Putin yumşalır

Uzunmüddətli qarşıdurmaya Moskvanın gücü çatmayacaq




Ukraynanın şərqində gərginlik səngiməyib. Ölkənin sənaye şəhərləri olan Luqansk və Slavyanskda orduya silahlı basqın olunub. Hər iki tərəfdən ölən və yaralananlar var. Rus separatçılarının təhriki ilə şəhər sakinləri administrativ binaları ələ keçiriblər. Separatçıların provakasiyasına uyaraq etiraza qalxan Rusiyameyillilər Rusiyaya birləşmək barədə referendum keçirilməsini tələb edirlər.

Rəsmi Kreml isə separatçıların addımına bəraət qazandırır. Rusiya başçısı Vladimir Putin dramatik durumun yaranmasına görə, Amerika və onun müttəfiqlərini ittiham edir. Moskva iddia edir ki, sözügedən ölkədə separatçıların yerləşdirilməsi oradakı rusdilli əhalinin müdafiəsinə və bölgədə sülhün qorunmasına yönəlib. Rusiyanın baş naziri Dmitri Medvedyev də Dövlət Dumasının iclasında çıxışı zamanı qərbi hədələyib. Ölkə rəsmisi deyib ki, qərbə güc göstərməyin vaxtıdır. Baş nazir vətəndaşları qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan qorxmamağa çağırıb. Əmin edib ki, rusiyalılar bundan əziyyət çəkməyəcəklər. Bəzi ekspertlər hesab edirlər ki, son günlər Amerika və eləcə də aparıcı qərb ölkələri geriyə çəkilmiş kimi görünür. Rəsmi Vaşinqton yaşananlara loyal bəyanatlar səsləndirməklə kifayətlənir. İqtisadi sanksiyalarını gücləndirəcəklərini vəd etsələr də, təzyiqlərini sərtləşdirmirlər. Hətta iddialar dolaşmaqdadır ki, Amerika Ukraynanı meydanda tək qoydu.

Ukraynadakı son prosesləri şərh edən politoloq Zəfər Quliyev "Şərq”ə söyləyib ki, ABŞ Rusiyaya olan sanksiylarını getdikcə gücləndirir: "Sanksiya sözü çox cəlbedici görünür. Konkret sanksiya görməyəndə düşünürlər ki, təzyiq yoxdur. Amma anlamaq lazımdır ki, burada yalnız iqtisadi sanksiyadan danışmaq olmaz. ABŞ siyasi təzyiq rıçaqlarını işə salıb. Amerikanın vitse-prezidentinin Kiyev səfəri Moskvaya mesajdır. Bununla bildirirlər ki, Vaşinqton daima Ukraynanın yanındadır. Hər gün Amerika rəsmiləri açıq formada Rusiya rəhbərliyinə çox sərt formada mesajlar verirlər. Bütün bəyanatlarda qeyd olunur ki, rus diversantları Şərqi-Cənubi Ukraynanı və tutulmuş binaları tərk etməsələr, Vaşinqton daha sərt iqtisadi sanksiyalara əl atacaq. O sanksiyalar bir çox rus məmurlarını əhatə edə bilər”.

Ekspertin qənaətincə, son günlər təzyiqlərin sərtləşməsini Moskva da hiss edir: "Düzdü, Rusiya anti-Ukrayna siyasətindən və ölkəni daxildən parçalamaq kursundan əl çəkməyib. Amma ritorika dəyişib. Lavrovun və digər hökumət nümayəndələrinin danışığına fikir versəniz, bunu görəcəksiniz. Dünya ictimaiyyəti qarşısında özlərinə bəraət qazandırmağa çalışırlar. Aqressiv ritorikadan müdafiə ritorikasına keçiblər. Bütün məsələlərdə Kiyevi günahlandırırlar. Günahkar axtarmağın özü onu sübut edir ki, Moskva ehtiyatlanmağa başlayıb. Münaqişə yenicə alovlananda Rusiya tərəfi beynəlxalq normaları tanımadığını bildirirdi. Putin 17 apreldə vətəndaşların suallarına cavab verərkən də söylədi ki, Avropa və Amerika ilə münasibətlərin inkişafında maraqlıdırlar. Və beynəlxalq normalara əməl edirlər”.

Z.Quliyev onu da əlavə edib ki, bu cür diplomatiya Moskvanın birinci siyasəti deyil: "Balkan böhranı zamanı da Rusiya proseslərə çox sərt formada müdaxilə edirdi. Qərbi günahlandırırdı. Maraqları təmin olunandan sonra Kosova və Balkan böhranı məsələlərində kənara çəkildi”.

İndiki mərhələdə Moskvanın potensialının olmadığını deyən politoloqun fikrincə, Rusiya Qərb və Amerika ilə uzunmüddətli qarşıdurmaya davam gətirə bilməyəcək: "Amerika da bunu bilir. Vaşinqtonun təzyiqi Moskvanı əvvəlki mövqeyinə qayıtmağa məcbur edəcək. Uzunmüddətli qarşıdurmaya Moskvanın gücü çatmayacaq. Vaxtı ilə SSRİ bu konfrantasiyaya tab gətirmədi. Halbuki SSRİ-nin iqtisadi, maliyyə, texnoloji və enerji potensialı indiki Rusiyadan qat-qat çox idi. Rusiya dünya ilə təkbaşına konfliktə getməklə sonunu yaxınlaşdıracaq. Moskvanın qarşısında praqmatik maraqlarının təminatı durur. Bunu da Amerika dərk edir”.

Rəsmi Ankaranın məsələlərdə süstlük nümayiş etdirməsinə gəlincə, siyasi təhlilçi vurğulayıb ki, Türkiyə Moskvanı qızışdırmamağa çalışır: "Ona görə də həddən artıq sərt bəyanatlar vermir.

Bununla belə hesab edirəm ki, Amerika və Qərb ölkələrinin Rusiyaya qarşı razılaşdırılmış strategiyası yavaş-yavaş həyata keçir. Bu strategiyanı Türkiyə də gerçəkləşdirəcək”.

Ayyət Əhməd