Maşınların harayı...

Bakının dərdinə merin sərəncamı da məlhəm olmayacaq


Paytaxtda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında” sərəncam imzalayıb. Yeni sərəncama əsasən Bakı şəhərinin prospektlərində, parkların ətrafında, xiyabanlarda, metro stansiyaları yaxınlığında, səkilərdə bütün qanunsuz avtodayanacaqlar tamamilə ləğv ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə belə dayanacaqları təşkil edən fiziki və hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cərimə sanksiyaları tətbiq olunacaq. Tıxacların səngiməsi məqsədi ilə müvəqqəti dayanacaqların yaradılması haqqında qərar qəbul edilib. Yeni dayanacaqlarda tariflər üçün xüsusi lövhələr də quraşdırılacaq.

Sərəncamda qeyd edilir ki, Daxili İşlər Nazirliyi Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinə müvafiq göstərişlər və tapşırıqlar verməli, sərəncamdan

irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazım olan köməklik göstərilməsini təmin etməlidir.

Məlumdur ki, merin belə bir sərəncam imzalaması Prezident İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsindəki çıxışı zamanı qanunsuz parklanma probleminə toxunmasından irəli gəlir. Dünənədək problemin həlli üçün hərəkətsiz qalan mer, Prezidentin irad və tapşırıqlarından sonra ürəklənib. Olsun. Necə deyərlər, buna da şükür. Amma məsələnin qaranlıq qalan məqamları hələ də var. Sərəncam imzalamaq da asandır, avtomobilləri qanun pozuntusuna görə cərimələmək də. Bəs avtomobillərin park edilməsi üçün dayanacaqlar yetərlidirmi? Götürək elə, "Azərbaycan” Nəşriyyatının qarşısını. Kim bilməsə də, ölkə jurnalistləri yaxşı bilir ki, bu ərazidə avtomobil dayanacağı yoxdur, nə yerüstü, nə də yeraltı avtomobil parkı tikilib. Belə olan halda nəşriyyat əməkdaşları avtomobillərini harada saxlamalıdırlar? Eləcə də paytaxtın mərkəzi hissələrində avtomobil dayanacaqları olmayan küçələr var. Xüsusilə də darısqal küçələrdə dayanacaq yaratmaq ümumiyyətlə mümkün deyil. Bu küçələrdə avtomobillər ya səkilərin "başına çıxır”, ya da yolun hərəkət hissəsində dayanmaqla piyadaların. Bəs bu cür yollarda avtomobillərin dayanma-durması üçün hansı tədbirlər görülməlidir?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında problemin göründüyündən də ağır olduğunu dedi:

- Tıxaclar, parklanma hamımızın yaralı yeridir. Paytaxtın elə küçələri var ki, onların səkisi sanki piyadalar üçün deyil, avtomobillər üçün nəzərdə tutulub. Bu hal xüsusilə, şəhərin mərkəzi sayılan qədim hissələrində müşahidə olunur. Oradakı binaları vaxtilə ofis, idarələrə icarəyə veriblər, binaların nəinki birinci, ikinci, üçüncü mərtəbələri də ofis kimi istifadə olunur, hər işçi bir avtomobilə gələndə təbii ki, maşını saxlamağa yer olmur və onlar da avtomobillərini ya səkiyə çıxarırlar, ya da yolun hərəkət hissəsində saxlayırlar. Amma vəziyyətdən çıxış yolu var. Məlumdur ki, Fəvvarələr bağının giriş hissəsində, "Nizami” parkının yanında böyük bir avtomobil dayanacağı tikilib. Ona yaxın ərazilərdə çalışanlar avtomobillərini bu dayanacaqda saxlaya bilər. Amma məsələn, İstiqlaliyyət küçəsi boyunca, həmçinin bu küçə ilə kəsişən küçələrdə belə bir böyük avtodayanacaq tikilməsinə yer baxımından imkan yoxdur. Bu ərazilərdə işə, dərsə gələnlər gərək avtomobillərini aparıb yaxınlıqdakı hansısa dayanacağa qoysun. Paytaxtda hərəkəti tənzimləmək üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Harada ki, avtomobil dayanacağı tikilməsinə yer, imkan var, orada tikilməlidir. Avtomobil sahibləri də, başa düşməlidirlər ki, şəhərin mərkəzi hissəsinə şəxsi avtomobillə girmək problemlidir, ictimai nəqliyyatdan istifadə etsələr, daha yaxşı, daha rahat olar. Bunun üçün də, ictimai nəqliyyat da gərək sərrast işləsin. Yəni, bu məsələlər bir-birilə sıx bağlı olan, biri digərindən asılı məsələlərdir. İnsanlara "burda dayanmaq olmaz” deməklə, problemi həll etmək mümkün deyil. Avtomobillərin dayanması üçün də şərait yaradılmalıdır. Dünya təcrübəsində şəhərlərdə hərəkətin idarə edilməsinin müxtəlif üsulları var. Məsələn, Berlində yolların kənarında dayanacaqlar var. Sadəsi də var, bahalısı da. Sadə dayanacaqlarda avtomobil saxlamaq 3 avrodur. Amma Berlində 3 avro Bakıdakı 3 qəpikdən ucuzdur. Biz hər yerdə pullu dayanacaq yaratsaq, camaat müflis olar. Pullu dayanacaqlarda qiymətlər əhalinin yaşayış səviyyəsinə uyğun, əlçatan olmalıdır. Londonda da bahalı dayanacaqlar var. Amma Londonun elə qədim, tarixi əraziləri var ki, orada avtomobilə hərəkət etmək ümumiyyətlə qadağandır, avtomobil saxlamağa da icazə verilmir. Gərək maşından düşüb piyada hərəkət edəsən. Bizdə bir az da psixologiyaya bağlı amildir ki, hamı istəyir, avtomobili pilləkənin ucunda dayansın. İnsanlar "artıq” hərəkət etməyə ərinirlər. Deyək ki, iş yeri İstiqlaliyyət küçəsinin ayağında olan birisi özünə əziyyət verib küçə boyunca piyada getmək istəmir. 500 metr piyada getmək istəmirlər. Yaxud, götürək müəllim və tələbələri. "Elmlər Akademiyası” metrostansiyasının ətrafındakı ali təhsil müəssisələrinin önündə yaşanan tıxacları çoxumuz görürük. Həmin əraziyə metro xətti məhz ona çəkilib ki, müəllim və tələbələr, elm adamları ictimai nəqliyyatdan istifadə edə bilsin. Amma nə görürük? Bir bahalı avtomobil yolu kəsib dayanıb kimisə gözləyir. Bu adam da yırğalana-yırğalana dərsdən çıxıb maşına gəlib çatıb

