“Gülər Əhmədova yalnız vəsatət verə bilər”

İradə Cavadova: “Bizdə ictimai əhəmiyyətli proseslər qalmaqallı keçirilir”



Dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov videomateriallarla bağlı ekspertiza keçirən ekspertlərin və müstəntiq Emzar Qocayevin məhkəmədə dindirilməsi, Sevinc Babayevanın Gülər Əhmədovaya, Tavat Şirinovaya yazdığı mesajların tədqiq edilməsi, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın yenidən dindirilməsi, Elşad Abdullayevin dindirilməsi, S.Babayevanın Bakı Şəhər Prokurorluğuna ünvanladığı müraciətlərin tədqiq edilməsi barədə vəsatətlər verib. Həmin vəsatətlərə münasibət bildirən Gülər Əhmədova Elşad Abdullayevin dindirilməsini istəyib. E.Abullayevlə üzləşmək istədiyini məhkəmənin diqqətinə çatdıran G.Əhmədova ona çoxlu sualları olduğunu deyib və qeyd edib ki, Abdullayev gəlib ona pul verdiyini sübut etsin: "Ya Elşadı gətirin, ya da buraxın gedim oturum evimdə, Elşad gələndə gələrəm”.

Gülər Əhmədovanın sözügedən tələbinin hüquqi baxımdan heç bir əsası olmadığını deyən vəkil İradə Cavadovanın sözlərinə görə, sabiq millət vəkili ancaq Elşad Abdullayevlə üzləşmək istəyi ilə bağlı vəsatət verə bilər: "Əgər Gülər xanım bunu məhkəmədən tələb edibsə, belə bir hüququ yoxdur. Uzaq başı, o, bu istəyi ilə bağlı vəsatət verə bilər. Bir də ki, üzləşmə istintaq zamanı olmalı idi. Sadəcə, müəyyən səbəblərdən Elşad Abdullayevin Azərbaycana gəlməsi baş tutmadı. Qarşı tərəf məhkəmədə olmadığı halda isə bütün sənədlər, sübutlar toplanır və məhkəmə qərar çıxarır. İttiham olunan şəxs də həmin qərarlara tabe olmağa məcburdur. Bu məsələdə də məhkəmənin lazımi qərarı

çıxarması üçün yetərincə dəlil-sübut vardı. Sözün açığı, bu olayda qaranlıq qalan məqamlar çox oldu. Məhz bu səbəbdən də müxtəlif mülahizələr irəli sürülür. Bu iş ictimaiyyət üçün kifayət qədər diqqətçəkən oldu. Bu da xanımın tutduğu mövqe ilə bağlı idi. Bilirsiniz ki, parlament ölkədə böyük nüfuz sahibi olan orqandır. Bu mənada məhkəmə prosesi ictimaiyyət üçün açıq olmalı və toplanmış bütün sübutlar ictimaiyyətə açıqlanmalı idi. Proses qapalı olmadığı üçün bu mümkün idi. Hətta bəzi ölkələrdə bu cür olaylar böyük monitorlar vasitəsilə birbaşa yayımlanırdı. Maraqlanan insanlar monitor vasitəsilə məhkəmə binasının həyətində prosesi asanlıqla izləyə bilirdi. Amma bizdə bu cür ictimai əhəmiyyətli proseslər, nədənsə, qalmaqallı keçir”.

Şəymən