Yay mövsümünə hazırlıq gedir

Buna görə bəzi rayonlarda içməli su ilə bağlı problemlər yaranır



Son günlər əhaliyə verilən içməli su ilə bağlı yaranan problemlər vətəndaşların narazılıqlarına səbəb olub. "Azərsu” ASC-də problemlərlə bağlı bir çox işlər görülsə də, tam həllini tapa bilmir. Xüsusilə qarşıdan yay ayları gəlir, sakinlərin suya tələbatı ikiqat artır. Artıq bir neçə ildir Bakı şəhəri və Abşeron yarımadasının sakinlərinə suyun 24 saat ərzində fasiləsiz verilməsi ilə bağlı ölkə prezidenti müvafiq sərəncam da verib.

Lakin hələ də Bakı şəhərinin bir çox rayonları fasiləsiz suya həsrətdirlər. Digər tərəfdən su borularının çəkilməsi ilə əlaqədar bəzi hallarda xəbərdarlıq edilmədən suyun verilməsinin dayandırılması sakinlərin şikayətinə səbəb olur.

Qeyd edilən məsələlərlə bağlı "Azərsu” ASC-nin mətbuat xidmətindən bildirdilər ki, problemlərin həlli ilə bağlı müvafiq işlər aparılır: "Bəzi hallarda binaların həyətlərində, zirzəmilərində təmir işləri və sayğaclaşma işləri getdiyindən suyun verilməsi müvəqqəti dayandırıla bilər. Ancaq bunu bütün rayona aid etmək olmaz. "Su təchizatı haqqında” qanuna görə fasilələr olduğu təqdirdə sakinləri əvvəlcədən məlumatlandırırıq. Fasilələrin yaranmasına səbəb yay mövsümünə hazırlıqların getməsidir. Yayda suya tələbat artır. Buna görə su anbarlarında, nasosxanalarda profilaktika tədbirləri aparılır”.

"Azərsu”dan onu da söylədilər ki, Bakı şəhəri və Abşeron yarımadasında genişmiqyaslı işlər görülür: "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Bakı şəhərinə içməli su və kanalizasiya sularının infrastrukturunun yenidən qurulması ilə bağlı "master plan” hazırlanıb. "Master plan”a uyğun layihələr həyata keçirilir. Bu məqsədlə müxtəlif diametrli və istiqamətli 5900 km su, 7100 km kanalizasiya, 970 km yan su xətləri çəkiləcək. Bundan başqa, əhalinin su təchizatını yaxşılaşdırmaq üçün həcmi 1 milyon 345 min kubmetr olan su anbarı inşa ediləcək. Həmçinin gücü 1 milyon 375 min kubmetr olan su kanalı xəttini 11 sutəmizləyici qurğu təmizləyəcək. Bunlar hamısı qeyd olunan ilə qədər fasiləli şəkildə həyata keçiriləcək.

24 saat fasiləsiz içməli və keyfiyyətli su ilə təmin edilməsi ilə əlaqədar olaraq ölkə başçısı qarşımıza tapşırıq qoyub. Oğuz-Qəbələ-Bakı su xətti işə düşəndən sonra Bakı əhalisinin artıq 78 faizi 24 fasiləsiz su alır. Bundan əlavə, qəsəbələrdə də işlər davam etdirilir. Ceyranbatan-Qala xətti keçən il

istifadəyə verildi. 61 km uzunluğunda olan Ceyranbatan-Balaxanı- Ramana-Qala xəttinin davamı olaraq Qaladan Zirəyə və Pirallahına qədər su xətti çəkilir. Artıq Qala və ətraf kəndlərə fasiləsiz su verilir”.

Vüqar Şahinoğlu