“Bircə otaqlı ev istəyirəm”

Nuriyyə Əhmədova: “Bu gün, sabah ölüb gedəcəm, o yetimim küçələrdə qalacaq”


Bu gün mətbuatın diqqət mərkəzində olan mövzulardan biri Xalq artisti Nuriyyə Əhmədovanın səhhətidir. Ancaq bu çətinliklə yanaşı, Xalq artistinin daha böyük problemi var. İllərini sənətə qurban verən aktrisanın xəstəxanadan sonra hansı qapıya gedəcəyi bəlli deyil. Əslində, nə qədər qəribə olsa da, bu, acı bir reallıqdır. Çünki Nuriyyə Əhmədova artıq bir neçə ildir ki, evsizdir və onun-bunun qapısında qalır. Bəzən rəfiqələrinin evində, bəzən də qohumların qapısına pənah aparır.

Bu gün də aktrisa nə qədər qürurlu görünməyə çalışsa da, həyat onu dilə gətirməyə vadar edir. Nuriyyə Əhmədova başına gələnlərdən "Şərq”ə danışdı: "Vallah, heç bilmədim necə baş verdi bu qəza. Hər şey qəfil oldu. Bir də gözümü açdım ki, yerdəyəm. O qədər çığırmışam ki, səsim də batıb. Yaxşı ki, qarşımda oturacaq var idi, başım yerə dəysəydi, yəqin çoxdan ölmüşdüm. Camaat tez yığışdı başıma. Həmin an elə bircə onu düşündüm ki, onurğa sümüyüm qırıldı, şikəst qaldım. Məni qaldırdılar, amma addım ata bilmədim. Ağrılarım çox idi. Məni taksidən çox çətinliklə çıxartdılar. Bədənimdə elə dəhşətli ağrılar vardı ki, yalvarırdım ki, ay Allah, mənə ölüm ver”. Aktrisa dar gündə onu tək qoymayan dostlarından da danışdı. "Bütün sənət dostlarım mənə baş çəkməyə gəlib. Xalq artistimiz Şəfiqə Məmmədova, Cəmil Quliyev gəldilər. Nazirlikdən bir-iki adam gəlmişdi, amma kim olduqları yadımda qalmayıb. Sağ olsun, Əbülfəs müəllimin özü məni xüsusi olaraq tapşırıb. Səhiyyə Nazirliyinin diqqəti üzərimdədir. Ən yaxşı palatada yerləşdirildim. Məni üzən odu ki, bəzi işlərim yarımçıq qaldı. İki filmdə rol almışdım. Xaricə gedəcək filmlər idi. Çəkilişlər elə yenicə bitib. Biri artıq montaj olunub, festivala göndəriləcək. Filmlərdən biri gənc rejissorun çəkdiyi "Sükut pozğunluğu”dur. Tək qadının taleyindən bəhs olunur. O ssenari məxsusi olaraq mənim üçün yazılmışdı. Hələ xəbərim yoxdur, bəlkə də göndərilib.

Onu da qeyd edək ki, Xalq artistinin ictimai nəqliyyatdan istifadə etməsi də onu sevənləri üzür. Elə bu barədə də danışan aktrisa "Bilirsən, biz sovet dövrünün sənətkarlarından ibrət götürmüşük. O vaxtlar bütün xalq artistləri, dövlət mükafatı laureatlarının hamısı ictimai nəqliyyatdan istifadə edirdilər. Biz heç vaxt xırdaçı olmamışıq. Hər zaman hökumət üçün, xalq üçün işləmişik. İndi sənətçilərin sənətə, kinoya baxışı tamam başqadır. Bu, dövrdən, nəsildən irəli gəlir. Bizim nəsil həmişə sənəti düşünüb, sənətə gəlib. Biz heç vaxt fikirləşmədik ki, mənim maşınım, evim olsun. Bəlkə də belə olmaq lazım deyilmiş. Düz 46 ildir sənətdəyəm. Bu illər ərzində iki dəfə ev növbəsinə dayanmışam, amma hələ də ev məsələm düzəlməyib. Evim yoxdur. Kirayələrdə, bacı-qardaş evində yaşayıram” söylədi.

