“Qarşısı alınmasa, təhlükə reallaşacaq”

Millət vəkili Vahid Əhmədov dövlət içində şəbəkələşmiş gücün olduğunu söylədi


"Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın?”

Bu sözləri ötən gün Milli Məclisin iclasında deputat Zahid Oruc səsləndirib. Dünya güclərinin Qarabağ münaqişəsinə biganə yanaşdığından gileylənən millət vəkili deyib ki, Amerika, Avropa Azərbaycana qarşı ikili standartlar çərçivəsində siyasət yürüdürlər. Z.Orucun qənaətincə, qərb, supergüclər Qarabağ münaqişəsinə görə narahat deyillər: "Halbuki Qarabağ münaqişəsinin davam etməsi, regionda sülhün bərqərar olmaması inkişafın qarşısını alır: "Ukraynaya görə narahat olan qərb, Azərbaycana görə də narahatlıq keçirsin”.

"Dövlətçiliyimiz üçün təhlükə var”

Deputat Vahid Əhmədov Ukraynadakı qarışıq duruma toxunaraq deyib ki, bu ölkə ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskənliyə yol veriblər: "Onlar bununla həqiqi iç üzlərini ortaya qoydular. Təəssüf ki, bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir. Belə bir gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirib çıxara bilər. Bu da gələcəkdə Azərbaycanın müstəqil şəkildə və heç bir qüvvədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yaradar. Əgər onların qarşısı indi alınmasa, bu təhlükə reallaşacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyət millətin və dövlətin təhlükəsizliyi və rifahı üçündür. Müstəqilliyimiz hər şeydən əzizdir və dövlətin toxunulmazlığı qırmızı xətdir”.

"400 min vətəndaşımız bir saat ərzində məhv ola bilər”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunun müzakirəsinə ehtiyac olduğunu söyləyib. O bildirib ki, çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə, insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar: "Hesab edirəm ki, bu məsələ təklif kimi nəzərə alınmalıdır”. F.Mustafa həmçinin "Sərsəng” su anbarında yaranmış təhlükə ilə bağlı danışıb: "Həmkarım Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub. Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə, Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada sözügedən məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. "Sərsəng” su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır”.

"Mən anlamıram siyasi məhbus termini hardan ortaya çıxıb”

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə 28 May Respublika günü münasibəti ilə amnistiya elan olunmasını istəyib. Millət vəkili deyib ki, amnistiya olarsa, bu, siyasi məhbuslara da şamil edilər. "NİDA”çı gənclərə dövlət ittihamçısı tərəfindən istənilən cəzanın çox olduğunu deyən İ.Ağazadə qeyd edib ki, bu qədər cəza istənilməsi prokuror orqanlarını da pis vəziyyətdə qoyur: "İlqar Məmmədov və Tofiq Yaqubluya verilən həbs müddətlərinə baxanda dəhşətə gəlirəm. Azərbaycanda bu qədər gəncin həyatını puç etmək, məncə, düzgün deyil. Qarşıdan Respublika günü gəlir. Yaxşı olar ki, həmin gün Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunsun. Həmin siyasi məhbuslar da azad olunsunlar”.

"NİDA”çı uşaqları öyrədib əlinə "Molotov” kokteyli, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər”.

Bu sözləri isə İqbal Ağazadənin amnistiya təklifinə cavab olaraq hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov səsləndirib. Deputat vurğulayıb ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Mən anlamıram ki, bu termin haradandır? Mən anlamıram siyasi məhbus termini hardan ortaya çıxıb? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilərlər”. S.Novruzov bildirib ki, "NİDA”çı gənclərin

prosesində faktiki olaraq siyasi məhbusdan, siyasi məhkəmədən söhbət gedə bilməz: "Konkret olaraq törədilən cinayət faktları ilə bağlı məhkəmədən söhbət gedir. İxtisasından, peşəsindən asılı olmayaraq qanun qarşısında hamı məsuliyyət daşıyır”.

