Asim Mollazadə: “Rusiyanın özü də hərbi gücün ön plana keçməsini istəmir”

“Qarşıdurma heç kimin marağında deyil”



Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkənin şərqində xüsusi əməliyyatlar davam edir. Tərəflər arasındakı qarşıdurmada ölənlər və yaralananlar var. Ukraynadakı hadisələri qızışdıran Rusiya isə Qərbin siyasi və iqtisadi sanksiyalarına baxmayaraq, geriyə addım atmaq niyyətində deyil.

Putinin ötən gün canlı yayımda Qərbi və Ukraynanı açıq şəkildə təhdid etməsi də sübut edir ki, Kreml aqressiv addımlar atmaqdan vaz keçməyəcək. Dünya gündəmini zəbt edən Ukrayna-Rusiya mübarizəsini dəyərləndirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bu barədə "Şərq”in suallarını cavablandırıb.

- Putin açıq şəkildə Qərbi və Ukraynanı hədələdi. Qeyd etdi ki, NATO-nun Şərqə doğru genişlənməsi Moskvanı qorxutmur. Sizcə, Kreml rəhbərinin kəskin mövqeyi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların artmasına səbəb olacaqmı?

- Cenevrədə keçirilən danışıqların sonunda Qərblə Rusiya arasında müvafiq razılığa gəlinib. Beynəlxalq ictimaiyyət Rusiyanın bu razılaşmaya əməl edib-etməyəcəyindən asılı olaraq sanksiyaların daha da gücləndirilməsi və ya digər sərt addımların atılması məsələsini müzakirə edəcək. Hələlik tərəflər arasında razılaşma var. Bu razılıq əsasında Ukraynada baş verən prosesləri məhz siyasi müstəvidə, yəni danışıqlar yolu ilə həll etmək mərhələsi müəyyənləşib. Əldə edilmiş razılıq Azərbaycan üçün də müsbət haldır. Çünki bizim istəyimiz də Ukraynanın ərazi bütövlüyünün təmin olunması və sabitliyinin qorunub saxlanmasıdır. Azərbaycan beynəlxalq hüquq normalarına arxalanır. Bu baxımdan düşünürəm ki, qarşıdurma heç kimin marağında deyil. Hətta Rusiyanın özü də hərbi gücün ön plana keçməsini istəmir. Çünki uzun vədəli qarşıdurmalarda qalib tərəf olmur. Münaqişənin hər iki tərəfi böyük itkilər verir.

- Rusiya qarşısında Qərbin ləng hərəkət etdiyini, hətta, qorxaq davrandığını deyənlər var. Siz necə düşünürsüz, ABŞ və Avropa ölkələri Rusiyaya həddindən artıqmı "yumşaq” davranır?

- Düşünmürəm ki, hansısa tərəf və ya onları müdafiə edən ölkələr tez zamanda hərbi yola baş vurulmasını istəyir. Hələlik hansısa hərbi müdaxilədən söhbət gedə bilməz. Çünki digər müvafiq sahələrdə, məsələn, siyasi və iqtisadi sahələrdə bütün üsullardan tam istifadə olunmayıb. Ümid edirəm, tezliklə gərginlik aradan qalxacaq və hərbi addım atmağa ehtiyac qalmayacaq. Əks halda, tərəflər arasındakı münaqişə lazım olmayan soyuq müharibə effekti yaradar. Nəticədə dünya yenidən parçalanaraq qarşısıalınmaz müharibələr dövrünə keçər.

- Bilirik ki, Dağlıq Qarabağ probleminin arxasında birbaşa Kreml dayanır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar təsirli dərəcədə artarsa, bu durum sözügedən münaqişənin həllinə impuls verə bilərmi?

- İstənilən dövrdə və şəraitdə Azərbaycanın yalnız bir tələbi var. Təcavüzkar Ermənistana qarşı beynəlxalq təşkilatlar sanksiyalar tətbiq etməlidir. Yəni Ukrayna ilə bağlı Rusiya əleyhinə hansı qərarlar qəbul olunursa, işğalçı Ermənistana qarşı da eyni mövqe sərgilənməlidir. Çünki Ukraynadan daha əvvəl Azərbaycan torpaqları işğala məruz qalıb. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan torpaqlarımızdan çəkilməyə və sülhə məcbur edilməlidir. Bizim konkret mövqeyimiz budur. Bütün beynəlxalq qurumlarda da bu amili diqqətə çəkirik. 20 ildən artıqdır davam edən münaqişə ona görə öz həllini tapa bilməyib ki, indiyə kimi təcavüzkar dövlətin yeritdiyi həyasız siyasətin qarşısı alınmayıb. Müvafiq sərt tədbirlər görülməyib.

- Ekspertlər deyir ki, Rusiyanın fəallaşması postsovet ölkələrindəki ruspərəst qüvvələrin aktivləşməsinə səbəb oldu, o cümlədən də Azərbaycandakı qüvvələrin. Sizin "5-ci kalon” deyilən məsələyə münasibətiniz necədir?

- Digər sovet ölkələrindən fərqli olaraq Azərbaycanın Rusiyadan heç bir iqtisadi asılılığı yoxdur. Bu baxımdan Azərbaycan daxilində hansısa "5-ci kalon”dan danışmaq, onun rolunu şişirtmək lazımsız məsələdir. Azərbaycan xalqının böyük əksəriyyəti ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

- Azərbaycan hökumətinin açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi Rusiyanın ölkəmizə təzyiqlərini artıra bilərmi?

- Yox, zənn etmirəm. Azərbaycan təzyiq dili ilə danışılan ölkə deyil. Həmçinin tarix sübut edib ki, heç bir təzyiq siyasəti müsbət nəticə verməyib. Azərbaycan dövləti və xalqı beynəlxalq hüquq normalarını dəstəkləyir və bütün qonşu dövlətlərlə tərəfdaşlıq, əməkdaşlıq istiqamətində fəaliyyət göstərir.

İsmayıl