Aktrisa evsizliyindən danışmaqdan utandı. Bu barədə danışmaq istəmədiyni dilə gətirdi. Qürur onu danışmağa qoymurdu. Amma çətinlik bəzən qüruru da gölgədə qoya bilirmiş. Xalq artisti "Nə deyim ki, 16 ildir evsizəm. Kirayələrdə qalmışam, qohum, dost evinə sığınmışam. İndi bunu desəm, nə dəyişəcək ki? Mən şikayət etməyi bacarmıram. Neçə ildir həkimlər müalicə yazıb, evsizlik, şəraitsizlik imkan vermir ki, düz-əməlli müalicəmi davam edim. Neçə dəfə məktub yazıb vermişəm, prezidentə çatmır. Prezidentə çatsa, əminəm ki, bir otaq da olsa, məni evlə təmin edər. Oğlumun 16 yaşı var. Düz 16 ildir ki, mən o körpəylə küçələrdə qalmışam. Neyləyim? Dərdimi kimə deyim? Bilmirəm. Bu gün-sabah ölüb gedəcəm, o yetimim künclərdə qalacaq. Bu illər ərzində mən onun üçün heç bir şey edə bilməmişəm. Böyük oğlum da xəstədir. Ona da mən baxırdım. İndi mən də xəstəxanaya düşmüşəm, balalarım qalıb çöllərdə. Mən bu haqda çox danışmışam, amma nədənsə lazımi ünvana gedib çatmır. Bilmirəm bu yataqdan qalxa biləcəm, ya yox. Xəstəxanadan çıxandan sonra, hara, kimin evinə gedəcəm, onu fikirləşirəm. Oğlum küçələrdə səfil günündə yaşayır.

Çox istedadlı, savadlı uşaqdır. İncəsənət Gimnaziyasında oxuyur. Şəraitsizlikdən düz bir ildir ki, dərslərə girə bilmir. 16 ildir kirayələrdə körpə uşaqla sürünürəm. İndi də başıma bu qəza gəldi, qaldım yorğan-döşəkdə. Kaş mənə Xalq artisti adını verincə, birotaqlı ev verəydilər. Məni onsuz da xalq tanıyıb, sevir. Bu gün yanıma yüzlərlə tamaşaçı gəlir. Ürəyim açılır. Mən müraciət edirəm, rica edirəm, mənim vəziyyətimi nəzərə alıb, məni birotaqlı evlə təmin etsinlər” söylədi.

Nuriyyə xanımın bacısı Maya ilə də əlaqə saxladıq. Ürək yanığısı ilə Nuriyyə xanımın təvazökarlıq edib dilə gətirmədiyi problemləri açıb tökdü: "Nuriyyə küçələrdə qalmaqdan bu günə düşüb. Uşaq düz bir ildir ki, davamlı olaraq məktəbə getmir. İndi də anası xəstəxanaya düşüb, məktəb çantasını gətirib qoyur, palataya. Neyləyək? Allah götürməz bunu. Bu adam küçələrdə qalıb. Lazımsız adamlara ev verirlər, amma 46 ildir sənətdədir, birotaqlı mənzillə də təmin edilmir. Çox şey istəmir

ki, adam kimi yaşamaq üçün ev istəyir. Əşyaları birinin evində, qab-qacağı birinin, yorğan-döşəyi bir başqasının küncündə qalıb. Heç olmasa, Nuriyyənin bugünkü vəziyyətini nəzərə alıb, onu birotaqlı mənzillə təmin etsinlər. İstəmirəm, təmirli olmasın. Eləcə dörd divar versinlər, bu da bilsin ki, başını soxmağa bir damı var. Nə vaxta qədər küçələrdə onun-bunun qapısında qalacaq bu qadın?! Budur sənətkara verilən dəyər?!

Xalq artistinin vəziyyəti, evsizliyi barədə onun həmkarı, sənət dostu Hacı İsmayılovla da danışdıq. Hacı İsmayılov da Nuriyyə Əhmədovanın səhhətindən narazılığını dilə gətirdi: "Nuriyyə xanım gözəl insandı, işinin peşəkarı olan aktrisadır. Onun çətinliyi bir günlük deyil. Artıq neçə illərdir ki, biz onun çətin vəziyyətdə yaşadığını bilirik. Mən onun həyat yoldaşı ilə dostam. Daha doğrusu, keçmiş həyat yoldaşı ilə. Amma bu bizim Nuriyyə xanımla dostluğumuza təsir etmir. Nuriyyə xanım çox istedadlı aktrisadır. Onun evsizliyi bizi də sənət dostları olaraq narahat edir. Mən ümid etmək istəyirəm ki, Nuriyyə xanımın bugünkü vəziyyəti, bir uşaqla kirayələrdə qalması nəzərə alınacaq. Çox arzu edirəm ki, onun problemi həll olunsun, ona ev verilsin. Nuriyyə xanım ömrünü sənətə həsr edib. Bilirsiz, bu gün belə aktrisalar çox azdı. O dövrün sənətçiləri sənət naminə çalışırlar. Onlar üçün maddiyat hər zaman arxa planda olur. Çox üzülürəm ki, onun kimi aktrisa bu gün maddi sıxıntı yaşayır. Onun övladına ürəyim ağrıyır. Hansı ana istəyər ki, uşağı onun-bunun qapısında qalsın. Mətbuat nümayəndələrindən də bir xahişim var, onun kimi sənətkarı yada salsınlar, dəyərləndirsinlər. Sizin yada saldığınız insanları başqaları da yada salır. Bəlkə mətbuat bu problemi işıqlandırsa, Nuriyyə xanımın ev problemi həll olunar”.

Tahirə