Ukrayna dirəniş göstərir

Ya qan töküləcək, ya da oturub razılaşmalıdırlar


Ukraynanın şərqində gərginlik getdikcə şiddətlənir. Rusiyanın dirijor çubuğu ilə hərəkətə gətirilən separatçılar ölkədə məkirli əməliyyatlarını davam etdirirlər. Ukrayna iqtisadiyyatının əsasını təşkil edən Luqansk, Donetsk, Sevastopol və Slavyansk kimi şəhərlərdə rusiyameyilliləri ayağa qaldıraraq referenduma səsləyirlər.

Hələ bir müddət öncə Ukrayna prezidenti Aleksandr Turçinov separatçılara təhdid dolu mesajlar verib. Şəhərdən çıxmalarını tələb edib. Əks halda, şərq regionlarına qoşun yeridəcəyini bəyan edib. Rusiya tərəfi isə buna məhəl qoymayıb. Ona görə də dünəndən etibarən rus separatçıları ilə Ukrayna ordusu arasında silahlı qarşıdurmalar qeydə alınıb. Döyüş zamanı hər iki tərəfdən ölən və yaralananlar olub. Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı hərbi aerodromu nəzarətə götürüb.

Əməliyyatlarda həlak olanlar barədə ziddiyyətli məlumatlar daxil olur. "Kommersant” radiostansiyasının mənbələrinin məlumatına görə, döyüş zamanı 11 nəfər ölüb. Ukraynanın "UNN” xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir. "Röyters” məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib.

Bəzi ekspertlər hesab edirlər ki, qarşıdurma Rusiya-Ukrayna arasında müharibənin başlanılması üçün real zəmindir. Bəziləri isə bunu Kiyevin Moskva üzərində ilk qələbəsi kimi dəyərləndirir.

Ukraynadakı son siyasi prosesləri "Şərq”ə şərh edən politoloq Rasim Ağayev bildirib ki, Kiyev məsələyə çox qaraguruhçuluqla yanaşır. Amma onlar Moskva ilə müəyyən dərəcədə ehtiyatlı davranırlar: "Ukrayna çalışır ki, insan kontingenti çox olan yerlərə atəş açılmasın. Qan tökülməsini istəmirlər. Hesab edirəm ki, Ukrayna çox dirəniş göstərərsə, şimal qonşumuz Krımda törətdiyini digər şəhərlərdə də həyata keçirəcək. Bu da Kiyev üçün baha başa gələcək”.

R.Ağayevin qənaətincə, Rusiya hələ ki, gözləmə mövqeyində dayanıb: "Ukraynanın davranışlarını izləyir. Əsas qarşıdurma isə Donetsk uğrunda baş verə bilər”.

Ekspertin fikrincə, gedişatda iki əsas məsələ aktuallaşa bilər: "Birinci versiya odur ki, indiki silahlı toqquşmadan sonra oturub, razılığa gəlsinlər. İkinci yol isə ondan ibarətdir ki, Moskva "Ukrayna camaata basqın edir” adı altında şərq regionlarını nəzarəti altına keçirə bilər. Gözləntilərim bunlardı”.

Ayyət Əhməd