3974

Qəbiristanlıqlarda yer tapmaq olmur

.

Dirilərin ölülər dərdi hər zaman var. Necə də olmasın. Qəbir yeri pulu, molla pulu, ehsan süfrəsi, sonra da qəbir daşı xərci... Bəlkə də insana həyatı boyunca çəkilməyən xərc ölüsünə çəkilir. Artıq hamı qəbul edir ki, bu ölkədə ölmək yaşamaqdan bahalıdır. Amma neyləyəsən? Ölüm əlimizdə deyil ki, ya qabağa salaq, ya da təxirə. Hərdən adama elə gəlir ki, yas mərasimlərində qurulan ağlaşmalar ölü üçün deyil, dirilər üçündür. Ailəsində kimisə vəfat etmiş şəxslərin balıq kimi çırpındıqlarını hamı görür. Adam bilmir ölüsünə ağlasın, yoxsa öz gününə.

Qədimlərdə adamlar kəfən pulu yığardılar. Qoca nənələr sandıqlarının bir küncündə düyünçənin içində qəpik-quruşdan nə olsa, yığıb saxlayardılar ki, əcəl yetişəndə oğul-övlad o puldan istifadə etsin. İndi bu da mümkün deyil. Çünki qiymətlər üzü yuxarıdır. Pul hər gün dəyərdən düşür. Kim nə bilir, sabah başını yerə qoyanda qəbir yerinin qiyməti neçə olacaq? Gələcəyin hesabını aparmaq mümkün deyil artıq. Bircə onu bilirsən ki, bacardıqca çox pul yığmalısan. Onu da ki, kasıb bacarmır. Artıq insanlar üçün ölüm də adiləşib. Bəzisi indidən vəsiyyət edir ki, öləndə oğul-uşağı özünü çətinə salmasın, aparıb hardasa bir küncdə basdırsınlar, vəssalam. Başqa yol da yoxdur. Paytaxtda qəbir yerlərinin qiyməti "göylə gedir”.

Qəbir yerləri Xırdalan qəbiristanlığında 1200-800 manat, Masazırda 400-1000. Biləcəridə yerinə görə, 300-500 və 800-1000 manat arası dəyişir. Günəşli qəbiristanlığında bu məbləğ 400-1500 manat, Badamdarda 500-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manatdır. Paytaxtın "nüfuzlu” qəbiristanlıqları "Qurd qapısı” və Yasamal qəbiristanlıqlarıdır ki, orada qəbir yerlərinin qiyməti 2000-3000 manatdır. Bura qəbir qazan fəhlələrin pulu, qəbirin içərisinə hörülən daşlar, meyitin xüsusi maşınla qəbiristanlığa aparılması qiyməti də daxil ediləndə əlavə xərclər 200-300 manata çatır.

İndi, öl, görüm, necə ölürsən?!

Qəribə burasındadır ki, rəsmi dairələr qəbir yerlərinin fantastik qiymətlərə satıldığını inkar edirlər. Yəni, ölü də gizli iqtisadiyyat deyil ki, adamdan fakt tələb edilsin. Hamının ailəsində, qonşusunda, qohumunda vəfat edənlər olur, şair demişkən, dünyadı da, bir yandan boşalır, bir yandan dolur. Belədə qəbir yerinin neçə manata alınması bəlli olur. Qəbir yeri üçün əliylə pul sayıb verən adam rəsmilərin dövlət rüsumu ilə bağlı dediklərinə necə inansın?

Dövlət rüsumu deyilən məsələ ilə biz də maraqlandıq. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ilə əlaqə saxladıq. Trestin baş mühəndisi Sabih Həsənov "Şərq”ə açıqlamasında qəbir yeləri ilə bağlı dövlət rüsumunun təyin edildiyini dedi:

- Heç kəsin qəbir yerini satmaq hüququ yoxdur. Qəbir yerləri ilə bağlı məlum dövlət rüsumları təyin edilib. Qəbir yerinin qiyməti 63 manatdır. Əgər vəfat etmiş şəxs qeyri-müsəlmandırsa və tabutla dəfn ediləcəksə, o halda 79 manat ödəməlidir. Çünki bura tabutun qiyməti də daxildir. 63 manata yalnız qəbirin qazılması daxildir. Tikinti materialı üçün təqribən 40 ədəd daş (kubik), 2-3 kisə sement, bir də əhəng daşı lazım olur. Bunlar da təxminən 100 manat pul edir. Fəhlələrə də əl əməyi  haqqı ödənir. Bu qiymətləri əks etdirən "preyskurant” bütün qəbiristanlıqlarda var. İstənilən şəxs qəbiristanlıqlara gedib nəzarətçilərin otağında bu qiymət cədvəlini görə bilər. Kimdənsə əlavə pul tələb edilirsə, qoy, bizə müraciət etsin, şikayət etsin. Bəlkə kimsə dəllaldır, bazarlıq edir, niyə hər adama pul verirlər?

