Ukrayna od içindədir, sükuta ehtiyac var

Ən yaxşı nəticə odur ki, supergüclər Qarabağ münaqişəsini öz maraqları üçün istifadə etməsinlər



"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmalıyıq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinə dair gərgin işləməli, tezliklə nəticə əldə etməliyik”.

Bunu Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında deyib. O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: "ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır”.

ATƏT PA prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: "Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir”.

R.Krivokapiçin açıqlamasını şərh edən politoloq Zəfər Quliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, indiki halda geosiyasi və siyasi kontekstdə Qarabağ məsələsinin həllində hansısa irəliləyişin olması gözlənilmir. Onun sözlərinə görə, danışıqlar prosesində də ciddi impulsun olması inandırıcı deyil: "Ukrayna böhranı ilə əlaqədar bəzi məsələlər ikinci plana keçib. Beynəlxalq strukturlar, aparıcı ölkələr Ukraynadakı vəziyyətlə məşğul olurlar. Moskva ilə Qərb arasında qarşıdurma yaranıb. Belə bir şəraitdə Qarabağ konflikti ilə bağlı yeni impulsların olacağını düşünmürəm”.

Siyasi təhlilçi söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi barədə geosiyasi konsensus bir neçə il əvvəl yaranmışdı: "2009-2010-cu illərdə Amerika, Rusiya və Fransanın Qarabağla bağlı mövqelərində

yumşalma vardı. Yenilənmiş "Madrid prinsipləri” əsasında münaqişədə iştirak edən əsas ölkələrin mövqelərini yaxınlaşdıraraq nəyəsə nail olmağın mümkünlüyünü düşünmək olardı. Ümidlər özünü sabit dönəmdə doğrultmadısa, hazırkı mərhələdə inanmıram ki, münaqişədə hansısa uğura nail ola bilək”.

Z.Quliyev onu da diqqətə çatdırıb ki, indiki təhlükəli dövrdə ən yaxşı nəticə odur ki, supergüclər Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə etməsinlər: "Son günlər görürük ki, Rusiyanın bəzi siyasətçiləri, şəxsən Jirinovski müəyyən bəyanatlarla gündəmə gəlir. Ona kloun kimi baxırıq. Əslində Jirinovski Kremlin açıq formada demədiyi fikri başqa formada ifadə edir. Jirinovski elə bu gün (dünən) rus kanallarının birində səsləndirdi ki, Abxaziya, Osetiya, Qarabağ və Dnestryanı ətrafında başlanan konfliktlər Rusiyanın maraqları kontekstində həll olunmalıdır. Ona görə də indiki mərhələdə ən yaxşı variant odur ki, Qarabağ məsələsini gündəmə gətirməsinlər”.

Ayyət Əhməd