“Hacı Məmmədovun vəziyyəti yaxşıdır”

Elçin Behbudov: “Pərviz Həşimli ilə görüşmək isə mümkün olmadı. Çünki məhkəməyə aparmışdılar”


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.

Bu barədə "Şərq”ə məlumat verən E.Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: "Mənə bildirdilər ki, Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Hər hansı problemi yoxdur. "Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşmək isə mümkün olmadı. Çünki məhkəməyə aparmışdılar. Sadəcə mənə Pərviz Həşimlinin aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu dedilər. Şəxsən İstintaq təcridxanasının rəisi mənə Pərviz Həşimlinin aclıq keçirmədiyini deyib”.

E.Behbudov monitorinq zamanı həmçinin təcridxanada saxlanılan Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Əhməd Həsənovla görüşdüyünü də bildirib: "O, qanunsuz yolla Suriyaya gedib. Orada döyüşlərdə iştirak edib. 7 aydan sonra Azərbaycana qayıdanda həbs edilib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Tutduğu əmələ görə peşman olduğunu bildirdi. Suriyaya gedənlərə isə məsləhət gördü ki, ora getməsinlər”.

Hüquq müdafiəçisi eyni zamanda təcridxanada saxlanılan Quba rayon sakini Eldəniz Hacıyevlə də görüşüb: "Onun evində axtarış aparıblar. Məlum olub ki, "nurçuluq” cərəyanına qoşulub. O isə özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, "Qurani-Kərim”i tədqiq edib, araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.

Təcridxanada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Ehtiram Əliyevlə də görüşdüyünü vurğulayan Komitə sədri onun da hər hansı şikayəti olmadığını qeyd edib.

Şəymən