Səhv əməliyyat, yoxsa xəstənin səhlənkarlığı?..

Özəl klinikalardan hər ay ölüm xəbəri eşidirik



Ölkədə fəaliyyət göstərən özəl klinikaların əksəriyyəti tibb ocağı deyil, ölüm yuvasını xatırladır. Baş verən faciələrə baxmayaraq heç bir həkim cəzalandırılmır. Əlaqədar orqanın "tükü də tərpənmir”. Normalda isə bu cür klinikaların lisenziyası ləğv olunmalı və fəaliyyətinə xitam verilməlidir. Əksinə, həkimlər və müvafiq qurum istənilən halda xəstəni və onun yaxınlarını suçlu hesab edirlər. Həkimə zamanında müraciət etməməkdə və klinikadan vaxtından əvvəl çıxmaqda ittiham edirlər.

Xatırladaq ki, bu günlərdə 58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub. O, "Azad Azərbaycan” (ATV) telekanalında yayımlanan "Çox yaşa” verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də "City Hospital”da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb.

Qeyd edək ki, S.Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub və o, əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, Vasif İsmayıla müraciət edib. Həkim isə sidik kisəsinin ümumiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib. Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib.

S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə martın 8-nə qədər "City Hospital”da reanimasiyada qalıb. Məlum olub ki, əslində, S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib.

1 ay yarım "City Hospital”da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət

qarşısında xəstəni nevroloji müalicə üçün "Medistyle” özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Həkim Vasif İsmayıl isə bildirir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib.

Klinikaların fəaliyyətini dəyərləndirən Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında bu cür halların müxtəlif səbəblərdən baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bütün hallarda həkimlərin ittiham olunması düzgün yanaşma deyil: "İlkin olaraq bilmək lazımdır ki, xəstə vaxtında müraciət etməlidir. Gecikmiş formada olanda heç kəsdən asılı olmayaraq müxtəlif fəsadlar baş verir. Təbii ki, həkimin birinci missiyası xəstəyə yardım göstərməkdi. Həkim də bilir ki, bu xəstəlikdən sonra o, neçə ay və ya il yaşaya bilər. Xəstənin ömrü bircə gün də uzanarsa, əməliyyatı etməyə dəyər”.

Doktor bildirib ki, xəstə gecikmiş formada gələrsə, həkimlər də pis durumda qalır: "Kömək etməyəndə, həkimə qarşı ittihamlar başlayır. Kömək edəndə, fəsadlar baş qaldırır”.

Ş.Namazova onu da diqqətə çatdırıb ki, bəzən xəstələr həkimin təyin etdiyi "çarpayı gününü” xəstəxana şəraitində deyil, evdə keçirməyi üstün tutur: "Bu da faciə ilə nəticələnir. Xəstənin xəstəxanada qalma müddəti var. Tutaq ki, xəstə 10 gün tibb müəssisəsində qalmalıdır. Amma qalmır. Buna maddi çətinlik imkan vermir. Xəstənin sahibi onu evə aparır. Ev şəraiti ilə xəstəxana şəraiti eyni deyil. Xəstəxanada yataq rejimi və qulluq var. Xəstənin halı pisləşərsə, təcili yardım göstərilir. Evdə isə belə imkanlar yoxdur”.

Ekspert hesab edir ki, ölüm hadisələri bəzən xəstənin keçirdiyi əməliyyat səbəbindən deyil, başqa fəsadlardan baş verir: "Baxın, xəstə ağır durumda gəlir. Ona təcili əməliyyat lazım olur. Təcili əməliyyat olunmalı xəstənin digər orqanlarını laborator müayinə etməyə vaxt olmur. Ona görə də həkim bəzən xəstənin digər orqanlarını müayinə etmədən onu əməliyyat stoluna qaldırmağa məcbur olur. Sonradan başqa orqanında problem üzə çıxır”.

Ş.Namazova onu da əlavə edib ki, xəstənin digər orqanlarının müayinəsinə bəzən elə onların özləri əngəl törədirlər: "Maddi çətinliklər ucbatından digər orqanlarının müayinəsindən boyun qaçırırlar. İzah etmək olmur ki, qalxanvari vəzdə düyün varsa, süd vəzisində hormonal tarazlıq pozulur. Süd vəzisində düyün yaranır. Ona görə hansısa bir orqan əməliyyat olunacaqsa, onunla bağlı olan başqa orqanlar da yoxlanmalıdır. Digər orqanlarda problem varsa, öncə ona tədbir görülməlidir. Xəstəyə digər orqanlarında olan problemlərlə bağlı məlumat verilməlidir”.

Özəl klinikaların fəaliyyətindən və ora toplaşan həkimlərin potensialından söz açan doktor vurğulayıb ki, özəl sektorlarda təcrübəsiz və savadsız həkimlərə rast gəlinmir: "Dövlət müəssisələrində konkret əməkhaqqı verilir. Savadı olan da, olmayan da eyni maaş alır. Özəl klinikalarda isə tam fərqlidir. Burada çalışan həkimlər maaşı işlədiyinin müqabilində, xəstənin sayına uyğun alır. İndiki halda heç bir xəstə savadsız və təcrübəsiz həkimə müraciət etmir. Özəl klinikaya gedən həkim düşünür ki, onun potensialı hansı səviyyədədir. Potensialı varsa gedir. Belə klinikalarda savadsız həkimin olması mümkünsüzdür”.

S.Ələkbərovanın ölüm səbəbləri və onların araşdırılması istiqamətində hansısa işlərin aparılıb -aparılmamasını öyrənmək üçün Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirliyə zəng vurduq. Əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, o, zəngimizi cavabsız qoydu.

P.S. A.Qədirlinin zəngimizə cavab verməməsi birinci hal deyil.

Ayyət Əhməd