Cəbhədə yaşayanlar...

Snayperlə üz-üzə duran ailələrin uşaqlarına güzəştlər edilməlidir



Milli Məclisin dünənki toplantısında millət vəkili Qənirə Paşayeva cəbhə bölgəsində yaşayanlar barədə müəyyən təkliflərlə çıxış edib. Ön cəbhədəki vəziyyətdən söz açan xanım deputat bildirib ki, sərhədyanı kəndlərdə ermənilər snayperlə qadın-uşaq demədən evləri atəşə tuturlar.

Deputat, təklifində həmin bölgələrdən olan tələbələrin ödənişli təhsildən azad olunması, o ailələrə kommunal xidmətlərdə güzəştlərin olunması və iş yerləri quran insanların tamamilə vergidən azad olunmasını istəyib. Sərhədyanı bölgələrdə dağıdılmış evlərin bərpası işinin sürətləndirilməsindən söz açan millət vəkili hədəf altında olan evlərə divarların tikilməsinin vacibliyini vurğulayıb. Son olaraq deputat sosial yardımların təyin edilməsində ön cəbhə kəndlərinə güzəştlər olunması məsələsinə toxunub.

Milli Məclis üzvünün təşəbbüsünü müsbət dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə söyləyib ki, cəbhədə yaşayan insanların vəziyyəti nəzərə alınmalıdır. Qurum rəhbərinin sözlərinə görə, həmin insanlar daim təhlükə altında yaşayırlar: "Onların psixoloji durumu da gərgindir. Onlar atəş altındadırlar. Ona görə də təsərrüfatla məşğul ola bilmirlər. Həmin regionlarda təhsil səviyyəsi də aşağı olur. Normal həyat tərzi keçirmirlər. Onlar qəhrəmandırlar. Qaçmırlar. Dözürlər. Azərbaycan üçün sipər rolunu oynayırlar. Xalqımızın bütün əziyyətini onlar çəkir. Hərtərəfli yardım göstərilməlidir”.

Təşkilat sədri onu da əlavə edib ki, cəbhədə yaşayan insanlara xüsusi imtiyazlar verilməlidir: "Elektrik enerjisi və qazla təchiz olunmalıdırlar. Problemləri ilə bağlı bizə dəfələrlə müraciət ediblər. Bildirirlər ki, düşmən tərəfdə işıqlar yanır, amma onlarda nə işıq olur, nə qaz. Belə ifadələr işlədirlər. Bu baxımdan hesab edirəm ki, onların enerji və qaz təhlükəsizliyi təmin olunmalıdır”.

A.Nağı onu da diqqətə çatdırıb ki, həmin insanların maddi təminatlarının yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır: "İş yerləri yaradılmalıdır. Çünki bizim taleyimiz ordudan deyil, cəbhədə dayanan insanlardan asılıdır”.

Ayyət Əhməd