Millət vəkili də etiraz edir

Şəhidlər Xiyabanında şəhidlərin məzarları görünməz hala gəlib




Bu günlərdə iştirak etdiyim tədbirlərin birində şəhid yaxınlarının hiddət dolu etirazları diqqətimi çəkdi. Məsələyə biganə qalmadım, onları narazı salan səbəblərlə maraqlandım. Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin yaxınları Şəhidlər Xiyabanındakı ayrıseçkilikdən gileylənirdilər. Buna səbəb isə Xiyabanda Qarabağ şəhidlərinin məzarları qarşısında əkilən şam ağaclarıdır.

Belə ki, bir müddət əvvəl əkilən ağaclar artıq böyüyüb və hasar kimi şəhid məzarlarının qarşısını kəsir. Yəni Qarabağda can qoyan igidlərin qəbirləri görünməz qalır. Xatırlayırsınızsa, hələ 2 il öncə burda şam ağacları əkiləndə bir qrup şəhid anası buna narazılıqlarını bildirmiş, giley-güzar etmişdi. O zaman körpə olan bu ağaclar indi böyüyərək meşəliyə çevrilib, Qarabağ müharibəsi qəhrəmanlarının qəbirlərinin görünməsinə əngəl olub. Doğrudan da, Xiyabana ayaq basarkən sanki burada uyuyan şəhidlərimizin yalnız 20 yanvar hadisələrində həlak olan insanlardan ibarət olduğunu zənn etmək olar. Nəzərə alsaq ki, and yerimiz olan Şəhidlər Xiyabanını həm də xaricdən gələn

qonaqlarımız ziyarət edir, o zaman Qarabağda həlak olan şəhidlərimizin qəbirlərinin küknarlar, şamlar arasında gizlədilməsini onlara qarşı haqsızlıq və ayrı-seçkilik kimi qiymətləndirmək olar. Qarabağ şəhidlərinə bu münasibət fonunda bir sıra şəhid ailələrinin öz doğmalarının qəbirlərini buradan köçürmə istəkləri də baş qaldıra bilər. hətta belə getsə, bu fakt qaçılmaz olacaq.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələnin ciddi olduğunu deyərək bildirib ki, ya həmin şəhid qəbirləri köçürülməli, ya da ağaclar seyrəkləşdirilməlidir: "Həmin ağaclar bir neçə il bundan əvvəl Şəhidlər Xiyabanında yenidənqurma işləri aparılarkən əkilib. Xiyabana girişdə sağ və sol tərəfdə Qarabağ şəhidlərinin qəbirləri yerləşir. Onların qarşısına ağaclar əkdilər və həmin yaşıllığı çox sıx əkdilər. Belə olan halda həmin şəhid məzarları görünməz oldu. O vaxtları bu məsələ bizim də diqqətimizi cəlb etdi. Bununla bağlı mətbuatda çıxış etdik, Bakı Şəhər İcra Hakimiyyətinə də məktubla müraciət etdik ki, həmin ağacları seyrəltsinlər. Sonra Şəhid Ailələrinin Hüquqlarını Müdafiə Cəmiyyəti ilə də əlaqə saxladıq ki, bir yerdə müəyyən addımlar ataq. Əgər nəticə verməsə, özümüz həmin ərazidəki ağacları seyrəldək. Onlar bundan imtina etdilər. Dedilər ki, bu məsələnin siyasiləşməsini istəmirik. Ona görə də bizim də əlimiz-qolumuz bağlandı”.

Bir müddət öncə də bu barədə öz etirazlarını bildirdiklərini söyləyən QAT sədri hesab edir ki, bu barədə şəhid ailələri də öz münasibətlərini də bildirməlidirlər. Akif Nağının fikrincə, ya həmin şəhid qəbirləri köçürülməli, ya da ağaclar seyrəkləşdirilməlidir.

Millət vəkili Elman Məmmədov da ağacların şəhidlərin məzarları önündə əkilməsinə və həmin ağacların onların məzarlarını gizlətməsinə etirazını bildirib:

"Şəhidlər Xiyabanında Qarabağ şəhidlərinin dəfn edildiyi ərazidə 12 Xocalı şəhidinin məzarı da var. Mənim anamın qəbri də ordadır. Həmin ağacların şəhidlərin qarşısında bir divar kimi əkilən vaxtı bütün şəhid ailələri kimi mən də öz etirazımı bildirmişdim. İndi də şəhid ailələrinin etirazlarına qoşuluram. Bilmirəm kimə lazımdır bu, nə üçündür? Bilmirəm ki, nəyə görə şəhidlərimizi gizlədirik, onların qarşısını örtməliyik? Niyə buranı ziyarət edənlər həmin qəbirləri görməməlidirlər?! Bu mənə də aydın deyil. Şəhidlər Xiyabanı bizim qürur yerimizdir. Şəhid qəbirlərimizi təzə ayaq açan körpələrimiz də ziyarət etməlidir. Xarici ölkələrdən gələn qonaqlar da görsün ki, Azərbaycan torpağı uğrunda nə qədər Azərbaycan övladı şəhid olub. Bunun qarşısına ağac əkərək sədd yaratmağın nə mənası var ki? Mən də bu məsələyə etiraz edənlərdən biriyəm. Mən istərdim ki, həmin işə cavabdeh, məsuliyyət daşıyan kimdirsə, onlar deyilənlərdən nəticə çıxartsın. Onlar tək bir yerə yox, bütün yerə, bütün şəhid qəbirlərinə yaxşı xidmət etsinlər”.

Şəymən