Daha 14 milyon dollar...

Qərb, Azərbaycanda inqilab hazırlığını necə aparıb?


Bir neçə gün öncə tanınmış jurnalist Eynulla Fətullayevin Ukraynadakı inqilabi proseslərin alovlanmasını təşkil edən beynəlxalq təşkilatlarla bağlı araşdırma yazısı ortaya çıxdı. Həmin məqalədə göstərilirdi ki, hər zaman inqilabi proseslərə dəstək verən qərbin bəzi təşkilatları, Ukraynadakı hadisələrin ssenarisini yazıb və bunun üçün külli miqdarda maliyyə yardımları ayırıblar. Elə həmin qurumların Azərbaycanda da inqilabi proseslərin gerçəkləşməsi üçün bəzi yerli QHT-lərə 32 milyon dollar məbləğində yardım ayırdığı araşdırma yazısında göstərildi. Dünən isə E.Fətullayevin daha bir araşdırma məqaləsi rəhbərlik etdiyi "haqqın.az” saytında yer alıb. Jurnalist yazısında bildirib ki, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar, onun Azərbaycan müxalifətçilərinə cəmi üç ABŞ fondu tərəfindən verilən 32 milyon dollar barədə "virtualaz.org” saytında dərc olunmuş araşdırma yazısına qəzəbli reaksiya bildirib: "ABŞ səfiri mənim bu məqaləmə cavab olaraq nələri bəyan etdi? Cənab Morninqstar aşağıdakıları dedi: "Əvvəla, biz belə gülməli fikirləri əvvəllər də eşitmişik. Mən yalnız onu deyə bilərəm ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər müstəsna əhəmiyyətə malikdir. Krımda baş verənlərin fonunda bu münasibətlərin əhəmiyyəti daha da böyüyüyr. ABŞ və Azərbaycan münasibətləri indiki səviyyədə saxlamaq üçün əllərindən gələn hər şeyi eləməlidirlər. Belə iddialarla çıxış edən adamlar iki ölkə arasındakı münasibətləri korlamağa çalışırlar. Biz buna yol verməyəcəyik və heç kim bu boş söhbətlərə inanmamalıdır”.

Çox təəssüf, ABŞ diplomatiyasının ağırçəkili fiqurlarından biri, təcrübəli səfir, qırğı-energetik Morninqstar dalbadal səhvlər buraxır. O, hansı ölkədə və hansı prezidentlə işlədiyini anlamır. Necə ki, ABŞ özü də Azərbaycanı başa düşməkdə çətinlik çəkir... Belə olmasaydı, ABŞ-ın vitse-prezidenti Co Bayden 2009-cu ildə Azərbaycanın adını inqilabların baş verəcəyi potensial ölkələrin siyahısında çəkərdimi?! Çox amansız tarixi ibrət dərsi oldu. Belə görünür ki, ABŞ hətta Krım hadisələrindən və Ukraynanın bir hissəsinin ilhaqından sonra da heç nəyi unutmayıb və heç nəyi öyrənə bilməyib”. Jurnalist qeyd edir ki, Morninqstardan soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri Azərbaycana nədə yardım edib? Vaşinqton bəlkə Qarabağ məsələsinin həllində bizə hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk Qrupundakı həmkarı, Azərbaycana zaman-zaman efemer "Filippin reseptləri” sırımağa çalışan, "erməni diasporunun aydın səsi” olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir. Əksinə, ABŞ Morninqstarın sözü ilə desək, "öz strateji tərəfdaşı”nın qan verən yarasına izahedilməz laqeydliklə yanaşmaqda davam edir. ABŞ özünün bu laqeydliyi ilə Putin Rusiyasının müttəfiqi olan təcavüzkar Ermənistanla strateji tərəfdaşı olan suveren Azərbaycanın hüquqlarını eyni tutur. Eyni zamanda ABŞ bunu da anlayır ki, Əliyevin əlində saxlamağı bacardığı nailiyyət, yəni müstəqil Azərbaycan bu ölkəyə çox baha başa gəlib. Vaşinqtonun məntiqinə görə isə "Roma hər şeyə dözəcək, Senat isə ölkənin atasına təşəkkür etmək qərarı verəcək”.

