Avtobusda “kişilik” dərsi...

Ayyət Əhməd


İctimai nəqliyyat bəzən cəmiyyətdəki müsbət və mənfi tendensiyaları çılpaqlığı ilə əks etdirə bilir. Xeyr, tələsməyin, sürücülərin mədəniyyətsizliklərindən, sərnişinlərə bəşər övladı deyil, qəpik kimi baxmalarından, 20 qəpik uğrunda yarışa çıxmalarından, ucuz və bayağı mahnılara qulaq asmalarından, həmkarını "vaxtıma niyə girmisən” deyərək daş-qalaq etmələrindən söz açmayacam.

Bunlar gündəlik həyat tərzimizə çevrilib, adi hal alıb. Bu barədə kifayət qədər yazı-pozu olub. Amma nə xeyri? Hər halda islahı mümkün məsələlərdir. Əlaqədar qurumlar isə ağzına su alıb oturub. İrad və tənqidləri isə sağdan alıb sola ötürür. Əslində problemin çözümünə səthi nəzarət yetər. Yeri gəlmişkən qeyd edim ki, sərnişindaşımada avtobuslar nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasından çıxarılıb. Bu iş Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub. Ümid edək ki, yaxın perspektivdə bu sahədə müsbət nəticələr əldə olunacaq. Keçək əsas mətləbə. İctimai nəqliyyatda bəzən elə tükürpərdən hadisələr yaşanır ki, yuxarıda sadaladıqlarım onun yanında toya getməli olur. Bu yazını yazmağa ötən günlərdə marşrutda üzləşdiyim mənzərə vadar etdi. Həmin mənzərəni heç bir mübaliğə və bəzəmədən sizə təqdim edirəm: "Dayanacaqda avtobusa bir cütlük mindi. "Bəy” ucaboylu, dəbdəbəli geyimdə, telli-toqqalı oğlan idi. Xanımın isə gözündən sanki yuxu süzülürdü. Arası çirkabla dolu, uzun dırnaqları vardı. Ətəyi az qala topuğundan aşağı idi. Əminliklə deyə bilərəm ki, üzü sudan başqa heç bir maye və maddə görməmişdi. Kirdən parlaqlığını itirmiş, qara, uzun saçları vardı. Saçına bağladığı rezin sanki toza bürünmüşdü. Əlləri qabar idi. Dodaqları ya susuzluqdan, ya soyuqdan, ya da qorxudan çat-çat olmuşdu. Çöhrəsindən qəribə məchulluq yağırdı. Elə bil ki, yaşamaq şövqü və həyat eşqi sönmüşdü. Avtobusa minmək üçün belə "bəy”in gözünün içinə ürkək-ürkək baxıb, addım atmağa icazə istəyirdi. "Bəy” çox təkəbbürlü və ədabaz adam idi. Marşrutda elə davranırdı ki, ictimai nəqliyyatı elə bil birinci dəfədir görür. Halbuki, onun hər gün eyni saylı avtobusa minməsinin şahidi oluram. Xanımına ilk sözü "az, keç

