Şübhəli şəxsin saxlanılma müddəti 96 saat olacaq

MM-də CPM-yə dəyişikliklər edilib



Ötən gün Milli Məclis Cinayət Prosessual Məcəlləyə dəyişiklik edib. Dəyişikliklər haqda deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi:

"48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı, ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın”.

Dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev təklifi dəstəkləyib: "Amma CPM 148.7 maddəsi ilə razı deyiləm. Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu, insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, sözügedən maddə çıxarılmalıdır. Toplantını keçirən şəxslər İnzibati Xətalar Məcəlləsi əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan

şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını ümumiyyətlə mən başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılsın. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməməlidir”.

Bundan sonra vitse-spiker Ziyafət Əsgərov iclasın gündəliyinə daxil olan "Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsinin növbəti iclasa saxlanılmasını məsləhət görüb.

Daha sonra yol polislərinə sürücüləri təqib etmək imkanı verən qanun müzakirə edilib. "Yol hərəkəti haqqında” qanuna dəyişikliyin vacibliyini bildirən deputat Ə.Hüseynli, nəzərdə tutulan müddəalar haqqında məlumat verib. Dəyişikliyə görə, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi, qaçırılması və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat daxil olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə bağlı insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırılma vasitələrindən istifadə oluna bilər. Müzakirələrdən sonra dəyişiklik qəbul edilib.

Anar