əyləşənədək yolda tıxac yaranır. Vacibdir ki, dərsə maşınla gəlib-getsinlər? Metroya minsələr, tıxac da yaranmaz. Avropada da yollarda müşahidə kameraları quraşdırılıb. Əgər avtomobil yolun hərəkət hissəsində 20 saniyədən artıq dayanırsa, sürücü cərimə olunur. Çünki hesablanıb ki, sərnişinin maşından düşüb minməsinə 20 saniyə tamamilə bəs edir. Ola bilər, kimsə ictimai nəqliyyatdan istifadə etmir və ya buna fiziki imkanları məhduddur. Hər kəsin şəxsi avtomobillə hərəkət etmək hüququ var. Amma gərək başqalarının da hüquqlarını pozmayasan. Avtomobilə tez minib, tez də düşməlisən ki, yolu bağlamayasan. Bizimkilər bəzən dəqiqələrlə maşını saxlayıb kimisə gözləyirlər. Bunlar hamısı hərəkət qaydalarının pozulmasına, tıxacların yaranmasına səbəb olur. Ümumiyyətlə, Bakıya mümkün qədər az avtomobilin daxil olmasına şərait yaradılmalıdır. Bunun üçün də gərək şəhər kənarında böyük və ucuz, hardasa simvolik qiymətə avtodayanacaqlar tikilməlidir. Deyək ki, "20 Yanvar”, "Koroğlu” metrostansiyası, yaxud "Şamaxinka” adlanan ərazilərdə. Şəhərə daxil olanlar maşınlarını bu dayanacaqlarda saxlayıb ictimai nəqliyyatdan istifadə etsinlər. Yenə də deyirəm ki, bu dayanacaqlarda qiymətlər ucuz olmalıdır.

Ə.Hüseynov bildirdi ki, merin məlum sərəncamı bundan sonra yol kənarında avtomobillərin saxlanmasının qadağan edilməsi anlamına gəlməməlidir:

- O sərəncamdan bu çıxmır ki, bundan sonra yol kənarında avtomobillərin saxlanması qadağan olunacaq. Xeyr. Burada söhbət dayanma-durma qaydalarının pozulmasından, qanunsuz dayanacaqların yığışdırılmasından və qoluna qırmızı bağlayıb qanunsuz parkinqlə məşğul olanlardan gedir. Mən özüm də maşınımı "Azərbaycan” Nəşriyyatının qarşısında saxlayıram. Bu ərazidə parklanmanı qadağan edən heç bir işarə yoxdur. Avtomobilin saxlanmasının iki qaydası var. Avtomobili yolun qadağan olunmayan istənilən hissəsində saxlamaq olar, bir şərtlə ki, saxlanmış avtomobil yolda hərəkətə mane olmasın. Avtomobilin səkiyə çıxmasına isə yalnız xüsusi nişanlar olduğu halda icazə verilir. Bu nişanlar "5-15” və ya, "1-3”, "7-6” və s. rəqəmlərlə işarələnir. Bu da avtomobilin səkiyə hansı məsafə daxilində çıxa biləcəyini göstərir. Yəni avtomobil yolun hərəkət hissəsində səkiyə çıxmamaq şərtilə, əgər dayanma-durmanı qadağan edən işarə yoxdursa, dayana bilər. Hər yerdə pullu dayanacaq təşkil etməkdən söhbət gedə bilməz. Bu, mümkün də deyil. Yalnız xüsusi yaradılmış yerlərdə pullu dayanacaqlar yaradıla bilər. Başqa ərazilərdə isə xüsusi nişanların, qadağan nişanlarının, parketməyə icazə verən nişanlar qoyulmalıdır. Sürücülər də yol hərəkəti qaydalarını bilməlidirlər. Qanun pozuntusuna yol verməməlidirlər.

Məlahət Rzayeva