Fətullayev qeyd edib ki, son 10 il ərzində üç ABŞ fondu vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevin ölkədəki rəqiblərinin əvvəlcə əlinə, sonra cibinə düşən 32 milyon dollar Morninqstara boş şey kimi görünürsə, onda Azərbaycandakı vəziyyəti gərginləşdirib qarışdırmaq üçün müxalifətə

ayrılan pullarla bağlı sualları davam etdirmək lazımdır: "Cənab səfirin nəzərinə onu da çatdırırıq ki, bu milyonlar artıq başqa fondlar tərəfindən ayrılıb.

Birinci sual - İREX 730 min manatı hansı məqsədlə ayırmışdı?

Amerika təşkilatı - öz proqram məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant ayırıb. Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur. Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib? Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb. Buyurun, cənab Morninqstar, həqiqətin üzərinə işıq salın və cavab verin görək, bütün bu maliyyə axınları niyə müxalifət strukturlarına gedib?”.

Jurnalist yazısında qeyd edib ki, 2013-cü il seçkiləri ərəfəsində həmin Amerika strukturunun pulları hesabına www.”azerbaijanelections.org” saytı yaradılıb. Qısamüddətli layihənin həyata keçirilməsinə 10 min dollar ayrılıb. Seçkilərin başa çatmasından dərhal sonra sayt fəaliyyətini dayandırıb. Hazırda sayta giriş bağlıdır. Bununla belə seçkilər dövründə və seçkilərdən sonra sayt müxalif mövqedən çıxış edib, seçkilərin nəticələrini şübhə altına alıb. Qrant "Turan” informasiya agentliyinə ayrılıb.

İş təkcə saytla bitməyib. Hökumətə hücum edən daha bir resurs - "sechkiportali.az” yaradıblar. Birinci resursdan fərqli olaraq ikinci hələ də fəaliyyətdədir. Həmin saytın yaradılması üçün pulu AXCP sədri Əli Kərimlinin tərəfdaşlarından birinə - "Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin "Demokratik Jurnalistika Məktəbi” layihəsi çərçivəsində ayırıblar. Antihökumət saytının yaradılmasına 25 min dollar verilib. Hökumətin ən fəal tənqidçilərindən biri Emin Hüseynova isə ümumiyyətlə fantastik məbləğ buraxıblar. O, 275 min dollar məbləğində 5 qrant alıb. Hökumətin digər tənqidçisi Rəşid Hacılı 128 min dollar alıb. Müxalifətçi qardaşlar Anar və Əziz Orucova "Kanal 13” internet kanalının açılması üçün 46 min dollar veriblər. Yeri gəlmişkən, bu internet-TV-nin saytı hazırda bağlıdır.

