Kəlbəcər gizlinləri açılır

Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib



Dünən Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər tərəfindən təşkil olunmuş "Başlıbel faciəsinin 21-ci ildönümü” ilə bağlı anım tədbiri keçirilib. Toplantı Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və KİV nümayəndələrinin iştirakı ilə baş tutub. Jurnalist Elxan Salahov iştirakçılara Kəlbəcərin işğalı və Başlıbel faciəsi haqqında məlumat verib. Başlıbel faciəsinə cəmiyyətin laqeyd yanaşmasını təəssüflə qeyd edən jurnalist ilk dəfədir ki, Başlıbel faciəsinin geniş tədbirlə anıldığını vurğulayıb.

Tədbirdə söz alan jurnalist Xalid Kazımov isə Başlıbel faciəsi və qurbanları haqqında geniş məlumat verib: "Son illər Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

İndiyədək faciə ilə bağlı respublikamızda da yetərincə məlumatlandırma aparılmayıb”.

Etibar Ağayev isə Başlıbel faciəsi ilə bağlı fikirlərini bölüşdükdən sonra son zamanlar mətbuatda Kəlbəcərin işğalı və kəlbəcərlilər haqqında xoşagəlməz ifadələr işlədənlərə mesaj ünvanlayıb: "Son zaman televiziyalarda "Kəlbəcəri öz əllərimizlə düşmənə verdik”, "Kəlbəcəri satdılar” kimi ifadələr işlənir. Hətta bəziləri döyüşə çağırış edir. Bizim ölkəmiz qanunlarla idarə olunur. Bu cür çağırışlar isə qanuna ziddir. Döyüşlə bağlı qərar yalnız Ali Baş Komandana məxsusdur. Bir şeyi də qeyd edim ki, həmin o "ağzıgöyçəklər” narahat olmasın, Ali Baş Komandan döyüş əmri verdiyi halda kəlbəcərlilər onlardan qabaq ön sırada olacaq”.

Başlıbel faciəsinin ictimaiyyətə yetərincə çatdırılmaması ilə bağlı narahatlığını ifadə edən Zülfüqar Hüseynzadə isə qeyd edib ki, Azərbaycan xalqının tarixində baş verən faciələr fərdiləşdirilir. "Halbuki başımıza gətirilən müsibətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mərkəzləşdirilmiş siyasət aparılmalıdır. Əks təqdirdə, biz heç nəyə nail olmayacağıq”.

Şəymən