Gənc alimlərin çoxu qrant layihələrindən xəbərsizdir

Heç olmasa, elmlər namizədləri və doktorların məvaciblərinin artırılması yaxşı olardı




"Gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, elm özü qazanmalıdır: "Alimlər, məxsusi olaraq da gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak edərək məvaciblərini artıra bilərlər”.

AMEA prezidentinin açıqlamasını dəyərləndirən təhsil eksperti Etibar Əliyev "Şərq”ə açıqlamasında alimlərin əmək haqlarının aşağı olduğunu söyləyib: "Keyfiyyətli elmi-tədqiqatlarla məşğul olmaları üçün daha çox gənc alimlərə stimul yaradılmalıdır. Düzdü, onlar xarici ölkələrin və yerli donorların elan etdikləri qrant layihələrində iştirak etməlidirlər. Amma gənc alimlərimizin əksəriyyəti qrant layihəsi tərtib etməkdən belə xəbərsizdir. Ona görə də, heç olmasa, elmlər namizədləri və doktorların məvaciblərinin artırılması yaxşı olardı”.

Ekspert onu da diqqətə çatdırıb ki, hazırda elmlə məşğul olanlar daha çox xanımlardı. Çünki oğlanların magistratura təhsilinə möhlət verilmir: "Bakalavr pilləsini bitirən gənclərimiz ordu sıralarına çağırılır. Belə olan halda bir il vaxt itirirlər ki, bu da onları elmdən uzaqlaşdırır” .

E.Əliyevin fikrincə, gənc alimlər üçün həvəsləndirici tədbirlərin gerçəkləşdirilməsi zəruridir: "Apardıqları tədqiqatlar qiymətləndirilsə, əlavə vəsaitlərlə təmin olunsalar, elmlə daha ciddi şəkildə

məşğul ola bilərlər. Yaxşı olar ki, hökumət büdcə müzakirələrində bir çox elmi-tədqiqat təşkilatlarına qrant məqsədləri üçün müəyyən vəsaitlər ayırsın”.

Ayyət Əhməd