İlk azərbaycanşünas qadın alim

Akademik Zərifə Budaqova Azərbaycan dilçiliyinin fundamental əsaslarını yaradıb
Nizami Cəfərov: “Görkəmli türkoloq vaxtı ilə Dilçilik İnstitutunda olan intriqaların qurbanlarından biri olub”



Zərifə Budaqova Azərbaycanın görkəmli dilçi-alimlərindən biri olub. O, qısa, lakin şərəfli ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədqiqinə həsr edib. Belə bir müqəddəs və nəcib iş onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli adlara ucaldıb. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınıb, respublikada dilçi-alimlərin yetişməsində səmərəli fəaliyyət göstərib. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirib. 1929-cu il aprelin 28-də İrəvanın Dəmirbulaq məhəlləsində anadan olan Zərifə İsmayıl qızı Budaqova gənclik illərində şəhərdə çıxan erməni fitnəsinə görə doğma yurdundan didərgin düşüb. Sadə azərbaycanlı ailəsində doğulan Zərifə xanım 1946-cı ildə ali məktəbə qəbul olub, qızların təhsil almasının qarşısında əngəl olduğu dövrlərdə həmin səddi aşaraq tələbə adını qazanıb. O, 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirərək həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin digər soydaşlarımız kimi filoloji fakültəsinə daxil olub. Lakin 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə oranı bitirib. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil olan Zərifə Budaqova təhsilini Moskvada davam etdirib. O, 1953-cü ildə Moskvada namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.

Zərifə xanım azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktorudur. 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edilib və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilib. Alimin "Azərbaycan dilinin sintaksisi”, "Azərbaycan dilinin morfologiyası”, "Müasir Azərbaycan dilində söz birləşmələri”, "Müasir Azərbaycan bədii dilinin üslubiyyatı”, "Azərbaycan dilinin orfoqrafiya qaydaları”, "Azərbaycan dilinin durğu işarələri”, "Müasir Azərbaycan ədəbi dilində sadə cümlə”, rus dilində yazılmış "Azərbaycan dilinin qramatikası” (fonetika, morfologiya, sintaksis) kitabları mənbə, məxəz rolu oynayıb və dilçilərimizin stolüstü kitablarından sayılır.

Türkologiyada və Azərbaycan dilçiliyində tərz kateqoriyası ilə bağlı fikir müxtəlifliyi mövcud olduğu bir dövrdə Zərifə xanım belə çətin mövzuda namizədlik dissertasiyası yazaraq, problemin həllinə nail olub. O, bu məsələ barəsində yazan türkoloqlardan fərqli olaraq tərz kateqoriyasının əmələgəlmə qaydalarını müəyyən edən bir sistem yaradıb. Bununla da problemin həllinə öz elmi töhfəsini verib.

Görkəmli dilçi Azərbaycan dilinin qrammatik qayda-qanunlarını rus dilində çap etdirməklə, dilimizin imkanlarını rusdilli oxuculara çatdıraraq bir növ Mirzə Kazım bəyin yolunu davam etdirib. Belə ki, Mirzə Kazım bəy Azərbaycan dilinin qramatikasını 1839-cu ildə Peterburqda çap etdirib.

Onun "Türk-tatar dilinin qramatikası” kitabı sonrakı illər ərzində dilçiliklə bağlı kitablarının yazılmasında nümunə olub.

Professor Zərifə Budaqovanın 1977-ci ildə çap etdirdiyi "Azərbaycan dilində durğu işarələri” adlı kitabı təsadüfi tədqiqat əsəri deyil. Yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında, aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Hər bir durğu işarəsi müəyyən məqsədlə işlədilir. Başqa sözlə, durğu işarələrinin cümlədə vəzifəsi, xidməti rolu vardır. Bütün zamanlarda durğu işarələrinin yerli-yerində işlənməsinə ehtiyac duyulur.

Odur ki, professor Zərifə Budaqova "Azərbaycan dilində durğu işarələri” kitabını yazmaqla hər hansı durğu işarəsinin yerli-yerində işlədilməsinin möhkəm qaydalarını dəqiq izah etmiş, durğu işarələri ilə əlaqəli olan qaranlıq məqamları, durğu işarələrinin funksiyasını öz əsərində dəqiq aydınlaşdırıb.

