30 milyon manat və 200 avtobus

“BakuBus” ictimai nəqliyyatda müsbət dəyişiklik yaradacaqmı?



Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli

nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib.

Qərar Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə verilib. Qərara görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq. Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları üçün yerin ayrılmasını 1 ay müddətində təşkil ediləcək.

Yeni qərarı şərh edən nəqliyyat sektoru eksperti Ərşad Hüseynov isə bildirib ki, əslində qərar düzgün izah olunmayıb: "Burada heç bir sensasiya yoxdur. Qərarı mətbuat düzgün başa düşməyib. Qərara əsasən Nəqliyyat Nazirliyindən heç nə alınmır. Burada söhbət dövlətimizin vəsaiti hesabına BŞİH-nin tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmasından gedir. Dövlətə məxsus olacaq və tam təsərrüfat hesabı ilə işləyəcək bu müəssisə digər özəl şirkətlərlə yanaşı, şəhərimizdə sərnişin daşıma ilə məşğul olacaq. Bu müəssisə kommersiya təşkilatı olacaq. Amma bəri başdan bu təşkilatı dövlət hesabına qururlar. Dövlət 30 milyon pul ayırıb və 200 dənə avtobus da verib. Nəqliyyat Nazirliyi nəqliyyat məsələləri üzrə dövlət idarəçiliyini və bu sahəyə nəzarəti həyata keçirən qurumdur. BŞİH-nin hansısa avtobus müəssisəsinin yaradılması bu nazirliyin hansısa səlahiyyətinin alınaraq həmin müəssisəyə verilməsi demək deyil. Amma bu müəssisəyə lisenziyanı, marşrut xətlərini yenə Nəqliyyat Nazirliyi verəcək. Yəni, dolayısı ilə Nəqliyyat Nazirliyindən heç nə alınmır”.

Ekspert onu da qeyd edib ki, 200 avtobus çox azdır. Bu say Bakı şəhərinə lazım olan avtobusların sayının 20 faizini təşkil edir”.

Sadəcə olaraq maraqlı odur ki, bu yeni müəssisəyə hansı marşrutlar veriləcək, həmin marşrutların əvvəlki sahibləri necə olacaq? Qərarda da göstərildiyi kimi şirkət tam işlək vəziyyətə çatdırılandan sonra özü-özünü dolandırmalı olacaq. Bir sözlə, yeni yaradılan müəssisəyə nazirlikdən heç nə verilməyəcək. Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq. Bax bu rəqabətin də taleyini əslində Nəqliyyat Nazirliyi həll edəcək, çünki yeni marşrutlar yaratmaq, əvvəlki marşrutları yenidən bölüşdürmək tam olaraq bu nazirliyə aid səlahiyyətdir və həmin səlahiyyəti heç kim almayıb”. Hüquqşünas onu da qeyd edib ki, Nazirlər Kabinetinin hər hansı nazirliyin səlahiyyətlərini almaq və ya əlavə etmək kimi səlahiyyəti yoxdur. Buna yalnız prezident imza ata bilər. Nazirlər Kabineti sadəcə Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində olan nəqliyyat sərnişindaşıma müəssisəsinin yaradılması haqqında qərar verib. Amma düşünürəm ki, yeni yaranan müəssisə dövlət nəzarətində olduğundan müəyyən dərəcədə məsuliyyətli işləyəcək. Ola bilsin ki, bəzi kiçik şirkətlər bazardan sıxışdırılıb çıxarılacaq, rəqabətə tab gətirməyəcək. Amma yenə də ümid edirəm ki, bu şirkət sürücülərə yaxşı maaş verəcək. Ən azından 200 avtobus sürücüsü 20 qəpikdən ötrü insanların həyatı ilə oynamaz.

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi ona tapşırılan işləri həyata keçirə bilməyib: "Bakı şəhərində nəqliyyatın idarə edilməsi 2006-cı ildən Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Nəqliyyat Nazirliyinə verildi. Amma onlar layiqincə xidmət həyata keçirə bilmədilər. Məhdud Məsuliyyətli Cəmiyyət yaradıldı və onun da rəhbərliyi Nəqliyyat Nazirliyinin yaxın adamlarına tapşırıldı”.

Ekspertin sözlərinə görə, onların yaratdıqları "qoçu dəstələri” reketliklə məşğul oldular, nəqliyyat sahibkarlarını ələ alıb monopoliya yaratdılar: "İctimai birlik olaraq bizə nəqliyyat sahəsində hər

hansı araşdırma aparılmasına icazə verilmirdi. Nəqliyyatın idarə edilməsinin nazirliyin tabeliyindən çıxarılması alqışlanası haldır. Əlbəttə, əvvəlki kimi idarəçilik qalacaqsa, ictimai nəzarət olmayacaqsa, dəyişiklik də olmayacaq. Amma inanırıq ki, yeni qurum bu vaxta qədər olan problemləri həll edəcək. İdarəçilik və təşkilatlanmada peşəkarlar cəlb ediləcək. İctimai qurum olaraq biz də onlara təkliflər təqdim etməyə hazırıq”.

Məzahir Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi bu vaxta qədər onlardan olan gözləntilərin heç birini doğrultmadı, çünki idarə mexanizmi düzgün qurulmayıb. Bütün problemləri özləri yaratdılar. Ona görə də, BŞİH-nin işi olduqca ağırdır. Ekspertin sözlərinə görə, bu məsələdə Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzinin fəaliyyətinin necə təşkili də sual altındadır. Bu barədə də araşdırma aparılmalıdır.

Şəymən