E.Fətullayev sual edir ki, bəlkə R.Morninqstar situasiyanı izah edə bilər?”. Fətullayevin səfirə ikinci sualı isə Amerika Hüquqşünaslar Assosiasiyasının 206 min dolları hansı məqsədlə xərcləməsi ilə bağlıdır: "2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min dollar ayırıblar. İndi diqqət yetirin, müxalifətçilər bu puldan nə qədər alıblar. Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar, Rəşid Hacılı - 90 min dollar, Əlövsət Əliyev - 10 min dollar və nəhayət, 2008 və 2013-cü il seçkilərinin baş tənqidçisi olan "Demokratiyanın tədrisi” qeyri-hökumət təşkilatı - 15 min dollar alıblar. Beləliklə, assosiasiya tərəfindən ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə axıb”. Jurnalistin üçüncü sualı isə "Revenue Watch İnstitute”nin 952 min manatı necə bölüşdürməsi ilə bağlıdır: "Əvvəllər Soros Fondu ilə bağlı olan bu təşkilat bu yaxınlardan etibarən sırf müstəqil təşkilat kimi fəaliyyətə başlayıb. Baxmayaraq ki, birbaşa C.Sorosla bağlılığı bu gün də qalır. Həmin təşkilatın Azərbaycanda nümayəndəliyinin qeydiyyatından imtina edilsə də, 2006-2013-cü illərdə o, müxalifət yönümlü təşkilatlara 952 min manat ayırıb. İnstitut tərəfindən maliyyələşdirilən 25 layihənin böyük hissəsini başda müsavatçı Qubad İbadoğlu, cəbhəçi Məhəmməd Talıblı, cəbhəçi Rövşən Ağayev və digərləri olmaqla "Milli Büdcə Qrupu” adlanan qrup alıb. Məlum olduğu kimi, bu qrupun fəaliyyətinin əsas məqsədi İlham Əliyev hökumətinin iqtisadi siyasətinin sərt tənqid edilməsidir. Bəs cənab səfir bu suala necə cavab verəcək? Anlaşılmazlıqdır, yoxsa təsadüf? Yoxsa ABŞ üçün strateji əhəmiyyət kəsb edən ölkədə vətəndaş cəmiyyətini inkişaf etdirmək və gücləndirmək arzusundan irəli gəlirdi? Hər halda sona qədər aydın deyil: Azərbaycanla Vaşinqton arasında münasibətləri kim korlamaq istəyir - biz, yoxsa Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun nümayəndəsi, ABŞ-ın Rutqersk Universitetinin yetişdirməsi Qalib Əfəndiyev? Cənab Morninqstar

bu sərt tənqid və institut tərəfindən müxalifətçilərə ayrılmış 952 min manatın taleyi barədə bilməlidir”.

"Haqqın.az” rəhbəri bildirib ki, qaranlıq qalan məqamlardan biri də USAİD-in müxalif QHT-lərin maliyyələşdirilməsini artırması ilə bağlıdır ki, bunu da Morninqstarın diqqətinə çatdırmaq lazımdır: "ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ-ın digər ölkələrə hərbi xarakterli olmayan yardımlarına birbaşa cavabdeh olan federal hökumət strukturudur. Agentliyin administratoru və onun müavini ABŞ prezidenti tərəfindən Senatla razılaşdırılmaqla təyin edilir, fəaliyyətini isə dövlət katibi koordinasiya edir. Bu agentlik Azərbaycanın müstəqilliyini əldə etməsindən bu yana ölkəmizə 300 milyon dollarlıq yardım edib. Və budur, 7 aprel 2009-cu ildə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında inkişaf proqramlarının birgə maliyyələşməsinə dair xüsusi memorandum imzalanır. Həmin memoranduma əsasən agentlik ikitərəfli razılaşmada əksini tapan məsələlərin həyata keçirilməsi üzrə icraçı təşkilat rolunu üzərinə götürür. Ancaq bu agentliyin hökumət strukturu olmasına baxmayaraq, xüsusən 2010-2013-cü illərdə təşkilat qrant siyasətində əsasən QHT-lərin maliyyələşdirilməsinə və fəaliyyətinin dəstəklənməsinə üstünlük verməyə başlayıb. Hər ehtimala qarşı həmin dövrdə ayrılmış qrantların analizi 2004-2009-cu illəri əhatə edən dövrlə müqayisədə Amerika agentliyinin siyasətində yeni prioritetin gücləndiyinə əminlik yaradır. Təşkilat tərəfindən son illərdə Azərbaycan QHT-lərinə 8 milyon 200 min dollar və daha 93 min manat vəsait ayrılıb. Yəni əvvəllər üstünlük ticarətə, kənd təsərrüfatına, iqtisadi artıma verilirdisə, son illər USAİD siyasi layihələrin maliyyələşdirilməsinə diqqət yönəltməyə başlayıb. Cənab Morninqstar, görəsən nədən? İki ölkə münasibətləri sistemində belə güclü dəyişən nədir ki, siyasi istiqamətə üstünlük verilir? Maraqlı tendensiyadır, elə deyilmi?