Zərifə xanım Azərbaycan dili ilə bağlı yazdığı kitablarında ciddi elmi - nəzəri təhlillər apararaq həm dilimizin zənginliklərini, həm də problem və qayğılarını dilçi kimi aktual mövzuya çevirə bilib. Onun "Azərbaycan ədəbi dilinin çiçəklənməsi” adlı məqaləsi ədəbi dilimizin bir sıra xüsusiyyətlərini səciyyələndirir. Alim Azərbaycan ədəbi dilində funksional üslubların çiçəklənməsini bədii ədəbiyyatın inkişafı, elm, mətbuat, radio və televiziyanın, kargüzarlığın, rəsmi yazışmaların inkişafı ilə əlaqələndirir. Mətbuat dilinin müxtəlif üslub növlərinin meydana gəldiyini qəzet və jurnal materialları əsasında xarakterizə edir. Mətbuat dilinin dar çərçivəli müxtəlif üslub növlərinin meydana gəlməsi barədə yazır: "Kommunist” qəzeti, məktəblilərin "Pioner”, məktəbəqədərki yaş dövründə olan uşaqlar üçün nəzərdə tutulmuş "Göyərçin” jurnalları spesifik ifadə üslublarına malikdir”.

Azərbaycan dilinin kütləvi informasiya vasitələrinin dili kimi xidmət göstərməsi məsələsi də Zərifə xanımı bir dilçi kimi düşündürüb. O yazıb: "Gələcək nəsli yüksək danışıq və yazı mədəniyyətinə malik görmək üçün ailə, bağça, məktəb arasında ahəngdar ünsiyyət yaradılmalıdır. Yazıçıların, jurnalistlərin, alimlərin, televiziya və radio işçilərinin yazısı, nitqi gənclərə örnək, nümunə olmalıdır”.

Zərifə Budaqova dilçilərin qarşısında bir sıra vəzifələrin durduğunu da xüsusilə qeyd edirdi. Həmin vəzifələr bütün zamanlarda və indi də öz aktuallığını itirməyib. Məsələn, qəzet, jurnal və bədii əsərlərdə ikili və mübahisəli orfoqrafik nöqsanların olması, orfoepik normalara riayət edilməməsi, bədii dilin özünəməxsus xüsusiyyətlərinin süni şəkildə ədəbi dil normalarına tabe edilməsi, dilin bütün üslublarının hələlik eyni səviyyədə öyrənilməməsi, dilimizin izahlı omonim, sinonim, antonim sözlər lüğətinin tərtib olunması və belə məsələlərdəndir.

Zərifə xanım dilimizlə bağlı xarici ölkələrdə görülmüş işlər barəsində geniş təhlil aparmaqla, bir daha dilimizin tədrisinə, təbliğinə sonsuz məhəbbətini ifadə edib. XIX əsrdə Bestujev-Marlinskinin, M.Y.Lermontovun Azərbaycan dilini öyrənmələrini, Azərbaycan dilinin ilk qramatika kitabı olan "Türk-tatar dilinin qramatikası” kitabının digər xalqların (xüsusilə rusların) Azərbaycan dilini öyrənməsində əvəzsiz rol oynadığını, L.Z.Budaqovun "Turetsko - tatarski bukvar”, "Praktiçeskoye rukovodstvo turetsko - tatarsko - azerbaydjanskoqo nareçiya” kitabları, A.O. Çernyayevskinin "Vətən dili” dərsliyi, S.M.Qənizadənin "İstilahi - Azərbaycan” adlı kitabı və "Somouçitel tyurkskoqo yazıka Kavkazsko - Azerbaydjanskoqo nareçiya” dərsliyi və digərləri Zərifə xanımın tədqiqatlarına görə, Azərbaycan dilinə olan maraqla bağlı yazılıb.

