“Əli bəy Hüseynzadənin jurnalistlik fəaliyyəti”

Dillər Universitetində keçirilən seminarda Akif Aşırlı geniş məruzə ilə çıxış edib


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin jurnalistika sahəsindəki fəaliyyətinə həsr olunan "Əli bəy Hüseynzadənin jurnalistlik fəaliyyəti” mövzusunda seminar keçirilib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildirilib ki, seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində təşkil edilib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynəb Kazımovanın təşkilatçılığı ilə keçirilən, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

Sərəncamın Əli bəy Hüseynzadə irsinin araşdırılmasında mühüm rolu olacağını vurğulayan Ə.Əliyev qeyd edib ki, onun jurnalistlik fəaliyyətinin öyrənilməsi bu günün çox vacib və aktual məsələlərindən biridir.

Zeynəb Kazımova Əli bəy Hüseynzadənin böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu diqqətə çatdırıb, eyni zamanda, onun alim, həkim, rəssam, şair, tərcüməçi və müəllim kimi fəaliyyət göstərdiyini xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının Əli bəy Hüseynzadənin ideyalarının təbliğində böyük rol oynayacağını qeyd edən Z.Kazımova görkəmli publisistin jurnalistika sahəsində irsinin jurnalistika ixtisasında təhsil alan tələbələr tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

"Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı Əli bəy Hüseynzadənin həyat yolu, onun ictimai-siyasi, jurnalistlik fəaliyyəti ilə bağlı geniş məruzə edib.

Məruzəçi Azərbaycan mətbuatında Əli bəy Hüseynzadənin xidmətlərindən bəhs edərək, onun Bakı, Gəncə, İstanbul və Tbilisidəki fəaliyyətinə toxunub.

Yeni jurnalist nəslinin formalaşmasında Əli bəy Hüseynzadənin mühüm rolu olduğunu diqqətə çatdıran A.Aşırlı Sabir və Nemanzadə kimi şair və publisistlərin jurnalistikaya gəlməsində onun xidmətlərini xatırladaraq, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda bacarıqlı jurnalistlər yetişdirdiyini söylədi.

Məruzəçi Əli bəy Hüseynzadənin Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat” qəzetini nəşr etdirdiyindən və həmin dövrdə bu qəzet vasitəsilə qəsbkar ermənilərə layiqli cavablar verildiyindən

bəhs edib. Həmçinin bu qəzetdə Əli bəy Hüseynzadənin milli ideologiyanı təbliğ etdiyi, ermənilərin yalanlarına qarşı tutarlı yazıların yer aldığı diqqətə çatdırılıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva Əli bəy Hüseynzadənin fəlsəfəsinin dərk edilməsi ilə bağlı fikirlərini bildirib.

ADU-nun linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Əli bəy Hüseynzadə irsinin daha geniş təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb. Sonra mövzu üzrə müzakirələr aparılıb.