Kəndirdən asılan gənclik

Son dövrlər öz ölümünə “fətva” verənlər artıb


Son zamanlar intihar gənclər arasında yenə "dəb” halını alıb. Hər kəs öz həyatı ilə müxtəlif cür hesablaşır və ona istədiyi şəkildə son verir. Adətən ölüm insanın qapısını gözlənilmədən döyür. Amma bəzən öz ölümünə "fətva” verənlər də tapılır. Son 5-6 ildən artıqdır ki, qulağımız intihar sözlərini eşitməyə bir növ adət edib. Ona görə də əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Amma çox zaman biz bu intiharların nə səbəbdən baş verdiyini bilmirik. Əksər insanlar düşünürlər ki, sosial problemlər, qayğılar və bu qayğılardan doğan stress halları sonucda intihara səbəb olur. Bəzən isə sevdiyi ilə qovuşa bilməmək, toplumun qınaqları, ittiham dolu baxışlar, anlayış əskikliyi (!) onları intihara sürükləyir...

Sabahını görə bilən, gələcəklə bağlı hədəfləri, planları olan şəxsin intihara cəhd etməsi mümkün deyil. Əksinə, o, bütün mümkün vasitələrdən istifadə edəcək ki, yaşasın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Yeniyetməlik dövründə intiharın səbəbləri də müxtəlif olur. Ailədaxili münaqişələr, oxuduğu məktəbdə özünü tapa bilməməsi və diqqəti cəlb etmək üçün göstərişli intiharlar. Psixoloq deyir ki, valideyn məsuliyyətsizliyi də intihara aparan yolu asanlaşdırır. Bəzən uşaqla valideyn arasında kəskin sərhəd, hətta uçurum olur.

Psixoloq Elnur Rüstəmov deyib ki, valideynlər uşağın özünə qapanması, ünsiyyətdən qaçması və aqressiv olması hallarına həssas yanaşmalıdırlar:

"Belə vəziyyətdə valideyn diqqətli olmalıdır. Xüsusən də yeniyetməlik dövründə məsuliyyət ailənin üzərinə düşür. İntihar hadisəsi baş verir, məlum olur ki, ailədə münaqişə var, yaxud uşağın əsəblə bağlı problemi var. Əgər var idisə, zamanında niyə tədbir görülmürdü? "

Psixoloq hesab edir ki, intiharın digər səbəbini ədəbiyyatda axtarmaq lazımdır. Etnopsixologiyamızda sevgi özünü əzab ifadəsində göstərir. Yəni milli ədəbiyyatda sevgi dastanlarının əksəri əzablar üzərində qurulub. Bunlar insanlara şüuraltı təsir göstərir: "Biz sevərkən həmişə əzab çəkmək istəyirik. Şüuraltı olaraq meyilli oluruq. Tutaq ki, nələr isə özümüzdə tapırıq və başlayırıq əzab çəkməyə. Bunlar bizim bədii ədəbiyyatımızda var və düşüncələrimizə çox təsir göstərir. Bunlarda da müəyyən bir reforma aparmaq lazımdır. Sevmək əzab çəkmək deyil, sevmək əksinə, həyatı sevməkdir”.

Sosioloqlar hesab edir ki, problemi çox olan cəmiyyətlərdə müxtəlif yaş qrupları arasında intihar hallarının yayılması təəccüblü deyil. Razıyıq. Böyüklər sosial problemlər, işsizlik, həyat yoldaşı ilə anlaşa, yeniyetmə və gənclər özlərini lazımi şəkildə ifadə edə, sevgisinə qarşılıq ala bilməməsi və s. səbəbindən boynuna kəndir keçirə bilər. Belələri dərman içmək və venasını kəsmək yolu ilə də həyatına son qoyur. Qızlara gəlincə, onlar da istəmədikləri şəxsə ərə getməmək, evdə valideynlərindən gördüyü mənfi münasibətə etiraz əlaməti olaraq çıxış yolunu intiharda görür. Bu da olan işdir.

