Yasamalda ağac soyqırımı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında ekoloji fəlakət yaşanır


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekoloji problemlərə xüsusi olaraq toxundu. Cənab Prezident çıxışında Bakı şəhərinin ekoloji durumunun bəzi hallarda fəlakət həddinə çatdığını söylədi və ağac kəsənlərə qarşı daha da ciddi məsuliyyət tətbiq edilməli olduğunu dedi. Ağacların kimlərinsə şəxsi mənafeyi naminə kəsilməsini "vicdansızlıq, biabırçılıq” adlandıran Prezident sonuncu xəbərdarlığını etdiyini vurğuladı.

Prezidentin də dediyi kimi son illər şəhərin havasının təmizlənməsi, həmçinin yaşıllıqların artırılması istiqamətində xeyli irəliləyişlərə nail olunub. Lakin hələ də istənilən nəticəyə gəlinməyib.

Konkret misal çəkək. Paytaxtın Yasamal rayonu ərazisində, nə qədər qəribə səslənsə də, məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gözünün önündə ekoloji fəlakət yaşanır. Söhbət, Texniki Universitetin fasad hissəsində aparılan təmir, bu universitetlə qabaq-qənşər ərazidə isə Milli Ensiklopediya binasının tikintisindən gedir. "Şərq” qəzeti bu mövzuya bir neçə dəfə toxunub. Ərazidə çəkilmiş fotolar da qəzet səhifələrində verilib. Amma heç bir tədbir görülməyib. Həmin ərazi sözün həqiqi mənasında ekoloji fəlakət zonasıdır. Binaların fasad hissəsinin üzlük daşlarla üzlənməsi prosesi zamanı ətrafa yayılan qalın toz qatı həm orada çalışan fəhlələrin, həm ətrafdan keçib-gedənlərin sağlamlığını təhdid edir, həm də ərazidəki ağacları məhv edir. Deməli, bir ərazidə 3 böyük təhlükə yaşanır. Şəhərin havası da, insanlar da zəhərlənir, üstəlik, ağaclar da quruyur.

Əraziyə ötəri nəzər salmaq kifayətdir ki, baş verənlərin həqiqət olduğu anlaşılsın. Bu ərazidən ağzı-burnu dəsmalla tutmadan keçmək, daşlardan çıxan tozu birbaşa ciyərlərə sümürmək anlamına gəlir. Texniki Universitet binasının təmir aparılan fasad hissəsində səkidə 20-yə yaxın ağac var. Amma onların bir neçəsi artıq quruyub və çox güman ki, kəsiləcəklər. Çünki ağaclarda daha ağaclıq qalmayıb. Üzlük daşlarından çıxan toz qatı ağacların ömrünü kəsib.

Daş yonanların qoruyucu maskası, respiratorları olmadığı aydın görünür. Belə ağır toz qatı altında orada çalışanların nəfəs borusu, ağ ciyərləri gün ərzində nə qədər zərərli toz qəbul edir. Lakin nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, nə də Əmək Müfəttişliyi bu məsələylə məşğul olmaq istəmir. Bu azmış kimi, hazırda Hüseyn Cavid prospektində, elə həmin Texniki Universitetlə üzbəüz beşmərtəbəli binanın da fasadının üzlənməsi işinə başlanılıb. Toz-duman azmış kimi, bir də o binanın təmirinin tozu ətrafa yayılır.

Hərçənd, dəfələrlə bildirilib ki, insanların sağlamlığı nəzərə alınaraq bu tip təmir işləri aparılarkən binalar xüsusi vasitələrlə örtülməlidir. Ərazidə ağaclar varsa, onlar da xüsusi örtüklərə bürünməlidir ki, toz altında qalıb məhv olmasınlar.

Qeyd edək ki, göstərilən ərazidə yaranmış ağır vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin Ekoloji təbliğat şöbəsinin müdiri İradə İbrahimova aidiyyətli məsələ ilə maraqlanacaqlarını və aidiyyətli qurumlara məlumat veriləcəyini bildirdi.

"Ruzigar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev isə "Şərq”ə açıqlamasında yaranmış durumu anormal hal adlandırdı:

- Ümumiyyətlə, Bakı tozlu şəhərdir. Bu, bir tərəfdən Bakının relyefi, təbii iqlim şəraiti ilə bağlıdırsa, ikinci tərəfdən texnogen təsirlərlə əlaqədardır. Azərbaycan quru iqlimə malikdir. Bakının yerləşdiyi ərazi elədir ki, burada çoxlu toz yaranır. Qonşu ölkələrdən də bizə külək vasitəsilə toz gəlir. İqlim şəraitini normaya uyğunlaşdırmaq üçün əlbəttə ki, yaşıllıqları artırmaq lazımdır. Təəssüf ki, bu məsələ də bizdə həllini tapmayıb. Yaşıllıqların sayı hələ də azdır. Normativlərə görə, adambaşına 12-13 kv.metr yaşıllıq düşməlidir. Bizdə isə adambaşına düşən yaşıllıq normadan 3 dəfə azdır. Bakıda cəmi 116 hektar yaşıllıq ərazisi var. Gərək bu göstərici 370-400-ə çatsın ki, normativlərə uyğunluq yaransın. Amma cənab Prezidentin də sonuncu müşavirədə dediyi kimi, ağaclar kəsilir. Dövlət bir tərəfdən sərmayə qoyur, yaşıllıqların sahəsini genişləndirir, cavan ağaclar, fidanlar əkilir, bir tərəfdən də kimlərsə çoxillik, hündür ağacları kəsib yerində ev, bina, şadlıq sarayı, market, bazar tikirlər. Əkilən fidanlar çoxillik ağacların verdiyi oksigeni verə bilməz. Biz oksigen verə bilən ağacları qorumalıyıq. Hazırda "Ukrayna” dairəsi yaxınlığında, metronun "Əhmədli” stansiyası ilə "Xalqlar Dostluğu” stansiyası arasında böyük bir yaşıllıq zonası hasara alınıb. Bir də görəcəyik ki, ağacları kəsib əvəzində ya kafe, restoran tikirlər, ya da market, mağaza. Cənab Prezident özü bildirdi ki, ağacların kəsilməsi ancaq zəruri hallarda, yəni dövlət ehtiyacları üçün lazımdırsa, kəsilə

