Mayda növbəti əfv gözlənilir?

Çingiz Qənizadə: “Bu, cənab prezidentin konstitusion hüququdur”
Azay Quliyev: “Mayda əfvin olub- olmayacağı ilə bağlı dəqiq fikir söyləyə bilmərik”


Artıq uzun illərdir ki, bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı və ya sərəncamı imzalanır. Odur ki, önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı ilə bağlı söhbətlər hər bayram ərəfəsi olduğu kimi, may ayında, mərhum prezident Heydər Əliyevin 90 illiyi münasibətilə əfv və ya amnistiya olacağı barədə də məlumatlar yayılmaqdadır.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı da mayın 10-da Heydər Əliyevin 90 illiyi ərəfəsində həm əfv sərəncamının imzalanmasını, həm də amnistiya gözlədiklərini deyib: "Bizdə olan məlumata görə, may ayında əfv sərəncamı imzalanacaq. Həm də Azərbaycan may ayından Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayacaq. Bu səbəbdən may ayında əfvin olması gözlənir”.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, bayramdan-bayrama əfv olmalıdır deyə bir qayda yoxdur. Onun sözlərinə görə, bəzən mart ayında yox, iyun ayında da əfv olur: "Yəni bu, cənab prezidentin konstitusion hüququdur və istədiyi vaxt bu hüquqdan yararlana bilər. Bu da əlamətdar günlərə təsadüf edə bilir. Ola bilər, cənab prezident may ayında, ya da başqa bir vaxtda əfv fərmanı versin. Yəni hər hansı bir sənəddə qayda yoxdur ki, mütləq hansısa vaxtda əfv olmalıdır”.

Ç.Qənizadə qarşıdan gələn əfv fərmanında onların da müraciətlərinin nəzərə alınacağını bildirib: "Monitorinq Qrupunun üzvləri - mən, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı əfvlə bağlı cənab prezidentə müraciət etmişik. Bu müraciətdə əsasən siyasi motivlərə görə həbs edildiyi deyilən dustaqların əfv edilməsini ölkə başçısından xahiş etmişik. Cənab prezident bizim müraciətə zaman-zaman diqqətlə, həssaslıqla yanaşıb. Belə hesab edirəm ki, qarşıdan gələn əfv fərmanı nə vaxt olacaqsa, bizim müraciətlərimiz də nəzərə alınacaq”.

Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev isə bildirib: "Mütləq deyil ki, cənab prezident hər bayramqabağı əfvlə bağlı fərman imzalasın. Bu, konstitusiyada dövlət başçısına verilmiş

hüquqdur. Bu hüququndan da istənilən vaxt istifadə edə bilər. Sadəcə olaraq, bizdə ənənə yaranıb ki, hər bayramqabağı dövlət başçısı əfv fərmanı verməklə məhbusların ailəsinə ikiqat bayram sevinci bəxş edir. Bizdə də belə fikir yaranıb ki, bu, mütləq olmalıdır. Bunun olmaması çox normal bir haldır. Yəqin ki, növbəti aylarda əfvlə bağlı məsələ yenidən aktuallaşar və dövlət başçısı hesab etsə ki, müraciət edən məhbusların işinə baxıb, müvafiq fərman imzalayacaq, artıq o zaman biz yeni bir fərmanın şahidi olacağıq”.

"Bəs may ayında əfv gözlənilirmi” sualına isə Azay Quliyev bununla bağlı konkret bir fikir söyləyə bilməyəcəyini deyib: "Mayda əfvin olub-olmayacağı ilə bağlı dəqiq qərar söyləyə bilmərik. Çünki bu işlə əlaqədar rəsmi məlumat da yoxdur”.

Şəymən