Kolokoltsevin səfəri ajiotaj yaradıb

“Rəsmi qurumlar məsələyə aydınlıq gətirməlidirlər”

Bu günlərdə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Qubaya qeyri-rəsmi səfər edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən bölgədə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə ixtisaslaşdırılmış işçi qrupunun növbəti iclası keçiriləcək.

Rusiya diplomatının gəlişini Qusar ərazisində bir qədər əvvəl baş verən atışma ilə əlaqələndirənlər də var. "Doqru.tv” isə V.Kolokoltsevin Qubanın Xınalıq kəndinə və yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə baş çəkməsi barədə xəbər verib. Həmin məlumata görə, V.Kolokoltsev Qırmızı qəsəbədə Qubadan olan və Türkiyədə yaşayan yəhudi iş adamı birgə olub. Doğru.tv vurğulayıb ki, V.Kolokoltsevin Qubaya səfəri rəsmi olmadığından əlaqəli məlumatlar da gizli saxlanır. Nazirin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi "Rixos Quba Azerbaijan” otelində olub. Bundan əlavə, söylənilir ki, keçmiş müdafiə naziri Səfər Əbiyev də onunla görüşüb. V.Kolokoltsevin bütün görüşlərinin detalları gizli saxlanılır.

Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə belə görüşlərin yeni olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya daxili işlər orqanı nümayəndələri arasındakı bu tipli görüşlər artıq mütəmadi xarakter alıb: "Bu da həmin görüşlərdən biridir. Bunun ajiotaja çevrilməsinə səbəb rəsmilərimizin bu barədə məlumat verməməsidir”.

Ü.Cəfərov vurğulayıb ki, hər iki ölkənin Dövlət Sərhəd Xidməti səviyyəsində də belə görüşlər keçirilir: "Ona görə də bu görüşləri rezonans doğuracaq formada təqdim etmək düzgün deyil. Bəzi qüvvələr, indiki həssas dönəmdə Azərbaycan və Rusiya arasındakı münasibətləri gərginləşdirmək istəyirlər. Baxın, rus qoşunlarının Qəbələ RLS-dən çıxarılması barədə məlumatların ardı-arası kəsilmir. Bağlanmış bir məsələni dönə-dönə gündəmə gətirirlər. Bütün addımlar Bakı ilə Moskvanı üz-üzə qoymağa hesablanıb. Bəzi maraqlı qüvvələr Qəbələ RLS-i Rusiyanın yadına salmaq istəyirlər. Belə mülahizələr səslənir ki, Azərbaycandan çıxarılan rus qoşunu Ermənistanda yerləşdirilirdi. Bu da ermənipərəst qüvvələrin planıdır. Amma məkirli niyyətləri nəticəsiz qalacaq. Hazırda Azərbaycanla Rusiya arasında normal münasibətlər mövcuddur”.

Ayyət Əhməd