların Azərbaycana qayıtmasını məqbul sayır: "Uşaqların heç bir günahı yoxdur. Onlar atalarının səhv addımının qurbanı olub. Uşaqların gələcəyi naminə həmin ata qayıtmalıdır. Onsuz da ki, artıq bu damğa onların alnına vurulub, heç olmasa, öz ölkələrində rahat yaşasınlar. Daha Ermənistanda, qaçqın düşərgələrində boynubükük yaşamasınlar”.

Şəymən