Bazarımızı qoruya bilmirik

Pomidorun 70, kartofun 40, qarpızın 60 faizi geni dəyişdirilmiş məhsullardır



Bu gün ölkə bazarlarında satılan məhsulların əksər hissəsi geni modifikasiya olunmuş (GMO) məhsullardır. Ölkəyə geni dəyişdirilmiş məhsullar gətirilməsi mövzusu həmişə gündəmdədir. Bu mövzuya zaman-zaman toxunulsa da, GMO-nun insan orqanizmi üçün nə qədər zərərli olduğu söylənilsə də, bu məhsulların Azərbaycana idxalı və ölkədə əkininin qarşısı hələ də alınmayıb. İlin hər mövsümündə xaricdən gətirilən şübhəli qoxuya, bərkliyə, rəngə sahib bu məhsulların eyni ölçüdə olması və müəyyən vaxt keçməsinə baxmayaraq xarab olmaması bu məhsulların təbii olmamasını bariz şəkildə göstərir.

Son 10 ildə bazar piştaxtalarında görünən və ilin, demək olar, bütün fəsillərində ölkəyə idxal edilən meyvələr, həmçinin müxtəlif aromatik maddələrlə zənginləşdirilmiş ət və ət məhsulları, müxtəlif çeşidli yağlar, kəsmiklər, maye içkilər, çipslər, qurudulmuş çöpcüklər, popkorn və s. al-əlvan örtüklərlə bəzədilərək hamının və xüsusən uşaqların nəfsini çəkməkdədir. Əslində isə gen mühəndisliyi adı altında gizlənən bu məhsullar-aldatma formasıdır.

Əvvəllər el dilində nübar deyilən bir söz vardı. Yəni meyvəni hansı fəsildə yetişirdisə, o fəsildə də yemək lazım idi. Qədimlərdən torpaqdan gələn və sağlamlıq rəhni, bol vitamin mənbəyi olan meyvələr insan orqanizmi üçün həyat qədər vacib qida məhsulu hesab edilib.

Amma biz indi bunu söyləyə bilmirik. Çünki bazarlarda olan meyvə məhsullarından tutmuş, digər qida vasitələrinə kimi, demək olar ki, 90 faizi geni dəyişdirilmiş məhsullardır.

Pulunu da itir, sağlamlığını da

Xarici ölkələrdə geni dəyişdirilən məhsullar geniş yayılıb. Amerika, Kanada, Argentina, Çin və başqa ölkələrdə alma, kartof, pomidor, xiyar, badımcan, qarğıdalı, soya və başqa bitkilərin geninin dəyişilmiş olması adi bir haldır. Belə məhsulların ən böyük üstünlüyü onun gətirdiyi mənfəətdir. Geni dəyişdirməklə məhsuldarlığı qat-qat artırmaq, meyvələrin ölçülərini sürətlə böyütmək mümkün olur.

Bəs sual olunur - Geni dəyişdirilmiş məhsullar təhlükə mənbəyi deyilmi? Bəlkə elmdə geri qaldığımızdan genləşdirmə prosesinə normal dəyər verə bilmirik?

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə "Bioloji müxtəlifliyə dair” BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulub. Sonuncu sənədin tələblərinə görə, Azərbaycan GMO mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürüb.

Öhdəliklər sırasında bu məhsulların ölkədə yayılmasının qarşısını almaq üçün bir sıra dövlət qurumları birlikdə tədqiqatlar aparmalıdır. Əgər araşdırmalar zamanı hər hansı formada geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul edilməlidir. Amma bu gün də satış mərkəzlərinin piştaxtalarını bu məhsullar hər zaman bəzəyir.

Təəssüf ki, bu sahə getdikcə inkişaf etməkdədir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümi olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik. Bu ticarətlə, bəzi hallarda onun yetişdirilməsi ilə məşğul olan şəxslər və onları himayə edən qüvvələr bildirirlər ki, bunlar GMO məhsullar deyil. Onu da bildirək ki, xaricdən idxal olunan bütün məhsulların hamısına GMO adı vermək düzgün deyil. Hansı məhsulun GMO olduğunu laborator analizlərdən sonra müəyyən etmək olar. Amma bu gün müstəqil laboratoriyaların mövcudluğu və fəaliyyəti şübhə doğurur. Belə məqamda istehlakçı aldanır, pulunu və sağlamlığını itirir.