bilər, o da mütləq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi ilə. Hətta mən deyərdim ki, indiyədək dövlət ehtiyacları üçün aparılan tikintilərin bəlkə də heç birində ağaclar kəsilməyib. Qaldı ki, təmir işləri aparılarkən havanın çirklənməsinə, bu, böyük problemdir. Bildirim ki, tozun 2,5 mm-dən aşağı olan uçucu hissəsi insan orqanizmi üçün hədsiz ziyanlıdır. Tozun uçucu hissəsi ağ ciyərlərə, nəfəs borusuna hopur və ağır xəstəliklərə səbəb olur. Təmir-tikinti şirkətləri hansı standartlarla işləyirlər, bilinmir.

Tikintilərdə çalışan fəhlələr də sağlamlıqlarını itirir, sakinlər də. Tikinti işləri sanitar normalara uyğun aparılmır, təhlükəsizlik qaydaları kobud şəkildə pozulur. Göstərdiyiniz ünvanlarda binaların fasad hissəsində təmir işi aparılırsa, bina örtünməlidir, ağaclar da qorunmalıdır. 30 ilin, 50 ilin ağaclarını süni şəkildə yetişdirilmiş dekorativ ağaclarla əvəz etmək mümkün deyil. Dekorativ ağaclar təbii şəraitdə böyümüş ağacın verdiyi təmiz havanı, oksigeni verə bilməz.

Bu məsələlərlə əlaqədar qurumlar ciddi məşğul olmalıdırlar.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd etdi ki, tikinti-abadlıq işlərinin insanların, orada çalışan fəhlələrin sağlamlığına dəyə biləcək ziyan minimuma endirilməlidir. Bunun çox sadə üsulları var:

- Məlumdur ki, Bakı küləkli şəhərdir. Burada azacıq toz qatı güclü külək sayəsində burulğan effekti yaradır. Külək tozu sürətlə ətrafa yayır. Ona görə də böyük tikintilər, qazma işləri aparılarkən, bu, nəzərə alınmalıdır. Mən Moskvaya səfərlərim zamanı müşahidə etmişəm ki, orada binaların fasadı təmizlənərkən, hansısa böyük bir tikinti aparılarkən binaların fasadı, tikinti aparılan yer, germetikliyi təmin edən xüsusi materiallarla əhatələnir, binaların fasadına xüsusi örtük çəkilir ki, həm oradakı toz qatı ətrafa yayılmasın, həm də keçib-gedən insanların təhlükəsizliyi təmin edilsin. Təəssüf ki, biz Bakıda nadir hallarda bunun şahidi oluruq. Binaların fasadı təmizlənir, daşların tozu, çirki camaatın üst-başına tökülür. Bundan da dəhşətlisi, üstəlik bu toz qatı insanların nəfəs borusuna gedir, ətrafdakı ağacların, bitki örtüyünün üstünə hopur. Bu şəraitdə fəhlələr də böyük risk altındadır. Bütün iş günü onlar bu zərərli tozu udurlar. Fəhlələrin nə qoruyucu maskası var, nə xüsusi geyimləri. Daş yonan fəhlələrə mütləq respiratorlar paylanmalıdır, ağızlarını qapamalıdırlar, gözlərinə xüsusi qoruyucu eynək taxmalıdırlar. Bunlar olmadan çalışmaq çox təhlükəlidir. Bu, tikintidə təhlükəsizlik normalarının kobud pozuntusudur. Tikinti materialları xüsusən zərərlidir. Məlumdur ki, bir sıra tikinti materiallarının tərkibində azbest deyilən zərərli maddə var. Bu da insan orqanizmi üçün təhlükəlidir. Digər yandan, Bakı neft şəhəri olduğundan onsuz da havası çirklidir. Havada müxtəlif konserogen maddələr var ki, xərçəng xəstəliyi yarada bilər. Hesablamalara görə, 1 kub.metr havada 1 nano miqdarında benzotrenin olması 100.000 nəfərdən 18-nin ağ ciyər xərçənginə tutulma ehtimalı yaradır. Nəhəng tikinti aparılan ərazilər gediş-gəliş üçün bağlanmalıdır, avtomobillərə alternativ yollar təklif edilməlidir. Küləkli havada tozlu işlər görülməməlidir. Belə vəziyyətdə əhaliyə tövsiyəmiz budur ki, küçəyə çıxarkən respiratorlardan, ya da heç olmasa, adi tibbi maskalardan istifadə etsinlər, fəhlələr də sağlamlıqlarının qayğısına qalsınlar, iş icraçısından qoruyucu maskalar, geyimlər tələb etsinlər.

Məlahət Rzayeva