Eyni zamanda sual olunur ki, 108 amerikalını Azərbaycanın rayonlarında nə topladı? Səfir Morninqstar Azərbaycan hökumətinin Amerikanın "Sülh korpusu” proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb. 2003-cü ildən başlayaraq həmin proqram çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir, mədəni körpülər yaradırdı. Son vaxtlara qədər 108 könüllü ölkədə qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar. "Sülh korpusu” nədir? Bu suala müxalifətçi QHT-lərə 32 milyonluq qrant tranşından bəhs edən ötən məqaləmizdə qismən cavab vermişik. Başqa bir sual isə NED-in 3 milyon 500 min dolları hara xərcləməsidir. "Soyuq müharibə” dövründə Reyqan demokratiyasının əsas yetirmələrindən biri - NED fondu, əksər ekspertlərin qənaətincə, Milli Demokratiya İnstitutu kimi ABŞ-ın kəşfiyyat xidmətləri ilə harmonik əlaqədə olan təşkilat Azərbaycanda özünün Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir. Bu nümayəndəliyə təşkilatın proqram direktoru Miriam Linskaya başçılıq edir. Vaşinqtondan Azərbaycan QHT-ləri ilə bilavasitə Marta Berd işləyir.

Son 10 il ərzində, fond Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Üstəlik, bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb - 2 milyon 300 min dollar. Fond əsasən müxalifət yönümlü QHT-lərə, KİV-lərə və təsisatlara, o cümlədən inqilabçı gənclərin "Açıq Fikir Universiteti”inə, "Turan” agentliyinə və müxalifətçi "Obyektiv TV” internet telekanalına, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə, Rəsul Cəfərovun bütün fəaliyyətini ABŞ-ın regiondakı əsas tərəfdaşı olan Azərbaycan hökumətini Avropa institutlarında gözdən salmağa həsr edən İnsan Haqları Klubuna, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzinə və Leyla Yunusun Sülh və Demokratiya İnstitutuna, onlarla digər müxalifətçi birliklərə pul ayırıb. Doğrudanmı, cənab Morninqstar bu barədə bilmir ki, ötən ilin yazında "NİDA” Gənclər Təşkilatı və bilavasitə MDİ təlimatçıları tərəfindən Fəvvarələr meydanındakı kütləvi iğtişaşlarda iştirak edən etirazçı gənclərin böyük hissəsi məhz həmin Amerika fondunun maliyyəsi hesabına maliyyələşən "Açıq Fikir Universiteti”nin divarları arasında təlim keçmişdi? Bundan sonra səfir universitetin fəaliyyətinin bərpasını necə ardıcıl və israrla tələb edə bilirdi? Yəni səfirin məntiqinə görə, hökumət inqilabi barrikadalarda iştirak etməyə hazırlaşan

potensial hücumçuların hazırlandığı universitetin fəaliyyətinə göz yummalı idi?! Doğrudanmı, bundan sonra cənab Morninqstar Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq barədə dediklərinin səmimiliyinə inanır? Bəyəm səfir 2010-2013-cü illərdə, prezident seçkiləri ərəfəsində OL və NİDA tipli gənclər təşkilatlarına 10 qrant layihəsi üzrə ayrılmış, tarixi çaxnaşmalar vəd edən 424 min manat barədə informasiyaya malik deyildi? Bəyəm səfir NİDA inqilabçı-gənclərindən yandırıcı maye ilə birlikdə ələ keçirilmiş 94 min manat barədə bilmir? Səfirin "Könüllülərin Beynəlxalq Əməkdaşlığı” təşkilatı ilə SMDTM-nin MDİ-nin Vaşinqton bürosu ilə üzə çıxarılmış əlaqələrindən də xəbəri yoxdur? Onu da bilmir ki, MDİ Azərbaycan qanunvericiliyindən yan keçərək Anar Məmmədlinin mərkəzinə 267 min dollar ayırıb?

Dostlar və tərəfdaşlar belə hərəkət etmirlər”.