otur da” oldu. Oturmağa belə qorxusundan cürət etməyən, üz-gözündən məzlumluq yağan xanım, yanımdan keçərək əyləşdi. Nimdaş geyimindən təbiətə məlum olmayan üfunət qoxusu gəlirdi. Qadından sonra "bəy” də imkan tapıb xanımının yanına keçdi. "Bəy” qadının bütün geydiklərindən dəfələrlə baha olan telefonunu çıxarıb, yüksək səslə danışmağa başladı. O elə danışırdı ki, sanki hər kəsə maraqlı idi. Yaşamaqdan əlini üzmüş kimi görünən qadın, zəng edənin kimliyini məsum baxışları ilə soruşdu. "Bəy” danışığını bitirdikdən sonra telefonu qadının başında söndürdü. Onu vurmaması üçün qadın yalvarırdı. Abrına qısılıb dinmirdi, danışmırdı. Qorxusundan ağlaya da bilmirdi. Bəlkə də o, taleyinə o qədər ağlayıb ki, istəsə belə gözündən yaş gəlmirdi. Qadın bax belə qurumuşdu. Onların dözülməz macəralarını izləmək üçün düşdükləri dayanacağa qədər getdim. Sonda daha dəhşətli mənzərə ilə rastlaşdım. Qadın avtobusdan düşən kimi ictimaiyyət içərisində onu təpik-yumruğun altına saldı. Utandığından başını yerdən qaldırmayan xanım "Allah-Allah” deməklə kifayətlənirdi. Mən və yanımdakılar "ailə işidir” deyib müdaxilə etmədik. Hər halda bacarmadıq. Bu hadisədən sonra bütün günü dərsdə, işdə, evdə mənzərə gözümün önündən çəkilmədi. İndiyə kimi zərif cinsin nümayəndələrinin qadın azad, hür, müstəqil olmalıdır. Qadın insandır. O da bəşər övladıdır. Onun da istədiyi həyatı seçmək və yaşamaq haqqı var. Qadın hüquqları qorunmalıdır. Diskriminasiyaya məruz qalmamalıdır kimi fikirlərini ciddiyə almırdım. Düşünürdüm ki, doğrudanmı Azərbaycan qadını mənəvi və fiziki terrora məruz qalır? Doğrudanmı, Azərbaycan kişisi "kişiliyini”, "cəsarətini”, "şücaətini”, "qeyrətini” qadına zor tətbiq etməklə təsdiqləyir? Bu sualları yox deyərək cavablandırırdım. Amma görünən odur ki, Azərbaycan qadını istismar olunur, sındırılır, mənəviyyatı zədələnir, əzilir, mənən ölür. Bunu isə qadının bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran "kişilər” edirlər. Bu cür ucuz yollarla qadınlarına etdikləri xəyanəti ört-basdır etməyə çalışırlar. Ailəsində övladını, qocaldıqda təəssübünü və ya qayğısını çəkəcək həyat yoldaşını çörək və su ümidinə qoyub kənarda hansısa fahişəyə bahalı hədiyyələr almağı əsl "kişilik” sayırlar. Bu kişilik deyil, nakişilikdir. Əslində isə kişi qeyrətini, namusunu zor təbiq etməklə deyil, qadınına himayədarlıq etməklə, onu sevməklə, əzizləməklə, tumarlamaqla, vicdanlı ailə başçısı olmaqla, ailəsinə lütfkar yanaşmaqla sübut etməlidir. Qadın ürəyi kövrək budağa bənzəyir. Onu qırmaq, əzmək və sındırmaq olmaz. O ürəyin başına sığal çəkib sevindirmək, şadlandırmaq lazımdır. Hər bir qadın anadır. Axı cənnət anaların ayaqları altındadır. Hətta, xəlq edən Xaliq qadını, ananı, onun sözünü özünün qulu üçün vacib buyurduğu namazdan da üstün tutub. Namaz qıldığına görə, anasının sözünə məhəl qoymayan bir oğulu Allah elə bəlaya salır ki, o, həmin bəladan anasının duasından sonra yaxa qurtarır. Yeri-göyü yaradan qadir Allah qadını müqəddəs sayırsa, biz hansı statusla onunla qeyri-insanı formada davranmalıyıq. Bu problemi ona görə cəfəng sayıram ki, bəşər övladı yaranan gündən qadın və kişinin bərabər hüquqa malik olması cəmiyyətə aşılanır, təlqin olunur. Bununla belə nostalji hislərə qapılaraq "qadın evin süpürgəsidir, tullandığı küncdə də durmalıdır” düşüncəsini hələ də aktual hesab edənlər var. Əsrlərdən bəri qadın azadlığı ilə bağlı təbliğatlar aparılsa da, problem islah olunmadı. Əksinə, daha da radikallaşdı, kəskinləşdi. Qadına olan münasibət müsbət impuls almadı. Bu isə Azərbaycan cəmiyyətinin baş bəlasına çevrildi. Ölkədə boşanmaların yüksələn xətt üzrə inkişafının nüvəsində duran ən başlıca məsələ qadına qul, kölə kimi yanaşmaqdır. Çoxları isə boşanmaların səbəbini qadınlara verilən azadlıqla, sərbəstliklə izah etməyə çalışırlar. Bilmək lazımdır ki, qadının azad olması nəyisə dəyişmədi. Dəyişən qadınların ifadə azadlıqlarının olmasını dərk edərək haqqı tələb etmələri oldu. Buna görə onlar bəzən küçələrə atılırlar. Üstəgəl, onlara fahişə damğası da vurulur. Düzdür, bəzi ağzıgöycək kişilər məndən inciyəcək. İncisinlər. Hər halda insan haqlarının tapdanmasına qarşı umu-küsümü bildirdim. Bu hala giley-güzar etdim. Dünyəvi bir ölkədə, müasir dönəmdə, qloballaşan dünyada qadına bu cür yanaşma ətalətin və gerizəkalılığın təzahürləridir. Bu halın aradan qalxması üçün çox ciddi maarifləndirici və tərbiyəvi tədbirlərin görülməsinə ehtiyac var.