“Turizm şirkətləri ancaq 2-3 ay işləyir”

Vüqar Bayramov: “Qiymətlərin yüksək olmasının bir səbəbi də bundan qaynaqlanır”



Millət vəkili Musa Qasımlı Milli Məclisin dünənki plenar iclasında Azərbaycanda turizmin inkişafının zəif olduğunu bildirib. Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında sorğu keçirməsinin zəruri olduğunu vurğulayan millət vəkili sual edib ki, əgər bizdə turizm imkanları Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyi kimidirsə, nə üçün insanlar istirahət etmək üçün xaricə üz tuturlar?

Qeyd edək ki, M.Qasımlı Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyinə 2 təklif göndərib. Millət vəkili hesab edir ki, səfirliklərimizdə Mədəniyyət və Turizm şöbələrinin açılmasına ehtiyac var. O həmçinin bölgələrdə turizmin inkişafı üçün müəyyən işlər görülməsinin də zəruriliyini qeyd edib.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov isə hesab edir ki, turizmi inkişaf etdirmək üçün Azərbaycanın geniş potensialı var. Amma bu potensialı imkana çevirmək və inkişaf etdirmək istiqamətində hökumət tərəfindən müvafiq infrastruktur işləri həyata keçirilərək rəqabət qabiliyyətli turizm biznesinin yaradılması təmin olunmalıdır: "1999-cu ildə "Turizm haqqında” Qanunun qəbulu ilə bu sahədə dövlət siyasətinin əsas prioritetləri və hədəflərinin müəyyən edilməsinə, o cümlədən turizm siyasətinin mühüm sənədlərindən olan Azərbaycanda 2002-2005-ci və 2010-2014-cü illər üçün turizmin inkişafına dair dövlət proqramlarının təsdiq olunmasına baxmayaraq, turizm sektorunun inkişaf prosesi qonşu ölkələrlə müqayisədə zəifdir. Turistlərin sayına görə Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur”. V.Bayramov turizm sahəsində fəaliyyət göstərən sahibkarların ən böyük problemlərindən digəri kimi turizm günlərinin sayının azlığını önə çəkir: "Təhlillər göstərir ki, qış turizminin hələ də inkişaf etməməsinin səbəbi iş adamlarının qış turizm mərkəzlərini yaratmaqda maraqlı olmamasıdır. Turizm şirkətləri ancaq 2-3 ay işləyir. Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin - yayın üstünə salır. Elə qiymətlərin yüksəkliyinin bir səbəbi də bundan qaynaqlanır”.

Ekspert ölkədə turizmin inkişafı üçün dünya səviyyəsində öndə gedən ölkələrin təcrübəsindən istifadəni vacib sayır. Onun fikrincə, daxili turizm də inkişaf etdirilməlidir: "Sahibkarlar 1 və 2 ulduzlu otellərin inşasına üstünlük verməli, təklif edilən xidmətlərin çeşidini genişləndirməli və qiymətləri aşağı salmalıdır. Sahibkarlar əsasən ulduzların sayını çoxaltmaqla qiymətləri artırmağa üstünlük verir. 4-5 ulduzlu otellər yerli vətəndaşlar üçün deyil, əsasən xarici turistlər və iş adamları üçün münasibdir. Bu da daxili turizmə mənfi təsir göstərir. Bundan başqa, otellərin qiymət siyasətlərinə nəzarət gücləndirilməlidir. Bu sahəyə nəzarət edən xüsusi qurum yaradılmalı və həmin qurum mütəmadi olaraq otellərdə xidmətlərin səviyyəsini və qiymətləri monitorinq etməlidir”.

Şəymən