Baş mühəndis vətəndaşlara "Qaynar xətt” nömrəsini xatırlatdı: 510 83 08. Artıq məbləğ tələb olunan vətəndaşlar bu nömrəyə zəng etsinlər.

S.Həsənov qəbiristanlıqlarla bağlı da müəyyən məlumatlar verdi. Məlum oldu ki, paytaxtın "Qurd qapısı” və Yasamal qəbiristanlıqları artıq tamamilə doludur. Orada boş ərazilər qalmayıb. Bu qəbiristanlıqlar faktiki olaraq məzarlıq üçün qapalı ərazilər hesab edilir. Yəni, təzə ölülər bu qəbiristanlıqlara qəbul edilmir. S.Həsənov bildirdi ki, Trestin tabeliyində ümumilikdə 33 qəbiristanlıq var. Onlardan 2-si Fəxri Xiyabanlar, 2-si də Şəhidlər Xiyabanıdır. Birinci Fəxri Xiyabanla, 1-ci Şəhidlər Xiyabanında demək olar ki, artıq dəfn həyata keçirilmir. Ancaq xüsusi hallarda dəfn mərasimi ola bilər. Azərbaycanın məşhur insanları, xalq artistləri vəfat edəndə, ya da şəhidlər, Milli Qəhrəman statusu alanlar bu qəbiristanlıqlarda dəfn edilir. Məsələn, Milli Qəhrəman Mübariz İbrahimov 2-ci Şəhidlər Xiyabanında dəfn edildi.

S.Həsənov Trestdən əlavə, bələdiyyələrin nəzarətinə verilmiş qəbiristanlıqların olduğunu da dedi.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qəbir yerlərinin satılmasına dəfələrlə münasibət bildirib və bu əməlin haram olduğunu deyib:

"Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz. Pul verib qəbir yeri almaq rüşvət sayılır”.

Buna baxmayaraq insanlarımız hələ də haramçılıqla məşğuldurlar. Hazırda paytaxtda ən ucuz qəbiristanlıq Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Və bir də əlbəttə ki, kənd qəbiristanlıqları. Orada yerli camaat ölüsünü hələ ki, rahat dəfn edə bilir. Bir vaxtlar şəhərə köçüb gələnlər də dəfn üçün kənd qəbiristanlıqlarını seçirlər. Dədə-baba yurdu amilinə söykənərək.

Qonşu ölkələrdə qəbiristanlıq problemi müxtəlif cür həllini tapıb. Məsələn, Türkiyədə dəfn işləri ilə bələdiyyələr məşğul olur. Qəbir yeri də ayırırlar, maşın da. Türkiyədə də bahalı qəbiristanlıqlar var. Amma kasıb camaat üçün cüzi məbləğlər təyin edilir, dəfn xərclərini isə bələdiyyələr qarşılayır. Bizdə isə bələdiyyələr çətin durumda olan adama köməklik etməkdən, əksinə, çökürlər boğazına ki, gəl, ölünü bihörmət eləmə, bizə hörmət elə, sənə qəbir yeri verək. Belə getsə, iş o yerə çatacaq ki, ölüləri üst-üstə basdırmalı olacağıq. Hərçənd, dinimiz buna icazə verir. Şərait nəzərə alınaraq bir məzarda bir neçə nəfərin basdırılması təcrübəsi bəzi müsəlman ölkələrində mövcuddur. Qonşu Türkiyədə isə köhnə ölülərin qəbirlərindən çıxarılıb əvəzinə təzələrin dəfn edildiyi məlum olmuşdu. Bu haqda süjet də efirə verilmişdi.

Qısası, qəbiristanlıq monopoliyasına əncam çəkilməsə, yaxın zamanda bizdə də bu cür hadisələr baş verəcək. Ya bir məzarda bir neçə adam dəfn ediləcək, ya da məzar oğurluğuna başlanılacaq.

Ölüləri qəbirlərində də rahat yatmağa qoymayacaqlar. Hələ ki, Kefli İsgəndər demiş; ölülər, necə yatmısınızsa, eləcə də yatın!..

Məlahət Rzayeva