Sosioloq Əhməd Qəşəmoğlu da bu fikirdədir ki, gənclərin itirilməsinin kökündə cəmiyyətin mənəvi proseslərə biganə qalması dayanır: "Dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin

ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Amma bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər. Şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı, internet, televiziyadan yayımlanan əxlaqsızlığı, zoru, gücü, işgəncələri təbliğ edən filmlər, şit verilişlər də var. Soruşuram, bu gün hansı televiziya kanalında tərbiyəedici verilişlər var? Uşaq, yeniyetmə, gənc, eləcə də onların işsiz-peşəsiz anası, atası səhərdən axşama kimi seriallara baxırsa, biz onlardan nə gözləyə bilərik?! Bu insanlar övladına hansı tərbiyəni verə biləcək? Telekanallarda işgəncə, əzab, əxlaqsızlıq göstərilirsə, insan da ona istiqamətlənəcək. İntiharların da sayı artacaq, başqasına qarşı zorakı davranışları da. Bütün bunlar insanları artıq kiçik yaşlarından mənəvi aşınmaya məruz qoyur. İnsanlar, xüsusən də gənclər depressiyaya düşür. Əksəriyyəti də internet asılılığına düçar olanlardır. Bunlar internetin, qloballaşmanın gətirdiyi bəlalardır. Ona görə mən hər zaman irad tuturam ki, internetdən, müasir texnologiyalardan biz lazımi formada istifadə etməyi bacarmırıq. Ən pis nə varsa, onu götürürük, yaxşılar qalır bir kənarda. Bunun da səbəbi ümumiyyətlə, cəmiyyətdəki mənəvi aşınmalar, deqradasiyadır. Problemin qarşısını almaq üçün dövlət təcili olaraq, proqram hazırlamalıdır. Və burada dövlətin humanitar siyasəti ilə bağlı hüquqi normalar, görəcəyi işlər müəyyənləşdirilməlidir. Həmin proqramda ictimai təşkilatların, ziyalıların, məktəblərin, valideynlərin vəzifələri dəqiq təyin edilməlidir. Bu proqramın təcili tərtibinə və icrasına böyük ehtiyac var”.

Həkim-psixoloq Cabbar Qurbanov gənclərin intihara meyilliyinin səbəblərindən danışıb: "İntihar hadisələri cəmiyyətdə baş verənlərlə birbaşa əlaqəlidir. Son zamanlarda intihar hallarının artmasına səbəb gənclərdə gələcəklə bağlı ümidsizliyin, onların çıxış yolu tapa bilməməsi ilə əlaqədardır. Bəzi gənclərin yaşayış səviyyəsinin həddən artıq yüksək olması, bəzilərinin adi çörəkpulu belə tapa bilməməsi, bəzən də ailə münaqişələri intihar hallarına birbaşa səbəb olur. Ailə münaqişələrinin kökünü araşdırdıqda, yenə maddi təminatla bağlı problemlərin olduğunun şahidi oluruq. Yəni, bəzi gənclərin bahalı restoranlarda böyük pullar xərcləməsi, ətrafındakıların, hətta polis məmurlarının onların qarşısında baş əyməsi, iş tapa bilməyən və ya aylıq məvacibi az olan gənclərin daxilində müəyyən hisslər oyadır və onlar bu problemi həll edə bilməyəndə, intihar yoluna əl atırlar”.

Cabbar Qurbanov açıqlamasında intihar hallarının baş verməsinin kriminalizmin, cinayətin, zorakılığın təbliği ilə əlaqəli olduğunu bildirib: "İntihar hallarının başqa səbəbi də dünyada son zamanlar cinayət faktlarının, kriminalizmin artmasıdır. Televiziyada, internetdə zorakılığın geniş təbliği gənclərə də təsir edir, onların şüuraltında müəyyən izlər buraxır. Həmin hadisələrin qəhrəmanlarının televiziyada dəfələrlə nümayiş etdirilməsi, onların qısa zamanda məşhurlaşması gənclərə pis nümunə olur”.

Şəymən