Mütəxəssis tapmırıq xaricdən müəllimləri dəvət etməliyik

Universitetlərdə İT mütəxəssisləri hazırlanmalıdır








"Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün əmək bazarında 150-200 min İnformasiya Texnologiyaları mütəxəssisinə ehtiyac var”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı-direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,5 minə yaxın bu cür mütəxəssis var: "Bu, o demək deyil ki, biz bu vəziyyətdən çıxa bilmərik. Biz xaricdən bizə lazım olan mütəxəssislər cəlb edə bilərik. Eyni zamanda, ölkədəki kadrların başqa ölkələrə getməməsi üçün tədbirlər görə bilərik”.
Yaranmış durumu "Şərq”ə dəyərləndirən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu sahədə ciddi kadr çatışmazlığının olduğunu təsdiqləyib. Ekspertin sözlərinə görə, İT mütəxəssisləri defisitdir: 

"Hazırda tələb təklifi ödəmir. İki il əvvəl xeyli sayda savadlı İT mütəxəssisi ölkəni tərk etməyə məcbur oldu. Buna səbəb yaranmış iqtisadi problemlər fonunda İT şirkətlərinin bağlanması idi. Həmin şirkətlər dövlət sifarişləri ilə fəaliyyət göstərdikləri üçün özlərinə oturuşmuş bir infrastruktur qurmamışdılar. Ona görə də dövlətdən qrant ala bilməyən şirkətlərin böyük əksəriyyəti ixtisara düşdü. İxtisara düşən İT mütəxəssislərinin çoxu özlərinə uyğun normal iş tapa bilmədiklərinə görə xaricə üz tutdular. Burada gizli şey yoxdur. Biz ölkəni tərk edən mütəxəssislərlə bağlı araşdırma aparmışıq və reallığı görmüşük.
İndi situasiya çox gərgindir. Bizə çox mütəxəssis lazımdır. Təəssüflər olsun ki, adicə dijital marketinq sahəsində çalışa bilən mütəxəssis də tapmırıq”.

O.Gündüz bildirib ki, problemi aradan qaldırmaq üçün universitetlərdə İT mütəxəssisləri hazırlanmalıdır: 

"Bu işin keyfiyyəti artırılmalı, proqramlara əl gəzdirilməlidir. Xaricdən müəllimləri dəvət etməliyik. Ola bilsin, bizdə elə adamlar var ki, onların pedaqoji fəaliyyəti yoxdur, amma İT sahəsində yüksək təcrübəyə malikdir. Onları da ali təhsilə cəlb etmək, yaxşı proqramçılar hazırlamaq vacibdir. Artıq bir sıra universitetlər bu sahədə fəaliyyət göstərməyə başlayıb. Məsələn, Mühəndislik Universiteti, Sənaye Neft Akademiyası, Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Qərbi Kaspi Universiteti İT sahəsində mütəxəssislər hazırlayırlar. 

Ancaq onların texniki-maddi bazası güclənməlidir, işlər daha da canlanmalıdır. Ümumiyyətlə, İnformasiya Texnologiyalarının özü bir qədər inkişaf etdirilməlidir. Rəqabətli mühit formalaşmalı, şirkətlərin durumu yaxşılaşmalıdır”. 

Ekspertə görə, əsas məsələ iş müqabilində ödənilən əməkhaqqının miqdarıdır: 

"Şirkətlər mütəxəssislərə normal maaş vermək gücündə olmalıdır. Problem məhz əməkhaqqı ilə bağlıdır. Maaş az olduğu üçün mütəxəssislərimiz ya xaricə köçürlər, ya da burada oturub xarici şirkətlərin sifarişlərini həyata keçirirlər. Əgər bizdəki şirkət həmin mütəxəssisə min manat məvacib verirsə, xarici təşkilat beş min dollar ödəyir”.

İsmayıl