Bu sahədəki araşdırmalar nəticəsində maraqlı rəqəmlər ortaya çıxır. Deməli, Azərbaycanda yetişdirilən və satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizini yeni növ məhsullar təşkil edir. Bunlar GMO məhsullarıdır və yaxud nədir, onu demək çətindir. Əsas odur ki, həmin məhsulların keyfiyyəti yoxdur və mənşəyi şübhə doğurur.

İnsanlar da mübarizə

aparmalıdırlar

Ekspertlərin qənaətincə, GMO məhsulların ölkəyə gətirilməsinin qarşısını tamamilə almaq mümkün olmasa da, miqdarını azaltmaq, bundan istifadənin zərərləri haqqında əhali arasında maarifləndirmə işi aparmaq olar.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti GMO məhsulların ölkəyə gətirilməsi ilə bağlı ciddi mövqe sərgiləməlidirlər. Deputatın sözlərinə görə, ölkə sərhəddində normal laboratoriya yaradılarsa, Azərbaycana heç bir geni dəyişdirilmiş məhsul buraxılmayacaq: "Rusiyada bununla əlaqədar çox ciddi tədbirlər həyata keçirilib. Bizdə məsələ ilə bağlı qanunlar var. Sadəcə, o qanunları icra etmək lazımdır”.

Millət vəkilinin fikrincə, Azərbaycanda modifikasiya olunmuş məhsullar da çoxdur: "Biz hələ də daxili bazarımızı qoruya bilmirik. Müəyyən çətinliklərin olması səbəbindən məhsullar tələbatımızı ödəmir. Son vaxtlar geni dəyişdirilmiş məhsullar həddindən artıq çoxalıb. Belə məhsullar insan sağlamlığı üçün çox təhlükəlidir. Bunun da nəticəsi olaraq dəhşətli xəstəliklər meydana gəlir. Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, bunların qarşısı alınmalıdır. Müəyyən laboratoriyalar istifadəyə verilməlidir ki, ölkəyə daxil olunan məhsullar sərhəddə yoxlanılıb sonra buraxılsın. Bu, çox ciddi məsələdir”. V.Əhmədov bildirib ki, GMO məhsulların Azərbaycan bazarında geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir və bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq da düzgün deyil: "Azərbaycan qanunvericiliyi GMO məhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır. Düzdü, son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilib. Amma hələ ki, lazımi nəticə əldə olunmayıb. Yenə də deyirəm, GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. Dövlət Komitəsi sərhəd-gömrük məntəqələrində Azərbaycana daxil olan məhsulların keyfiyyətini ölçmək üçün xüsusi laboratoriyalar quraşdırmalıdır”. Parlament üzvü Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunana qədər özünü ekoloji təmiz məhsullarla təmin etməsini zəruri sayıb:

"Çünki ÜTT-yə üzv təşkilatlar məhsulların ölkəyə idxalına qadağa qoya bilməz. Eyni zamanda insanlarımız da bununla mübarizə aparmalıdırlar”.

GMO - allergik xəstəliklərin səbəbkarı

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev bazarlarda artımı müşahidə olunan geni dəyişdirilmiş bitkilərin təbiətin mövcud tarazlığını pozduğunu bildirib: "Öncəliklə, bu məhsulların artması yerli sortların azalmasına səbəb olur. Geni modifikasiya olunmuş qidalar əkildikləri torpağın, bəzi alaq otlarının, mədəni bitkilərin məhv olmasına səbəb olur. O qədər güclü təsir edir ki, həmin ərazidə yenidən əvvəlki bitkilər bitmir”. GMO məhsulların insan səhhətində yaratdığı problemlərə gəldikdə isə E.Əliyev, xüsusən, allergik və mənşəyi məlum olmayan bir sıra xəstəliklərin yaranmasına səbəb olduğunu söyləyib:

"Bu gün geni dəyişdirilmiş qidalar ən çox Amerikada istifadə olunur. Araşdırmalara əsasən, ABŞ-da əhalinin 70 faizi allergik xəstəliklərdən əziyyət çəkir. Amma belə məhsulların istifadə olunmadığı ölkələrdə allergik xəstəliklər 7 faizi keçmir. Həkimlər də bildirirlər ki, son dövrlər bir çox allergik xəstəliklərin əsl səbəbini müəyyən etməkdə çətinlik çəkirlər. Bundan başqa, bu bitkilər həm də təbiətin mövcud qanunauyğunluğunu pozur və bəzi bitkilər kütləvi şəkildə məhv olur”. Mütəxəssis qeyd edib ki, bu gün ölkədə geni dəyişdirilmiş qidaları yoxlayacaq laboratoriyaların kifayət qədər olmaması onların aşkarlanması üçün problemlər yaradır:

