Ayılanda gec olacaq

Ermənistana qaçan azərbaycanlının taleyi çox qaranlıqdır


Ermənistandakı dözülməz yaşamdan cana doyaraq yenidən Azərbaycana qayıtmaq istəyən Orucovlar ailəsi haqqında sensasiyalı məlumatlar yayılıb. Düşmən ölkədə çətin vəziyyətdə yaşadığını iddia edən Cavid Orucov "BBC”yə, milliyyətcə erməni jurnalistə verdiyi müsahibədə əslində özü-özünü ifşa edib.

Azərbaycana qarşı hər zaman qərəzli mövqedən çıxış edən telekanallar da fürsəti qaçırmadan öz məkrli planlarını işə salıblar. İddia edildiyinə görə, "BBC” C.Orucovun müsahibəsini tam və olduğu kimi deyil, kəsilmiş və düzəlmiş variantda təqdim edib. Bəzi beynəlxalq media qurumlarının ölkəmizə qarşı sərgilədiyi qərəzli mövqe bəllidir. C.Orucova gəldikdə isə, görünür, onu ailədə zəhmətlə işləməyə, çətinlik çəkməyə öyrətməyiblər. Ona görə də, o, xaricdə qoltuq altda yaşamağı vətəndə yaşamaqdan üstün tutub. Hər halda, anasının sözlərinə görə, Ermənistana qaçana qədər C.Orucov ailəsi ilə birgə 3 il Norveçdə yaşayıb. Ötən ilin sentyabrında ailə deportasiya edilib. Azərbaycana qayıdandan sonra anası ona ev alıb və mühafizəçi işinə düzəldib. Amma Cavidin xaricdə yaşamaq arzusunu boğa bilməyib. İsrail, Almaniya və Norveç səfirliklərinə müraciət faydasız olunca, ailə başçısı Ermənistanı seçib. Əlbəttə, belə adamın Azərbaycanda qalmağındansa, ölkəni tərk etməsi daha yaxşıdır. Ancaq problem ondadır ki, bu gün C.Orucovun iki arvaddan 4 uşağı var. Onların taleyi isə nagümandır. Azərbaycana ləkə vuran hadisəni dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycana qarşı düşmən münasibətin xarici televiziyalarda ilk dəfə sərgilənmədiyini deyib: "Bu, artıq ənənə halını alıb. C.Orucov məsələsi də bunlardan biridir. Nəzərə almaq lazımdır ki, belə hadisələr bir gün üçün deyil, daha uzun müddətə hesablanır. Sanki Azərbaycan cəmiyyətinə stimullaşdıraraq yeritməyə çalışırlar ki, hər azərbaycanlı çəkinmədən, qorxmadan gedib Ermənistandan sığınacaq ala bilər. Amma ərazisinin 20 faizi işğal olunmuş bir millətin övladının işğalçı dövlətdən sığınacaq istəməsi utancverici və qəbuledilməz haldır. Bu cür adamlar heç bir cəmiyyətdə uzunmüddətli qəbul olunmur. Müxtəlif dairələr tərəfindən istifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılırlar. C.Orucov erməni qurbanına çevrilib. Zamanla bunu anlayacaq və əyani şəkildə həqiqəti görəcək. Amma onda çox gec olacaq”.

Deputatın diqqət çəkdiyi əsas məsələ isə başqadır: "Problem ondadır ki, bu cür insanlardan, ümumiyyətlə belə hadisələrdən düşmən tərəf bacardığı qədər istifadə edir. Onlar əllərinə düşən "gözəl fürsətdən” Azərbaycanı beynəlxalq aləmdə gözdən və nüfuzdan salmaq üçün yararlanırlar. C.Orucovun Ermənistanın mərkəzindən Azərbaycan əleyhinə mesajlar verməsi cəbhədə qarşı tərəfin silahından onun özünə qarşı istifadə etmək kimi bir şeydir”.

İsmayıl