Köçəryan fəallaşır

Sarkisyan yeni sürprizlərə hazır olmalıdır



Ermənistanın ikinci prezidenti Robert Köçəryan sonuncu müsahibəsində ölkədə baş verən bir çox məsələlərə münasibət bildirib. Sabiq prezident indiki dövlət başçısı Serj Sarkisyanın bu yaxınlarda onun ünvanına səsləndirdiyi fikrə sərt reaksiya verib.

Ermənistanın hakim Respublika Partiyası Şurasının son iclasında çıxışı zamanı prezident S.Sarkisyan sizin ünvanınıza çox şəffaf şəkildə işarə edərək dedi ki, bəzi sabiq yüksək vəzifəli şəxslər öz uğurlarını indiki hakimiyyətin uğursuzluqlarında axtarırlar” sualına R.Köçəryan belə cavab verib: "Onunla mübahisə etmək fikrində deyiləm. Söhbət onun subyektiv fikirlərindən gedir. Üstəlik, mənim Ermənistanda və "DQR”də ali dövlət vəzifələrindəki fəaliyyətim indiki hakimiyyətin fəaliyyətindən asılı olmayıb. Təəssüf edirəm ki, prezident ölkənin taleyinin indiki hakimiyyətin acınacaqlı fəaliyyətinin nəticələrindən asılı olmasından narahatlıq keçirmir”.

Hər iki prezidentlərin səhra komandirləri olduğunu deyən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, Xocalı soyqırımını törədən məhz onlar olub: "Qarabağ probleminin yaranmasında bu iki tipin "əhəmiyyətli” rolu olub. Qarabağ klanının Ermənistan siyasətinə yiyələnməsinə təkan veriblər. Köçəryan prezident olanda Sarkisyan müdafiə naziri idi. İndi də aralarında konflikt yaranıb. Buna səbəb odur ki, yerli ermənilər ayılıblar. Ermənistanda yerli, gəlmə məsələsi aktuallaşıb. Ermənistanın uğursuzluqlarını hazırkı prezidentin ayağına yazırlar”.

Ekspert onu da əlavə edib ki, Ermənistanda siyasi sürprizlər gözləmək olar: "Sarkisyanın ayaqlarının altındakı torpaq titrəməkdədir”.

Ayyət Əhməd