"Geni dəyişdirilmiş qidaların aşkarlanması üçün məhsulları üç növ yoxlamadan keçirirlər. Birinci, məhsulun tərkibində başqa genin olub-olmaması müəyyən olunur. İkinci, bu genin miqdarı, üçüncü mərhələdə isə onun hansı nəticələrə səbəb olacağı müəyyən edilir. Bu laboratoriya cihazlarının qiyməti çox yüksək olmasa da, bizdə bunların sayı çox azdır. Halbuki bu cihazlar sərhəddə quraşdırılmalıdır ki, ölkəyə daxil olan hər bir məhsul elə oradaca yoxlanılsın. Bu sistemin olmaması təhlükəni bir az da artırır”.

İşçi qüvvəsi və torpağı olan Azərbaycana GMO lazım deyil

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələyə daha sərt yanaşır. Onun sözlərinə görə, GMO məhsullarının xeyri varsa, BMT biomüxtəlifliyin qorunması haqqında sənədlər hazırlamazdı: "Azərbaycanda GMO-ya dair olan sözbazlıq, boş-boş danışıqlar hər zaman mövcud olub. Qeyd edim ki, GMO məhsullarının yayılmasının arxasında Ümumdünya Ticarət Təşkilatı durur. "Mansata” şirkəti GMO əkinçiliyinin arxasında dayanır. Azərbaycanda "Mansata” şirkətinin istehsal etdiyi raundat mənim ofisimdə də var. Bütün dünyada GMO-nun yayılması prosesi gedir. Baxmayaraq ki, 37-dən çox ölkə öz ərazisinə GMO-nu buraxmır, amma GMO-ya təslim olan ölkələr də az deyil”. Ekspert vurğulayıb ki, GMO-ya təslim olan ölkələr həmin məhsulların üzərində GMO olduğunu qeyd edir: "Amma təəssüf ki, bizdə bu yoxdur. Hətta bəzi maraqlı qüvvələr var ki, belə məhsulların ziyanı olmadığını bildirirlər. Hesab edirəm ki, GMO-nu tərifləyənlər bunu rüşvətlə edirlər. Çünki bütün hallarda GMO insan üçün təhlükəlidir. Bəzi GMO müdafiçiləri bu məhsulların insanları aclıqdan xilas edəcəyini bildirir. Düzdür, bu, bəzi ölkələr üçün keçərli ola bilər. İşçi qüvvəsi və torpağı olan Azərbaycana isə GMO lazım deyil. GMO ətraf mühitin biomüxtəlifliyini pozur. Bu, artıq sübut olunub”.

E.Hüseynov da deyir ki, ölkəyə GMO məhsullarının gətirilməsinə baxmayaraq, heç bir laboratoriya buna nəzarət etmir: "Standartlaşdırma Komitəsi laboratoriya gətirib, bu sahədə müəyyən addımlar atır. Amma bu, yetərli deyil. Ölkədə GMO-ya qarşı heç bir ekspertiza aparılmır”.

P.S. Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Əvvəlki illərlə müqayisədə xəstəxanaların xəstə sarıdan problemi yoxdur. Bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də Genetik Modifikasiya Olunmuş (GMO) məhsullardır. Çünki insanların qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman yığılıb qalır. Nəticələr isə göz qabağındadır. Bu

sahədə həyəcan təbili çalınmalıdır. İlk növbədə müxtəlif təbəqələr arasında maarifləndirmədən başlamaq lazımdır. İstehlakçı bilməlidir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir. İkincisi, yerli istehsala diqqət və qayğı daha da artmalıdır. Geni dəyişdirilmiş müxtəlif bitkilərin, meyvə və tərəvəz növlərinin əgər toxumundan yerli sahibkarlar tərəfindən istifadə olunursa, bu işə nəzarət edilməlidir. Müxtəlif tədqiqat mərkəzləri tərəfindən bu məsələlər araşdırılmalıdır.

Anar Bayramoğlu