General Əliağa Şıxlinskinin məzarı köçürülür?

General nəslinin nümayəndəsi onun məzarının baxımsız olması barədə xəbərlərə münasibət bildirib





 "Əliağa Şıxlinskinin özü həyat yoldaşının yanında dəfn edilməsini vəsiyət edib". ANS PRESS-in məlumatına görə, bunu Şıxlinskinin nəslinin nümayəndəsi olan kinorejissor Ziya Şixlinski deyib. O, generalın məzarının köçürülməsini və məzarının baxımsız vəziyyətdə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Z.Şıxlinski açıqlamasında məzarın köçürülməsinin mümkün olmadığını bildirib. "Onun haqqında mən iki film çəkmişəm. 1993-cü il yanvarın 13-də Naxçıvanda Heydər Əliyev məndən onun qəbrinin yerini soruşdu. Məndə dedim ki, Yasamal qəbristanlığındadır. Məzarın nə üçün orada olmasının səbəbini soruşanda isə dedim ki, o öz vəsiyəti əsasında həyat yoldaşının yanında dəfn edilib. O isə mənə cavabında dedi ki, generalın məzarının yerinin dəyişdirilməsindən daha söhbət gedə bilməz".

Kinorejissor generalın məzarın baxımsız olmasına da münasibət bildirib. Onun sözlərinə görə, Bakı küləkli şəhərdir və əzizilərimizin qəbrini hər gün təmizləsək belə səhər onu yenidən tozlu gözəcəyik. "Ə.Şıxlinskinin məzarı heç vaxt baxımsız olmayıb. Həmişə onun sahibi olub, olacaq da".

Ə.Şıxlinskinin abidəsinin ucaldılmasına gəldikdə isə bu məsələ gələn il, onun yubileyi ərəfəsində həll edilə bilər. Belə ki, Z.Şıxlinski bildirib ki, gələn il yubiley ərəfəsində ola bilsin ki, prezident sərəncam imzalayacaq və onun abidəsi qoyulacaq, adına hərbi məktəb və küçələr olacaq.

Qeyd edək ki, ANS dəfələrlə Azərbaycanın ilk generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskinin, o cümlədən ordunun qurulmasında əməyi olan digərlərinin xatirəsinin əbədiləşdirilməsini gündəmə gətirib. Hətta Milli Məclisdə də bu məsələyə diqqət ayrılsa da real addımlar olmadır. Hətta baxımsız qalan məzarların mənzərəsi şoka saldığından ANS əməkdaşları oranı təmizlik işləri aparıb səliqə yaradıblar.