Professor Zərifə Budaqovanın tədqiqatları türkoloqların maraq dairəsində olub, onun qaldırdığı problemlər həmişə ciddi elmi dəyəri ilə seçilib. Ona görə də onun araşdırmalarına türkoloqlar xüsusi əhəmiyyət verib. Məsələn, professorlardan türkoloq Əthəm Tenişev, Məhərrəm Ergin, Sadəttin Buluc, Zeynəb Qorxmaz və digərləri professor Zərifə Budaqovanın yaradıcılığının araşdırılmasına xüsusi ehtiyac olan tədqiqatlar kimi yanaşmışlar. Onun əsərlərinin əhəmiyyətli olduğunu dilçilərimiz həmişə dəyərləndirmiş və yüksək qiymət vermişlər. Vaxtilə professorlardan Ağamusa Axundovun çap etdirdiyi "Vacib nitq mədəniyyəti məsələsi”, Afad Qurbanovun "Zamanın tələblərindən doğan

kitab”, Mirəli Seyidovun "Türkoloqların IV konqresində”, Məmməd Qasımovun "Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək” və s. məqalələri Zərifə xanımın tədqiqatlarına verilən yüksək qiymətdir.

Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, tanınan dilçi-alim, professor Buludxan Xəlilov Z.Budaqova haqda xatirələrində yazır ki, o, ibrət götürüləsi bir alim xanım idi: "Azərbaycanın görkəmli dilçi-alimlərindən biri olub. O, ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədqiqinə həsr edib. Belə bir müqəddəs və nəcib iş onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli adlara ucaldıb. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınaraq, respublikada dilçi-alimlərin yetişməsində səmərəli fəaliyyət göstərib. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirib. Zərifə xanım həmişə dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilib. Onun səmərəli elmi fəaliyyəti və elmi əsərlərinin əhəmiyyəti Azərbaycan qadınlarının müvəffəqiyyəti kimi qiymətləndirilib və təbliğ olunub.

Zərifə Budaqovanı dahi şəxsiyyət kimi dəyərləndirən akademik, millət vəkili Nizami Cəfərov azərbaycanşünas alim barəsində yüksək fikirlərini dilə gətirib: "Zərifə Budaqova bizim yeganə qadın dilçimiz olub ki, AMEA-nın müxbir üzvü səviyyəsinə yüksəlib. Bu onun elminə verilən qiymətdir. Həmçinin Zərifə Budaqova uzun illər Dilçilik İnstitutunun rəhbərlərindən biri olub, bir müddət də instituta bilavasitə rəhbərlik edib. O cür mürəkkəb bir dövrdə Zərifə xanım rəhbər funksiyanını ləyaqətlə və yüksək səviyyədə yerinə yetirib. İdarəçilikdə rolu danılmazdır”.

Bu gün Zərifə Budaqovanın adı klassik dilçilər sırasında yer alıb. Azərbaycan dilçiliyinin tarixi salnaməsində Zərifə xanımın obrazı kifayət qədər diqqətçəkən bir obrazdır. Xüsusilə, müasir Azərbaycan dilinin sadə cümləsi haqqında tədqiqatları türkologiyada xüsusi qiymətləndirilən tədqiqatlardan biridir. N.Cəfərovun sözlərinə görə, görkəmli türkoloq vaxtı ilə Dilçilik İnstitutunda olan intriqaların qurbanlarından biri olub. Halbuki işin əsası elə qurulmuşdu və onun heç bir günahı yox idi. Millət vəkilinin sözlərinə görə, Zərifə Budaqova elə bir şəxsiyyətdir ki, heç nə onun adına ləkə sala bilməzdi: "O elə bir xanım, elə bir dilçi, elə bir rəhbər olub ki, heç vaxt öz şəxsiyyətini ayağa verməzdi. Ən mürəkkəb dövrdə fəaliyyət göstərib, bütün haqsızlıqlara qarşı mübarizə aparıb. Zərifə xanım Dilçilik İnstitutuna rəhbərlik edən vaxtlarda mən institutda bir-iki il işlədim. Sonradan da çox yaxşı münasibətlərimiz yarandı. Zərifə Budaqovaya hər zaman böyük hörmətim olub və onu həmişə minnətdarlıqla anıram. Bilirsiniz ki, o, görkəmli akademikimiz Budaq Budaqovun həyat yoldaşı idi. Hər ikisinin bizim elmimizdə yüksək yeri olan alimlərdir. Zərifə Budaqovanın həyatdan çox tez getməsini təəssüflə vurğulayan millət vəkili deyib ki, onun yeri bu gün də görünür: "O yaşasa idi, Azərbaycan dilçiliyi ilə bağlı çox işlər görə bilərdi. Xüsusi ilə də təşkilatçılıq baxımından əvəzsiz adam idi”.

Şəymən