"3 yaşa qədər uşaqlara aylıq 150 manat müavinət veriləcək?" - TƏKLİF

Vüqar Bayramov:"Bütün hallarda “uşaq pulu” və yeni doğulmuş körpələrə dövlət dəstəyinin bu şəkildə gücləndirilməsi vacibdir”




"Azərbaycanda "uşaq pulu” uşaqların xərclərinin ödənilməsi üçün yetərli deyil”.

Bunu "Sherg.az”a iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, ayrılmış mövcud məbləğin artırılmasına ehtiyac var:

"Xüsusilə diferensial olaraq, "uşaq pulu”nun təqdim edilməsi vacibdir. İlk olaraq, uşaq dünyaya gəldikdə ödəniş olunur. Lakin sonradan uşaqların xərclərinin ödənilməsi üçün aylıq pul ayrılmasına ehtiyac var.

Valideynlərin həm də işləmək imkanlarını nəzərə almaq lazımdır. Biz Qərb təcrübəsinə diqqət etdikdə adətən 1 yaşa qədər uşağa verilən uşaq pulunun çox olduğunu görərik. Növbəti illərdə isə bu məbləğ bir qədər azalır. Azərbaycanda da bu cür - 3 yaşa qədər bir məbləğ, 3 yaşdan 5 yaşa qədər isə bir məbləğ təklif olunur. İlk illərdə uşağa görə, daha çox pul verilməlidir ki, valideynlər baha uşaq yeməyini bir qədər qarşılaya bilsin.

3 yaşa qədər övladını böyüdən valideyn işləyə bilmir. Ona görə, bu yaşda uşaqlar üçün daha çox maddi köməklik göstərilməsi vacib olur. Bu məsələ indiki qanunvericiliyə uyğunlaşdırılmalıdır.

Mövcud imkanları da nəzərə alaraq, 3 yaşına qədər uşaqlara görə, aylıq ödəniş dəyişə bilər. Burada inflyasiya göstəriciləri də nəzərə alınacaq. 3 yaşa qədər uşaqlara aylıq 150 manat müavinət təklif etmişik. Növbəti dövrlərdə isə hər il rəqəm yenidən hesablanmalıdır. Yaş həddi isə 5 yaşa qədər artırıla bilər. 3-5 yaş arası uşaqları olan valideynlərin işləmək imkanı da yarandığından məbləğ azaldıla bilər. İndiki məqamda bu pul ailələrin sosial xərclərinin bir qədər azalmasına köməklik edir.

Bütün hallarda "uşaq pulu” və yeni doğulmuş körpələrə dövlət dəstəyinin bu şəkildə gücləndirilməsi vacibdir”.

Qeyd edək ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasını təklif edib. O bildirib ki, bu məsələ təkmilləşdirilməli, 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılmalıdır. A. Naxçıvanlının sözlərinə görə, bu, 3 il müddətinə dəyişdirilməməlidir”.

Aysel Aslan