Vitse-spiker Ziyafət Əsgərov da İ.Ağazadənin fikirlərinə etiraz edib: "Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!”.

"Azərbaycanlılar xaricə müalicəyə dövlət xətti ilə getsə, artıq xərcə düşməkdən, lazımsız müayinələrə cəlb olunmaqdan xilas ola bilərlər”

Bundan sonra Hesablama Palatasının hesabatı dinlənilib. Qurumun sədri Vüqar Gülməmmədov deyib ki, palata tərəfindən ötən il 75 audit yoxlama həyata keçirilib. V.Gülməmmədov bildirib ki, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirləri və xərcləri, 59-u büdcə vəsaitlərinin istifadəsinin təhlili, 4-ü büdcədən kənar fondlardan istifadə, 7-si Dövlət Torpaq Fondundan istifadə ilə bağlıdır. Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V.Gülməmmədov qeyd edib ki, aparılmış audit tədbirlərinin nəticələrinə, ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlar var. Audit aparılan təşkilatlarda aşkarlanan bəzi nöqsanlar barədə danışan V.Gülməmmədovun sözlərinə görə, belə nöqsanlara vəsaitlərinin vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməsi, debitor borcların vaxtında bağlanmaması və s. kimi halları aid etmək olar. O həmçinin bildirib ki, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib.

Hesabata münasibət bildirən millət vəkili Musa Quliyev deyib ki, Azərbaycan dövləti, xaricə müalicəyə gedənlərlə bağlı məsələləri öz əlində cəmləyə bilər: "Məsələ ondadır ki, xarici ölkələrə müalicəyə gedənlər bəzən fırıldaqla üzləşirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda səhiyyə turizmi şöbəsi yaradılmalı, dövlət bu işi öz üzərinə götürməlidir”. M.Quliyevin sözlərinə görə, azərbaycanlılar xaricə müalicəyə dövlət xətti ilə getsə, artıq xərcə düşməkdən, lazımsız müayinələrə cəlb olunmaqdan xilas ola bilərlər, müalicə daha effektiv və zəmanətli olar.

Deputatlar bağçalara ayrılan pullardan danışdı

Millət vəkili Qənirə Paşayeva 2007-2010-cu illərdə bağçalar üçün dövlət tərəfindən ayrılan pulların icra edilməməsi məsələsinə toxunub. O deyib ki, ayrılan pul icra edilməyəcəkdisə, nə üçün büdcədən bu qədər pul ayrılırdı. Deputat həmçinin bildirib ki, şəkər xəstələri üçün alınan qlükomalar İnnovasiya Mərkəzində saxlanılıb və paylanılmayıb: "Eyni zamanda xroniki böyrək çatışmazlığı xəstəliyi olan şəxslərə verilən dərman preparatları hələ də bazanın anbarındadır. Həmin dərmanların istifadə müddətinin bitməsinə az müddət qalır. Amma buna baxmayaraq, dərmanlar istifadə edilməsi üçün ehtiyacı olanlara verilməyib. Onda bəs bu qədər pul xərclənib nə üçün dərmanlar alınırdı?”

"Rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməlidir. Son illər kəndlərdə bağçaya tələbat artıb”. Bunu isə deputat Elmira Axundova söyləyib. Xanım millət vəkili həmkarı Q.Paşayevanın sözünə qüvvət olaraq deyib ki, bağçalar üçün ayrılan vəsaitin icra edilməməsi düşündürücüdür: "Ayrılan vəsait niyə icra edilməyib? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən-ilə ötürülür?”. E.Axundova eyni zamanda qeyd edib, hesabatda göstərilir ki, təhsilə ayrılan pul, ötənilki ilə müqayisədə 8 faiz çoxdur: "Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun. Üstəlik, texniki peşə sahələrinə nəzər yetirdikdə, görürük ki, sanki bu sahəyə heç kimdə həvəs yoxdur. Fikrimcə, bu sahəyə diqqət yetirilməlidir. Mənzil-kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var”.

Müzakirələrdən sonra hesabat qəbul olunub.

Anar Bayramoğlu