Yeni nazirin “bəxtindəndir”

Bu il quraqlıq olub, çörək bahalaşacaq



Benzinin qiymətinin artdığını görən əhali özünü artıq digər qiymət artımlarına "kökləyir”. İlk sırada da əlbəttə ki, un və çörək dayanır.

Çünki nə qədər anormal görünsə də, ölkəmizdə hər bir məhsulun qiyməti benzinin dəyəri ilə ölçülür. İstər benzinə bu və ya hansısa digər şəkildə dəxli olan, istərsə də, benzinlə heç bir bağlantısı olmayan məhsul, fərq etmir, bütün hallarda qiymət artımı hər bir sahəyə təsir göstərir. Bundan əvvəl də benzinin qiymətində bahalaşma baş verəndə, iqtisadçılar bildirirdilər ki, bu artım ərzaq məhsullarına təsir etməməlidir, çünki daşınmada ucuz yanacaq vasitələrindən istifadə olunur. Amma nə fayda!.. Benzindəki qiymət artımı dərhal digər məhsullara da təsirini göstərdi. İndi isə "Avro-4” standartına keçidlə əlaqədar "Avro premium-95” benzinin qiyməti qalxıb və əhali artım prosesinin çörəyə təsir edəcəyini proqnozlaşdırır.

Bəzi iqtisadçılar un və çörəyin artımına "obyektiv” səbəb də göstərirlər; guya hazırda un anbarlarında və çörək sexlərində indiyədək alınmış - köhnə unlardan istifadə olunur, elə ki, ehtiyat bitəcək, ölkəyə bahalı un gətiriləcək. Və onda əsl çörəklə imtahan başlayacaq. Çörəyin qiymətində azı 5 qəpik artım olacaq. Hətta sahibkarların bu qiyməti yuvarlaqlaşdırıb 10 qəpiyə çatdıracaqları da bildirilir.

Deyilənlərin reallığa nə dərəcədə yaxın olduğunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovdan soruşduq. Millət vəkili "Şərq”ə açıqlamasında ölkəyə idxal olunan unun qiymətində bahalaşma ola biləcəyini istisna etmədi, lakin hökumətin çörəyin qiymətini nəzarətdə saxlayacağını da dedi:

- Bilirsiz ki, hazırda Rusiyada, Ukraynada, Qazaxıstanda vəziyyət stabil deyil. Hər an hansısa dəyişikliklər, yeniliklər baş verə bilər. Azərbaycan taxıl ehtiyacını daxili imkanlar hesabına tam təmin edə bilmədiyindən məcburuq, kənardan taxıl, un idxal edək. Azərbaycana 500-600 milyon ton taxıl idxal olunur. Qazaxıstandan, Rusiyadan alınan taxılın qiymətində bahalaşma mümkündür. Digər tərəfdən özəl şirkətlər tərəfindən də ölkəyə un gətirilir. Həmin bahalı un da ölkəyə kənardan gətirilir. Qiymətlərin bahalaşmasını benzinin qiymətindəki artımla əlaqələndirirlər, baxmayaraq ki, daşınmada istifadə olunan benzinin qiymətində artım olmayıb. Amma bilirsiz ki, bizdə qiymətlər təkcə obyektiv yox, subyektiv səbəblərdən də qaldırılır. Taxıl və un idxalçıları benzinin qiymətinin qalxmasını bəhanə edir. Çörəyin qiymətində artım gözə çarpmasın deyə, gah çəkini, gah da keyfiyyəti aşağı salırlar. Amma mən inanmıram ki, hökumət çörəyin qiymətinin qalxmasına laqeyd yanaşsın. Çörək ən mühüm strateji məhsul olduğuna görə, dövlət un və çörəyin qiymətini daim nəzarətdə saxlayır. Hazırda un və çörəyin qiymətinə İqtisadi İnkişaf Nazirliyi tərəfindən nəzarət olunur. Ona görə də inanmıram ki, çörəyin qiymətində artım olsun.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, nəzarət nə qədər güclü olsa da, sahibkarlar qiymət artımını çörəyin çəkisini azaltmaqla həyata keçirəcəklər:

- Çörəyin qiyməti ilə bağlı cəmiyyətdə narahatlıq var. Bizim ofisə gün ərzində 2-3 belə zəng olur, əhali çörəyin qiymətinin artacağının nə dərəcədə real olub-olmadığını soruşur. Narahatlıq əsassız da deyil. Bu il kənd təsərrüfatı üçün çox çətin ildir, quraqlıq oldu. Bu da görünür, təzə nazirin

"bəxtindəndi”. Taxılçılıq rayonlarında çox az miqdarda taxıl əkilib. Buğda sortlarımız da dəyərsizdir. Yerli buğdadan çörək əldə etmək mümkün deyil. Bilmirəm, niyə belədir. Mütəxəssislər təcili surətdə bu problemlə maraqlanmalı və çıxış yolları tapmalıdırlar. Biz nə vaxtadək Rusiyaya, Qazaxıstana əl açacağıq? Onlar da hər dəfə bir qiymət oxuyur. Ölkədə ərzaq təhlükəsizliyi proqramı var, ona uyğun da addımlar atılmalıdır.

E.Hüseynov bildirdi ki, bəzi sahibkarlar ölkəyə bahalı un gətirmək adı altında istehlakçı hüquqlarını pozurlar:

- Alıcının, istehlakçının seçim hüququ var. Sən, hansısa ölkədən ən bahalı unu alıb, gətirib öz ölkəndə baha qiymətə xalqa satmamalısan. Necə yəni, bahalı un gətiriləcək? Onlara bu hüququ kim verib? Qiymət sövdələşməsi və şişirdilmiş qiymətlərin qarşısının alınması ilə bağlı Prezidentin müvafiq fərmanları var. Bunlar süni qiymət artımına qarşı yönəlmiş fərmanlardır. Amma təəssüf ki, bir çox bazar seqmentlərində olduğu kimi, xaricdən taxıl məhsulları gətirilməsində də monopoliya var və özləri istədikləri qiyməti bazara diktə edirlər. Hesab edirəm ki, gömrük rüsumlarında dəyişiklik etməklə çörəyin qiymətini stabil saxlamaq olar.

Məlahət Rzayeva